Ramiz Mehdiyevin adamı “vuruldu”

6-02-2015, 10:44   
Ramiz Mehdiyevin adamı “vuruldu”
Torpaq və Xəritəçəkmə Komitəsi Kərəm Həsənovla Hüseynqulu Bağırov arasında bölüşdürüldü

Ölkə başçısı Ilham Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Bu fərmana görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülüb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Prezidenti Administrasiyasına təqdim etmək sahəsindəki funksiyalar Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.

Torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyaları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin payına düşüb. Bundan başqa dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işləri də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Sərhəd Xidmətinə tapşırılıb.

“Azadlıq” qəzeti bir neçə ay əvvəl yaxın vaxtlarda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv ediləcəyi barədə məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, Əmlak komitəsinin sədri Kərəm Həsənovla kənd təsərrüfatı naziri Heydər Əsədov sözügedən qurumun səlahiyyətlərini bölüşdürmək istəyir. Lakin görünür, Heydər Əsədovun səyləri nəticə verməyib və Qərib Məmmədovun komitəsi Kərəm Həsənovla Hüseynqulu Bağırov arasında bölüşdürülüb.


Onu da qeyd edək ki, Qərib Məmmədov Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə yaxın şəxs sayılır. Onun uzun müddət vəzifədə qalmasının səbəbi də bu idi. Beləliklə bu komitənin ləğvini həm də Ramiz Mehdiyevə sarsıdıcı zərbə hesab etmək olar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar