Hakimiyyət üçün ziddiyyətli bir həftə başlayır; iki gün sonra cənab Sekuta öz missiyasına başlayacaq; eyni vaxtda isə Konqresdə ölkəmizdə insan haqlarına dair dinləmələr nəzərdə tutulub...
Bu həftə Azərbaycan-ABŞ münasibətlərinə əhəmiyyətli təsir göstərə biləcək iki hadisə gözlənilir. Onlardan birinin anonsu artıq verilib. Biri odur ki, fevralın 12-də ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta Bakıya gələcək və öz diplomatik missiyasına başlayacaq.
Qeyd edək ki, Sekuta hələ ötən yay öz postunu vaxtından əvvəl tərk eləmiş, həm də qalmaqallı açıqlama ilə tərk eləmiş sələfi Riçard Morninqstarı əvəzləməlidir. Təkcə əvəz eləməməli, eyni zamanda ikitərəfli münasibətlərdə həmin açıqlamadan dolayı yaranmış soyuqluğu aradan qaldırmağa nail olmalıdır.
Ötən yazılarımızın birində qeyd eləmişdik ki, Robert Sekuta Bakıya barışla gəlir və bunu da ən əvvəl onunla əsaslandırmağa çalışmışdıq ki, hazırda Birləşmiş Ştatlar və Azərbaycan bir-birinə heç vaxt olmadığı qədər ehtiyac duyur, bu ehtiyac fonunda isə universal dəyərlər bir az da ikinci plana sürüşmüş kimidir.
Hər halda, səfirin gəlişi Azərbaycan da daxil, bütövlükdə Cənubi Qafqaz ətrafında kifayət qədər qəliz proseslərin getdiyi dönəmə təsadüf edir. Sekutanın səfirlik dövrü (nəzəri olaraq 3 il) heç şübhəsiz, iki ölkə münasibətləri tarixinə həlledici müddət kimi düşəcək. Önümüzdəki bir neçə ildə, mümkündür ki, hətta 2015-ci il Azərbaycanın xarici siyasət oriyentasiyasında mühüm dəyişiklik baş versin. Bu dəyişikliyi diktə edən ən önəmli faktor ABŞ-Rusiya münasibətlərinin Ukrayna böhranı səbəbindən sürətli inkişaf dinamikasıdır, Qərbin getdikcə sərtləşən sanksiyalar siyasəti və yeni “soyuq savaş”ın cari ildə pik nöqtəyə çatma ehtimalının reallığıdır.
Yeni səfirin fəaliyyətində bu amillər, sözsüz ki, mərkəzi yer tutacaq. Deməli, Azərbaycana, onun daxili və xarici siyasətinə, strateji seçim məsələsinə Birləşmiş Ştatların yanaşmasında həmin amillərdən doğan özünəməxsus ştrixlərin vurulmasının şahidi ola bilərik. O sırada Dağlıq Qarabağ ixtilafının həll perspektivi üçün Ukrayna kontekstində təzə və optimal bir geosiyasi müstəvinin cızılacağı istisna deyil.
Bu xüsusda ABŞ-ın Ermənistandakı yeni səfiri Riçard Maylzın Azərbaycandakı təzə səfir Sekuta ilə eyni vaxtda Ermənistana yola düşməyə hazırlaşması da diqqət çəkir. O da bu həftə öz missiyasına başlayacaq. Sözgəlişi, cənab Maylz yola düşməzdən qabaq ABŞ Konqresindəki andiçmə zamanı Ermənistandakı fəaliyyətində prioritet məsələ kimi amerikalı həmsədr Ceyms Uorliklə koordinasiyalı şəkildə Qarabağ probleminin həllinə böyük diqqət ayıracağını bəyan edib.
***
Bu həftə Azərbaycanla bağlı ikinci mühüm hadisə isə ABŞ Konqresində ölkəmizdə insan haqlarına dair keçiriləcək dinləmələr olacaq. Dinləmələr Konqresin Nümayəndələr palatasının xarici əlaqələr komitəsinin xarici siyasət altkomitəsində keçiriləcək. “Azərbaycan-ABŞ: təhlükəsizlik, energetika və insan haqları” mövzusunda reallaşacaq bu dinləmələrdə tanınmış ekspertlər, diplomatlar və təhlilçilər iştirak edəcək.
“Turan”ın Vaşinqton müxbirinin verdiyi xəbərə görə, məruzəçilər sırasında ABŞ-ın Bakıdakı sabiq səfiri, hakimiyyətin sərt tənqidçilərindən sayılan Riçard Kozlariç, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz institutunun eksperti Odri Olştad və başqaları olacaq.
Yəni söhbət əslində Sekutanın Bakıya gəlişinin yaradacağı pozitiv siyasi effekti haradasa azaldacaq bir tədbirdən gedir. Dinləmələrin vaxtının məhz bu həftəyə təyin edilməsinin təsadüf olub-olmadığını söyləmək çətindir, ancaq Bakı-Vaşinqton münasibətlərində yaranmaqda olan ilıqlaşma tendensiyası ilə o, ziddiyyət təşkil edir.
Yenə bu, hansısa QHT-nin təşəbbüsü olsaydı, onun nəticələri ikinci dərəcəli sayıla bilərdi. Ancaq bu, Konqresin alt komitəsinin rəsmi tədbiridir. Ola bilsin, bununla Konqres Obama hökumətinin təmsilçisi kimi səfir Sekutaya Azərbaycana səfər öncəsi konkret mesaj ünvanlamaq istəyir. O mənada ki, yeni səfir öz fəaliyyətində Azərbaycanda insan haqlarını xüsusi diqqətdə saxlasın.
Unutmayaq ki, ABŞ Konqresi “Azadlıq” və “Amerikanın səsi” radiolarını maliyyələşdirir və heç şübhə yox ki, dinləmələrdə konkret olaraq “Azadlıq” radiosunun Bakı bürosunun bağlanması, onun rəhbəri Xədicə İsmayılın həbsi kimi məsələlər də müzakirə ediləcək - özü də Xədicə İsmayılın həbsindən, radionun Bakı bürosunun bağlanmasından sonra ilk dəfə olaraq.
Səfirin səfər ərəfəsi təsadüfmü?
Siyasət şöbəsi