Mehriban Zeynalova Gültəkin Hacıbəylini məhkəməyə verir - FOTOLAR

6-02-2015, 18:52   
Mehriban Zeynalova Gültəkin Hacıbəylini məhkəməyə verir - FOTOLAR
Hüquq müdafiəçisi qalmaqallı yazı ilə bağlı mətbuat konfransı keçirdi; o, aznews.az-ın və Aynur İmranovanın da cəzalandırımasını istəyir

Fevralın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova aznews.az saytında “Mehriban Zeynalovanın adı insan alverində hallanır” başlıqlı yazı ilə əlaqədar mətbuat konfransı keçirib.

M.Zeynalova bildirdi ki, sədri olduğu qurumun işgüzar nüfuzuna zərər gətirən aznews.az saytını, həmçinin sosial şəbəkədə onun şəxsiyyətini alçaldan jurnalist Aynur İmranova və keçmiş deputat Gültəkin Hacıbəylini məhkəməyə verəcək: “Bəzi mətbuat orqanlarında Filippin vətəndaşı Fe Diaz Lliantonun öz ölkəsinə göndərilməsi barədə həqiqətə uyğun olmayan və “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin nüfuzuna xələl gətirməyə yönəlik məlumatlar yayılıb. DİN-in Baş Pasport və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10.06.2013-cü il tarixdə keçirilmiş tədbirlər nəticəsində Filippin Respublikasının vətəndaşı, 13.08.1985-ci il təvəllüdlü Fe Diaz Llianto Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 35, mənzil 16 ünvanında müəyyən edilib. O, üzərində zorakılıq əlamətləri olması və azadlığının məhdudlaşdırılaraq işlərin yerinə yetirilməsinə məcbur edilməsi barədə verdiyi məlumatlar əsasında insan alveri cinayətinin qurbanı olmasının müəyyən edilməsi məqsədi ilə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim edilib. 11.06.2013-cü il tarixdə Llianto Fe Diaz İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək qeyd olunan ünvanda məcburi əməyə məruz qaldığını bildirib, faktla bağlı 25.06.2013-cü il tarixdə istintaq şöbəsində Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Fe Diaz Lliantonun qanunvericilikdə müəyyən edilmiş qaydada 24.03.2014-cü il tarixədək Azərbaycanda müvəqqəti yaşamaq hüququ əldə etməsi təmin edilib. Daha sonra həmin müddət 14.11.2015-ci il tarixədək uzadılıb. İlkin mərhələdə zərərçəkmişin müdafiəsi “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilib. Reablitasiya və reinteqrasiya işinə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi cəlb olunub və zərərçəkmiş həmin təşkilatın sığınacağında yerləşdirilib. Sığınacaqda yaşadığı müddətdə Llianto Fe Diazın hərəkət sərbəstliyi təmin edilib, mobil telefon vasitəsilə istədiyi şəxslə əlaqə yaratmaq imkanı olub. 12.02.2014-ci il tarixdə istintaq yekunlaşaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Keçirilən məhkəmə baxışının nəticələri əsasında 22.05.2014-cü il tarixdə qəbul olunmuş hökmlə Azərbaycan Respublikası vətəndaşı Mehdiyeva Aynur Lətif qızı CM-nin 144-1.2.8 və 144-2.1 maddəsi ilə cinayət törətməkdə təqsirli bilinərək 8 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, himayəsində 2 azyaşlı övladı olduğu nəzərə alınaraq ona sınaq müddəti verilib. Bundan sonra Fe Diaz Llianto çıxarılan hökmlə razılaşmayaraq 05.06.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlayıb. Fe Diaz Llianto insan alveri qurbanı qismində tanınaraq onun barəsində qüvvədə olan, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sosial reblitasiya tədbirləri tam şəkildə həyata keçirilib. Ona sosial, tibbi, hüquqi, psixoloji, maddi yardımlar göstərilib, müvəqqəti yaşama yeri ilə təmin edilərək birdəfəlik müavinət ödənilib. Əcnəbi şəxs Fe Diaz Llianto Azərbaycanda daim yaşamaq hüququ əldə etmək məqsədi ilə dəfələrlə Dövlət Miqrasiya Xidmətinə müraciət edib, lakin ona bu icazə verilməyib”.

M.Zeynalova saytın Lliantonun guya onun deportasiya etdirdiyi haqda yazılar yazdığını dedi: “Həmin sayt yazır ki, guya Lliantonun deportasiya edilməsində mənim əlim var. Fe Diaz Llianto 06.01.2015-ci il tarixdə ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək öz ölkəsinə könüllü olaraq qayıtmaq istədiyini bildirib. Onun müraciəti nəzərə alınaraq nəqliyyat və digər xərcləri tam ödənilərək Nazirlər Kabinetinin 2013-cü il 10 sentyabr tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının repatrasiya qaydaları”na əsasən 06.01.2015-ci il tarixdə saat 17:15-də Bakı-Doha-Manila aviareysi ilə öz ölkəsinə qayıdışı təmin edilib. Ancaq təəssüf ki, 03.02.2015-ci il tarixdə aznews.az saytında “Mehriban Zeynalovanın adı insan alverində hallanır” başlıqlı yazıda bu məqamlar əksini tapmayıb. Sayt yazıb ki, guya onlar facebook vasitəsi ilə Llinin özündən müsahibə alıblar. Bu mümkün deyil. Çünki onun bacısı heç 10 gün deyil ki, doğuş zamanı övladı ilə birlikdə ölüb. Onun facebook arxasına keçib müsahibə verməsi qeyri-mümkündür. Sayt yazını yazarkən mənim də mövqeyimi ala bilərdi. Onlar “Təmiz dünya”nın, həm də mənim peşəkar və işgüzar nüfuzuma ciddi zərər vurub. Həmçinin Gültəkin Hacıbəyli və Aynur İmranova da sosial şəbəkədə mənim işgüzar nüfuzuma ziyan vuran ifadələr işlədiblər. Buna görə də həm saytı həm də bu iki xanımı məhkəməyə verəcəyəm. Biz məhkəmədə saytın bağlanmasını tələb edəcəyik. Artıq məhkəməyə müraciət üçün sənədlər hazırdır”.
/musavat.com/
Günel MANAFLI,
Fotolar müəllifindir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar