Şöbə müdiri Anar Əhmədovun xoşagəlməz əməlləri rayonda narazı təbəqə yaradıb Dəfn pulu və digər müavinətlərin verilməsində ciddi problemlər mövcuddur Əyalətlərdə kasıb və nisbətən savadsız insanların idarə müdirləri tərəfindən aldadılması faktları kifayət qədərdir. Hər hansı bir problemlə bağlı idarələrə üz tutan vətəndaşları aldatmaq, onları süründürməçiliyə məruz qoymaq və get-gələ salmaq bəzi məmurlar üçün elə də çətin məsələ deyil. Söz yox ki, son illər əhalinin sosial müdafiəsi sahəsində bir sıra uğurlu işlərə imza atılıb, bunun nəticəsində əhalinin pensiya alan təbəqəsinin sosial durumu ötən illərlə müqayisədə xeyli yaxşılaşıb. Həyata keçirilən müxtəlif təqdir olunası tədbirlərlə yanaşı, bəzi rayonlarda hələ də problemlər qalmaqdadır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bəzi şöbələrində vətəndaşların incidilməsi artıq adi hala çevrilib. Fondun Hacıqabul Rayon Şöbəsində bir sıra ciddi nöqsanlar mövcud olduğundan rayon camaatı sözügedən idarənin rəhbərindən gileylənirlər. Redaksiyamıza daxil olan məlumatlara görə, şöbənin müdiri Anar Əhmədov işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinət alarkən süni əngəllərlə qarşılaşmalı olurlar. Şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, haqlı-haqsız onlardan nələrsə istənildiyini qeyd edən şikayətçilər iddia edirlər ki, artıq hacıqabullular DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər. Xalqxeber.Az-a verilən məlumatda qeyd olunur ki, heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul Rayon Şöbəsində adi hala çevrilib: "Şöbənin rəhbəri maraqlarını təmin etmək, məqsədini reallaşdırmaqdan ötrü az qala hər vasitədən, hətta rayonun güc strukturlarının adından da istifadə etməkdən çəkinmir. Təqaüdlərin bəzi yollarla artırılması qanunazidd əməl, dövlətə vurulan ziyan kimi qiymətləndirilməlidir. Hacıqabulda təqaüd almaq arzusunda olanlar bu istəklərini çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi tərəfindən irəli sürülən "şərt"lərə əməl etmək kifayətdir. Anar Əhmədov camaatın problemlərini həll etmək əvəzinə əhali üçün yeni-yeni qayğılar yaradır. Lakin bütün bunlara baxmayaraq, nədənsə heç kim ona irad tutmur, yol verdiyi nöqsanlara reaksiya vermir". Verilən məlumata əsasən, DSMF-nin digər rayon şöbələrində olduğu kimi, Hacıqabul şöbəsində də vətəndaşların aldadılması prosesi həyata keçirilir: "Şöbədə mövcud olan problemlərdən biri də dəfn pulunun verilməsi ilə bağlıdır. Bildiyiniz kimi, ölüm sosial sığorta hadisəsi hesab olunur və dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür. Amma Hacıqabulda ölüsü ölən şəxs dövlətin yaratdığı bu imkandan yararlana bilmir. Şöbə müdiri baş mühasiblə əlbir olaraq insanları dəfn pulunu almaq hüququndan məhrum edirlər. Daha doğrusu, vətəndaşlar dəfn üçün ayrılan müavinətin çox cüzi hissəsini ala bilir. Qanuna görə, dəfn pulu 300 manat olmalıdır. Hacıqabulda isə ölüsü ölən şəxslər cəmi 150 manat, hətta bundan da az dəfn pulu alırlar. Şöbədə açıq-aşkar şəkildə özbaşınalıq cərəyan edir. Əgər kimsə təqaüdə çıxan zaman iş fəaliyyətini daha çox yazdırmaq istəyirsə, o zaman Anar müəllimlə müəyyən "söhbət" etməli və sonda əldə olunan razılaşmaya "hə" deməlidir. Rayon camaatı da təsdiqləyə bilər ki, bu gün Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul şöbəsində əlavə iş stajı hazırlamaq heç də böyük problem deyil. Bunu həll etmək olduqca asan məsələdir. Sadəcə olaraq, lazımi adamlarla lazımi formada danışmaq gərəkdir". Qeyd edək ki, yerli camaatın şöbə müdirindən şikayətlərinin ardı-arası dayanmaq bilmir. Onlar bildirirlər ki, Anar Əhmədovun əlindən pensiyalarını ala bilmirlər. Pensiya alınması ilə yanaşı, ona nail olmaq üçün isə bir xeyli pul tələb edilir. Hacıqabul sakinləri deyirlər ki, Anar Əhmədov əməlləri ilə rayonda narazı təbəqə yaradır: "Şöbə müdiri hər bir iş üçün ayrıca məzənnə təyin edib. Məhz buna görə də Hacıqabulda pensiya almaq istəyənlər bütün hallarda müdirin qoyduğu məzənnəyə uyğun hərəkət etməlidirlər. Şöbədə vətəndaşlara əlavə "staj" yazmaqla onların pensiyalarının artırılması da mümkündür. Əgər "staj"la bağlı problem yoxdursa, vətəndaş bütün hallarda Anar Əhmədova nəysə verməlidir. Yoxsa pensiya alınmasında ciddi əngəllər ortalığa çıxa bilər". Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənməyə cəhd göstərsək də, bir nəticə vermədi. Buna baxmayaraq, şöbə müdirinin də fikirlərini dərc etməyə hazırıq. Ümid edirik ki, DSMF sədri hörmətli Elman Mehdiyev yazdıqlarımızı tez bir zamanda araşdırıb şöbə müdirinin barəsində lazımi tədbirlər həyata keçirəcək. Xalqxeber.Az