Dövlət qurumlarının ləğvinə start verildi
Neftin qiymətdən düşməsinin yeganə müsbət cəhəti bu oldu ki, hökumət əhəmiyyətsiz layihələrə milyonlar xərcləndiyini, ölkədə israfçılığın kəllə-çarxa çıxdığını, valyuta ehtiyatlarımızın artmayacağını etiraf etdi. Yəni dünənə qədər bizim yazdıqlarımıza “ölkədəki inkişafı gözləri götürmür” arqumenti ilə cavab verənlər, bugün dodaqları əsə-əsə təsdiqlə məşğuldular. Vəziyyət o həddə çatıb ki, ölkədə kök salmış qurumlar da ləğv olunur.
Belə ki, bir neçə gün öncə Azərbaycan prezidenti Ilham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”nda dəyişiklik edilməsi haqqında sərəncam verdi. Sərəncama əsasən Bakı şəhəri Vergilər Departamenti ləğv edildi. Ötən gün prezident fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirildi.
Əvvəla qeyd edək ki, uzun illər ərzində müxtəlif beynəlxalq təşkilatlar, yerli ekspertlər lazımsız strukturların ləğv edilməsi haqqında tövsiyə və təkliflərini hökumətin diqqətinə çatdırıb. Bugün ölkədə kifayət qədər bir-birini təkrarlayan, eyni funksiyanı yerinə yetirən strukturlar fəaliyyət göstərir. Təbii ki, bu strukturlar islahat, inkişaf məqsədi ilə deyil, dövlət büdcəsindən daha çox vəsait mənimsəmək üçün yaradılıb. Hansıki, bu mənasız layihələrə xərclənən vəsaitləri real iş yerlərinin açılmasına, bölgələrdə vəziyyətin yaxşılaşdırılmasına, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına sərf etmək olardı.
Indiki halda bu strukturların ləğv olunması da hansısa islahatın həyata keçirilməsi deyil. Sadəcə olaraq neftin qiymətdən düşməsi, iqtisasdiyyatı neftdən asılı olan dövlət üçün böyük zərbədir. Yəni büdcəni ciddi “zəlzələ” gözləyir və buna görə də çıxış yolu kimi bəzi qurumlar ləğv olunur.
Amma məsələnin daha mühüm bir tərəfi var. Ilham Əliyev bu sərəncamlarla həm də küləvi işsizliyə start verir. Məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nəzdində müxtəlif struktrular var, bu komitənin rayonlarda şöbələri fəaliyyət göstərir və s. Deməli, bu ləğv sərəncamı təkcə bir qurumda minlərlə insanın işsiz qalması deməkdir.
Bu qədər açıq tənəzzüldən sonra yenə də işsizliyin səviyyəsinin azalmasından, yeni iş yerlərinin açılmasından danışacaqlar.
Neft təbii sərvətdir, yəni onun yaranması, dünyada ehtiyac duyulan bir sərvətə çevrilməsi hakimiyyətin xidməti deyil. Sadəcə olaraq Azərbaycana milyardlarla vəsaitin axması təbii idi və bunu fürsət bilmək lazım idi. Indiki vəziyyət də sübut etdi ki, bu illər ərzində heç bir iş görülməyib. Sadəcə lazımsız strukturlar yaradılıb, pullar havaya sovrulub.
Yəqin ki, Ilham Əliyevin “ləğvetmə əməliyyatı” bununla da yekunlaşmayacaq. Daha dəqiq ifadə etsək, Ilham Əliyev “1 milyondan çox iş yeri”ni qapadmağa başlayıb. Hansıki, monopoliyalar olmasaydı, azad sahibkarlığa şərait yaradılsaydı, kənd təsərrüfatının bütün istiqamətləri məqsədyönlü şəkildə inkişaf etdirilsəydi, nə bir-birini təkrarlayan strukturların yaranmasına, nə də bu strukturlarda çalışanların işsiz qalmasına ehtiyac olmazdı.
Əslində, baş verənlər yarıtmaz siyasətin “ağ bayraq” qaldırmasıdır.