Hökumətin “kəmərsıxma” siyasəti “paket maaş” alanları da vurdu

8-02-2015, 13:39   
Hökumətin “kəmərsıxma” siyasəti “paket maaş” alanları da vurdu
Vüqar Bayramov: “Bu il “paket maaşlar”ın və 13-cü əməkhaqlarının veriləcəyi gözlənilmir”

Son aylarda dövlət qurumlarında çalışanların rəsmi əmək haqqından əlavə aldıqları “paket maaşlar”ın verilməsi ilə bağlı problem yaşanır.

Musavat.com-a daxil olan məlumatlara görə, əksər qurumlarda “paket maaşlar” ləğv olunub. Bunun səbəbi isə neft gəlirlərinin azalması ilə əlaqədar hökumətin “kəmər sıxma”siyasətinə keçməsidir.

Bir tərəfdən, rəsmi qurumlarda işçilər ixtisar olunur, paralel idarəetmə orqanları ləğv edilir. Digər tərəfdən isə hər ay büdcədən milyon manatlarla vəsaitin sərf edilməsin səbəb olan qeyri-leqal xərclər aradan qaldırılır.

Mövcud durumu təhlil edən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, bu, məqbul bir addımdır və vergidən yayınan vəsaitlərin həcminin azalmasına gətirib, çıxaracaq: “Paket maaşlar”ın verilməsi həm də dövlət sektoru ilə özəl sektor arasında müəyyən bir diskriminativ münasibətin yaranmasına səbəb olur. Bu baxımdan, “paket maaşlar”ın ləğvi məqsədəuyğundur. Dövlət qurumlarında çalışan şəxslərin əməkhaqları “paket maaşlar”ına uyğun şəkildə rəsmiləşdirilsə, vergiyə cəlb olunma baxımından, daha yaxşı olar.

Nəzərə alsaq ki, neftin qiyməti aşağı düşüb, bu baxımdan, dövlət büdcəsindən maliyyələşən qurumlarda verilən əlavə vəsaitlərin ləğv ediləcəyi əvvəldən proqnozlaşdırılırdı. Ötən ilin sonlarından başlayaraq, büdcə daxilolmalarında azalmalar var və hökumət bəzi xərclərdən yayınaraq, qənaət etmək məcburiyyətindədir. Ancaq bu ilin dövlət büdcəsinə nəzər salsaq, “paket maaşlar”ın ləğv edilməsinə baxmayaraq, digər vəsaitlərin ödənilməsində problem olmayacaq. Ancaq “paket maaşlar”ının və 13-cü əməkhaqlarının veriləcəyi gözlənilmir. Bu tipli qeyri-leqal ödənişlər ləğv ediləcək. Ancaq dövlət qurumlarında rəsmi əməkhaqlarının ödənilməsi ilə bağlı problem olmayacaq”.

Vüqar Bayramov onu da bildirdi ki, hökumətin büdcəyə qənaətlə bağlı atdığı addımlar sırasında işçilərin ixtisarı və paralel qurumların ləğvi məsələsi də mühüm yer tutur: “Azərbaycanda struktur islahatlarına ehtiyac var və bu cür islahatların aparılması, əslində, bizim hazırladığımız “Azərbaycan Respublikasının Antikorrupsiya Strategiyası” layihəsində yer alıb. Biz bir sıra qurumların ləğvini təklif etmişdik. O, cümlədən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilərək, Əmlak Məsələləri Komitəsinə birləşdirilməsi də bu təkliflərdən biri idi. Həmin təkliflər sırasında enerji və su sektorunda idarəetmənin təmərküzləşməsi, vahid qurumun yaradılması və digər islahatların aparılması da var idi. Artıq hökumət həmin təkliflərin reallaşmasına can atır. Dövlət gəlirlərinin azalması fonunda bu islahatların aparılması qaçılmazdır”.

Nərgiz Liftiyeva
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.