Gündəlik həyatda hər birimiz ətirlərdən istifadə edirik. Amma işlətdiyimiz ətirlərin tərkibində nə qədər zərərli maddələrin olduğundan çoxumuz xəbərsizik. Çünki bəzən ətir alan zaman saxta ətirləri orijinal ətirlərdən fərqləndirmək çətin olur. Bundan başqa, ölkənin parfüm bazarında hegemonluq edən bəzi firmalar cəlbedici reklamları və saxta endirim kampaniyaları ilə sanki müştərilərin gözünü bağlayır.
Hazırda parfüm və kosmetik vasitələrin satışı ilə məşğul olan iki firma- “İdeal” və “Sabina” bazarda əməlli-başlı monopoliya yaradıb və özünə kifayət qədər müştəri cəlb etməyi bacarıb. Əlbəttə ki, şirnikləndirici endirim kampaniyaları və digər vasitələrlə. Vurğulayaq ki, aidiyyəti dövlət qurumlarının rəsmiləri ölkədə saxta ətir biznesi quran, saxta kosmetik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı mütəmadi olaraq mübarizə tədbirləri həyata keçirirlər. Məsələn, keçən il ölkə polisi yarım tondan çox keyfiyyətsiz ətir müsadirə edib.
Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, idarə əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhərin 9-cu məhəlləsinin ərazisində şəhər sakini Xəqani Qasımova məxsus qarajda Samir İsrafilova və Bakı şəhər sakini Namiq Vəliyevə məxsus mənşəyi bilinməyən və keyfiyyətsiz 13 ədəd 5 litrlik və 600 ədəd 1 litrlik qablarda (ümumilikdə 665 litr) ətir aşkar edilərək götürülüb. Amma hansısa səbəblər üzündən əlaqədar qurumlar parfümeriya və kosmetik maddələrin satışını həyata keçirən iri firmaların fəaliyyətini dərindən araşdırmır. Halbuki, bu gün həm “İdeal”, həm də “Sabina” firmasının mağazalarında bir sıra qanunsuzluqlar mövcuddur. Bura qiymətlərin həddən artıq baha olması, müştərilərə təklif olunan məhsullardakı keyfiyyətsizlik və sair məsələlər daxildir.
İrəli sürülən ittihamlara görə, “İdeal” və “Sabina” mağazalar şəbəkəsinin satışa çıxardığı məhsulların xeyli hissəsi saxtadır: “Buna baxmayaraq, həmin nöqsanların üstü ört-basdır edilir. “İdeal” mağazalar şəbəkəsində müştərilərə təklif edilən ətir və kosmetik vasitələrin qiyməti baha olsa da, keyfiyyəti çox aşağıdır. “Chanel”, “Dior”, “Lancome”, “Guerlain”, “Bourjois”, “Calvin Klein”, “Collistar”, “Chopard”, “Gucci”, “Burberry”, “İsadora”, “Hugo Boss”, “Kenzo”, “Lacoste”, “Lanvin”, “Lumene” kimi brend ətirlərin qiyməti qramından asılı olaraq 70-250 manat arasında dəyişir. Parfümeriya məhsullarına gömrük rüsumu elə də böyük deyil. Məsələn, ətirlər üzrə gömrük rüsumu 3303 00 100 0 kodu ilə 15 faiz, tualet suyu 3303 00 900 0 kodu ilə yenə 15 faiz təşkil edir.
Digər kosmetika növləri üzrə rüsum da 15 faizdir. Bura 18 faiz əlavə dəyər vergisini də əlavə etdikdə, yenə də qiymətlər “İdeal” mağazalarındakından aşağı olur. “İdeal” və “Sabina” ətirləri birbaşa Fransadan gətirdiyini iddia eləsə də, verilən məlumatlara görə, idxalın ünvanı Dubay və Çindir. Dubayda “Lanvin” ətirinin 50 ml-lıq həcmdə olanı 6 dollardır. “İdeal”da həmin ətiri 30 manata belə almaq mümkün deyil. “İdeal” da 100 ml-si 169 manat təşkil edən “Escenrtric Molecules” şirkətinə məxsus “Molecule 01″ ətri digər dükanlarda 50 manat, Dubayda 45 dollardır. Pərakəndə ticarət dövriyyəsinin mallar üzrə bölgüsünə əsasən, ətriyyat-kosmetika mallarının dövriyyəsi 0,67 faiz təşkil edir. Hansı ki, bu rəqəm heç də kiçik deyil.
Göründüyü kimi, biznesin subyektləri kifayət qədər gəlir əldə edə bilirlər. Belə halda bahalı qiymət siyasəti yeritməklə sadəcə olaraq, əhalinin cibinə girirlər”. Onu da bildirək ki, “İdeal” və “Sabina” mağazalarında ana dilimizə qarşı hörmətsizlik edilir. Belə ki, sözügedən firmaların satışa çıxardığı məhsulların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərdədir. Lakin firma rəhbərləri buna əhəmiyyət belə vermirlər.
Müştərilər dəfələrlə bununla bağlı iradlarını bildiriblər, amma heç bir xeyri olmayıb. Sözügedən parfümeriya mağazalarının rəsmiləri buradakı bütün ətirlərin sertifikatının olduğunu və rəsmi distrübitorlardan alındığını iddia edirlər. Əslində isə, vəziyyət tamam başqa cürdür. Məlumata görə, bu mağazalarda satılan ətir və kosmetikaların əksəriyyəti ya Dubaydan, ya da Çindən gətirilir. Yəni həmin məhsulların yetərli hissəsi saxtadır. Qeyd edək ki, saxta ətirlər və kosmetik maddələr isə insan orqanizmi üçün olduqca zərərlidir.
Həkim ekspertlərin fikrincə, saxta ətirlər dəri ilə təmasda olduqda allergik reaksiya verir. Müxtəlif dermotozlar, qaşınmalar, dərinin qurulanması problemlərini əmələ gətirir: “Bundan başqa, mənşəyi bilinməyən ətirlər piqment ləkələrin və xərçəngin əmələ gəlməsinin başlıca səbəblərindəndir. Ətriyyatın tərkibində xüsusi maddələr var ki, bu maddələr insan orqanizminə təsir göstərə bilər.
Çünki onların tərkibində aşılayıcı maddələr var və bu maddələr hər orqanizmə bir cür təsir edir. Bu səbəbdən də çoxlu allergik xəstəliklərə, dəri xəstəliklərinə təsir edir. Küçələrdə, bazarlarda çox ucuz qiymətə ətriyyatlar satırlar və onlar həm spirt məhlulu şəklində və yağlar şəklində satılır.
Bunlardan istifadə edərkən seçimi düzgün etmək lazımdır”. Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsində saxta ətirlərin satışı ilə məşğul olan şəxslərin 1500 manatdan 3000 manatadək cərimələnməsi nəzərdə tutulsa da, bazarlara saxta ətirlər daxil olmaqdadır. Odur ki, İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmiləri vaxt itirmədən “İdeal”, “Sabina” və parfümeriya satışı ilə məşğul olan digər mağazalarda yoxlamalara başlamalıdır.Yenilik.Az