“Ermənistan prezidenti qanunsuz silah satışı aparır”.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu bəyanatla Helsinki Vətəndaş Assambleyası Vanadzor Ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakuns çıxış edib.
A. Sakuns Ermənistan rəhbərliyi tərəfindən Gürcüstana silah satışının həyata keçirildiyini açıqlayıb. O bildirib ki, qanunsuz silah satışında bir nəfər günahkar tanınıb – Vanik Manukyan. Onun məhkəmə iclası da qapalı və sürətlə keçirilib. Vəzifəli şəxslər barədə təqiblərin həyata keçirilmədiyini bildirən A. Sakuns onların öz vəzifələrində qaldıqlarını vurğulayıb.
O bu prosesdə Ermənistan Daxili Qoşunlarının keçmiş komandanı Qareqin Qabrielyanın, Ermənistan Polisinin rəis müavini Ovanes Unanyanın, müdafiə nazirinin müavini Alik Mirzəbekyanın, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Departamentinin Texniki Silahlanma İdarəsinin rəisi Serob Abramyanın iştirak etdiklərini bildirib.
“Onlar bu silahları Gürcüstana satıb böyük gəlir əldə etdilər. Bir nəfər Ermənistandan o qədər silahı çıxarmağı necə bacardı? Bu işdə iştirak edən müdafiə nazirinin müavini Alik Mirzəbekyan məsuliyyətə cəlb edilmədi, əksinə yeni vəzifə aldı. İndi o, Baş Qərargahın rəis müavinidir”, - deyə Sakuns vurğulayıb.
Hüquq müdafiəçisi bütün bunların Ermənistan prezidenti Serj Sarkisyana bağlı olduğunu deyib. O qeyd edib ki, korrupsiya cinayət işləri üzrə cəlb edilmiş insanlar öz vəzifələrində qalırlar, vəziyyət bu qaydada da davam edəcək:
“Nizamnamə münasibətlərinin pozulmasının səbəbi bundan ibarətdir. Korrupsiyanın xaç atası – Ali Baş komandan onları himayə edir. Bizi isə vətən xaini adlandırırlar. İndii vətən xaini kimdir? Kim qonşu ölkələrə silah satışını reallaşdırır? Biz bilmirik, məhz bu silahlar Gürcüstandan hara gedəcək - Azərbaycana, yoxsa Türkiyəyə...”