Lamiyə Quliyevanın dəhşətli hekayəsi anasının dili ilə... - Aslan Aslanov nələr etmiş, nələr...

9-02-2015, 09:37   
Lamiyə Quliyevanın dəhşətli hekayəsi anasının dili ilə... - Aslan Aslanov nələr etmiş, nələr...
Kifayət Quliyeva dəhşətli gerçəkləri dilə gətirib prezidentdən kömək istədi: “Bundan sonra danışacam...”



Məhkum Lamiyə Quliyeva saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində ana olandan sonra onunla bağlı bütün mövzular yenidən gündəmə gəlib. Özünün və nişanlısı Vüqar Əliyevin başına gətirilənlər yenidən yazı və müzakirə mövzularına çevrilib.

Ölkə mediasında isə bir informasiya kirliliyi müşahidə olunmaqdadır. Bəzən konkret şəxslərin adından elə materiallara yer verilir ki, onların gerçək olmamasını təxmin belə etmək mümkünsüzdür.

Məsələn, mətbuatda Lamiyə Quliyevanın anası Kifayət Quliyevanın adından müsahibə yayılıb. Diqqətimizi cəlb etdi və həmin müsahibə ilə bağlı K.Quliyeva ilə söhbətləşdik.
Lamiyənin anası onun adından yayılan müsahibənin saxta olduğunu, bunu Aslan Aslanovun yaydırdığını iddia etdi. “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində Kifayət xanım deyib ki, o, heç bir müsahibə verməyib: “ANS-dən gəlmişdilər, müsahibə vermədim...”

Müxbirimiz soruşub: “Bəs adınızdan müsahibə necə yayıla bilər?”

Kifayət Quliyeva: “Kim edəcək ki, onu? Aslan Aslanov edib də. Mənim adımdan müsahibəni ondan başqa kim yaydıra bilər ki? Mən müsahibə verməmişəm, xeyr, xeyr”.
Bundan sonra müxbirimizlə K. Quliyevanın söhbəti belə davam etdirilib:

- 2003-cü ildə nə baş verib, niyə qızınız, onun o vaxt nişanlısı olan Vüqar Əliyev həbs olunublar?

- Getsin o günlər gəlməsin. Mən o günlərdən danışanda bədənim əsir. Mənim uşağımı Aslanın oğlu bədbəxt eləyib. 13 yaşında bu işi başına gətirdi. Onun oğlunun əlindən uşağı məktəbə də qoymurdum. Uşağımı pisikdirirdi, başından vururdu, saçından dartırdı, qulağını bururdu. Ağlaya-ağlaya neçə dəfə gəlib demişdi ki, mama, Ruslan məni qoymur məktəbə girməyə, uşaqların içində məni pisikdirir. Bir gün də məni məktəbin direktoru çağırdı ki, ay bacı, mən sənin yoldaşını tanıyıram, amma Ruslanın atasından da qorxuruq. Direktor dedi ki, qoy Lamiyə çıxıb 1 ay evdə otursun, bəlkə Ruslan ondan əl çəkər. Evə gələndən sonra Ruslanın anasının telefonunu axtardım. Evlərinə zəng eləyib dedim ki, oğlunuza deyin Lamiyədən əl çəksin, Lamiyənin 13 yaşı var, onu məktəbə qoya bilmirəm. Mən danışanda Lamiyə də yanımda idi. Səhəri günü evdəydim, anam dedi ki, səni çağırırlar. Eşiyə çıxdım, gördüm ki, bir oğlan dayanıb, yanında da 2-3 nəfər polis vardı. Soruşdu ki, məni tanıyırsan? Cavab verdim ki, yox. Dedi ki, mən Ruslanam. Ona dedim ki, niyə mənim uşağımdan əl çəkmirsən, nə istəyirsən? Sənin əlindən mən uşağımı məktəbə getməyə qoymuram. O da deyirdi ki, siz mənim valideynimə niyə deyirsiniz, niyə zəng edirsiniz... Dedim, atanın yanına da gedəcəyəm.

Dedi ki, atamdan hamı qorxur. Mən də ona dedim ki, nə səndən, nə də atandan qorxmuram, qızımdan əl çək. Dedi əl çəkəcəyəm. “Teloxranitel”lərini də götürüb çıxıb getdi... Amma başımıza oyun açdılar. Özümü də atası türməyə saldırdı. Bacımın oğlunu 7 il türmədə oturtdu. Aslan deyirdi ki, evinizdə bir kişi yoxdur ki, ondan heyfimi çıxam. Mənim özümü də həbsdən çıxmağa qoymurdu. Deyir ki, anası da tutulmalıdır. Qohum-əqrəba qorxusundan bizə gəlmirdi. Yadıma düşəndə dəhşətə gəlirəm. Hansını danışım? Hansını deyim? Ömrümüzü qaraltdılar. Məni Şəmkirdən çıxmağa qoymurdular.

Gündə 2 dəfə polisə gedib qol çəkirdim. Bizi həbsdən buraxdıqları günü bacımla Prezident Aparatına gedirdik ki, şikayət yazaq. Mənə “rozısk” verdilər, zəng edib dedilər ki, təcili Şəmkirə gəlməsən səni tutub dama basacağıq. Qorxumdan geri qayıtdım. Adımızı da qəbula yazdırmışdıq. Məcbur olub qayıtdım. Evə çatan kimi polisə çağırdılar, dedilər ki, bu gündən sən heç bir yerə gedə bilməzsən, hər gün də 2 dəfə gəlib polisdə qol çəkəcəksən. 2 il səhər-axşam mən polisə gedib qol çəkmişəm. Aslan məni bazardan işdən çıxartdırıb. “Bazarkom”a zəng edib demişdi ki, əgər o qadın oradan çıxmasa, səni də Elpərəstin bazarının gününə saldıracağam, bazarını bağlatdıracağam. “Bazarkom” mənə dedi ki, xala mən neyləyim, mənim də balalarım var. Ona dedim ki, mən sənin çörəyinə bais olmaram. Deyirsə ki, çıx, çıxaram. “Veş”lərimi götürüb bazardan çıxdım. Bəlkə Aslanı buradan çıxarmasaydılar, o başımıza nələr gətirəcəkdi. İndi ANS - ə çıxıb deyir ki, mən günahsız heç kimə iş verdirməmişəm, heç kimi tutdurmamışam. Yalan deyir... Onu millət tanıyır. O Şəmkərə qan uddurub gedib.

- Sizi nə vaxt həbs ediblər?

“Bax, indi vicdansız nəyə əl atıb... Mənim adımdan müsahibə verdirir. Danışmırdım, amma bundan sonra danışacağam”


- 2003-cü ildə. Lamiyəni tutub aparmışdılar. Mən ona çörək aparmışdım, tutdular. Evimiz polis mühasirəsində idi. Evimizi yandıra bilərdilər. Anam qorxudan xəstəliyə tutuldu, öldü. Bax, indi vicdansız nəyə əl atıb? Mənim adımdan müsahibə verdirir. Danışmırdım, amma bundan sonra danışacağam. Vüqarın atasını, qardaşını, anasını, xalasını tutdirdu. Atasına 5 il iş verdirdi. Əgər o vaxt Səməd Seyidovla bir xarici (o dövrdə Avropa Şurasının Azərbaycan üzrə nüaməydəsi Andreas Qross olub- E.M.) Gəncə İstintaq Təcridxanasına gəlməsəydi, bizi buraxmayacaqdılar. Onlar bizi dinləyib dəhşətə gəldilər. Bir hadisəyə görə valideynlərin də içəri salınması görünməmişdi. Onlar məni də, Lamiyəni də danışdırdılar. Onlar gedəndən 1 həftə sonra məni, Vüqarın anasını, xalasını buraxdılar. Vüqarın atasına 10 dəfə məhkəmə keçirtdilər. 10-cü məhkəmədə o kişini çığıra-çığıra saldılar içəri. Aslan Şəmkirin icra hakimiyyətindən 20 nəfər aparıb İbrahimin üzünə qoydurdu. Güya hadisə torpaq üstündə olub. O hadisə torpaq üstündə olmamışdı, mənim qızımın üstündə olmuşdu.

- Lamiyə Ruslanı niyə vurmuşdu?

- Mən Lamiyənin nişanlanmasına razı deyildim. Nişan oldu, üzük taxıldı. Mən sonradan bildim ki, Ruslan Vüqarı pisikdirib. Ona deyib ki, sən onunla niyə nişanlanmısan... Aralarında “spor” olurmuş.

- Qızınızın zorlandığını bilirdiz?

- Yox, bilməmişəm. Həmin gün axşam idi, baxdım ki, Lamiyə evə girdi. İçəri girəndə dedi ki, Vüqarla idi. Sonra bildim ki, hadisəni eləyib gəlib. Əli kəsik idi. Dedi ki, məktəbin yanında Vüqarla gələndə 2-3 nəfər qabağımızı kəsdilər. Onları vurduq. Vüqara dedim niyə apardın onu ki, bu hadisə də baş versin. Səhərə yaxın idi 2 nəfər mülki şəxs gəlib maşınla. Başımıza oyun açdılar.

- Həbsdə Lamiyəyə təzyiqlər olub?

- Aslan Lamiyənin üstünə 5 nəzarətçi qoydurmuşdu. Üzünə dayanan məhkum qıza Aslan deyib ki, Lamiyənin üzünə durmasan, sənin işini artıracağıq. Ondan əvvəl bir zəngilanlı məhkum qadın vardı, onu Lamiyənin üzünə saxlamaq istəyirdi. O qadına ev alıb verib. Ondan sonrakı qızı məcbur elədilər, o yalandan Lamiyənin üzünə dayandı, guya Lamiyə onu təhqir edib, ona çaydanı atıb. Halbuki hamısı yalandır. Gedin Lamiyənin qollarına, biləklərinə baxın nə gündədir - kəsik-kəsikdir. Lamiyə orada bir dəfə özünü asıb. Ən son anda onu kəndirdən açıblar. Mənim uşağıma o qədər təzyiq ediblər... o qədər onu karsa salıblar... Mən o günləri yadıma salmaq istəmirəm. Getsin o günlər gəlməsin.
- Sizi niyə həbs etmişdilər?


“Aslan Aslanov öz oğlunu təmizə çıxarmaq üçün bacım oğlunu tutdurdu. Dedi ki, Lamiyənin zorlanmasını boynuna al, sənin özünü azadlığa buraxdırım”



- Guya cinayəti bilib gizlətmişəm. Başımıza oyun açdılar.

- Əgər qızınıza qarşı həmin hərəkətlər olmasaydı, həmin hadisə baş verərdi?

- Yox.

- Lamiyə ilə nə vaxt görüşmüsünüz?

- Dünən axşam. 4 saylı Cəzaçəkmə Müəssisəsində görüşdüm.

- Uşağın atasının kimliyi ilə maraqlandız?

- Hər kimdəndir...

- Qızınıza 2-ci dəfə cinayət işi başlayanda məlumatınız olmuşdu?

- Lamiyə sonradan dedi ki, onu çağırıblar və zorla, çığırda-çığırda maşına oturdub Bakı İstintaq Təcridxanasına aparıblar. Bu “zakaz”dır. Mən o işi aparan müstəntiqin yanına getdim. Dedi ki, mən namaz qılanam, mən günaha batıram, amma heç nə edə bilmirəm, bu yuxarıdan gələn “zakaz”dır. Dedi ki, işi bağlamışdım. Dedilər ki, olmaz, 5 nəfər Lamiyənin üzünə durmalıdır, qurtardı. Ona iş verilməlidir.

- Kim idi həmin müstəntiq?

- Adı Elsevər idi, səhv etmirəmsə, Xətai prokurorluğunda görüşmüşdüm.

- O işi niyə başlamışdılar?

- “Zakaz” idi. Bizimlə bağlı “zakaz”ları o verdirir, o.

- Şikayət edirdiz?

- Prezident Aparatına, Ədliyyə Nazirliyinə, Mehriban xanıma. Hamıya şikayət etmişəm.

- Vüqarın bu işdə günahı var?

- Vüqarın heç bir günahı yoxdur. Onun da başına oyun açıblar. Valideynləri çox əzab-əziyyət çəkdi.

- Vüqarla Lamiyə eyni məktəbdə oxuyurdular?

- Ruslan həmin məktəbdə oxuyurdu. Vüqar yaşda böyükdür onlardan. Ruslan qızıma çox sataşırdı. Bilirdi ki, Lamiyənin qabağında atası, qardaşı yox idi. Bizi bu hadisəyə görə polisə aparanda orada bəlkə də 100-ə yaxın qız və valideyni vardı. Allaha and olsun ki, hələ Tbilisidən, Bakıdan da qızları gətirmişdilər. Hamı çaşqın idi.

- Onları polisə niyə gətirmişdilər?

- Ruslan kiminlə münasibətdə olubsa, onları yığıb gətirmişdilər polisə.

- Məqsədləri nə idi?

- Sorğu-sual edirdilər.

- Sizi polisdə, prokurorluqda döyürdülər?

- Döymürdülər, amma qorxudurdular, üstümə gəlirdilər. Təzyiq göstərirdilər. Deyirdilər ki, bu işdən xəbərin olub, boynuna al. Mən heç nə bilmirdim, boynuma necə ala bilərdim?

- Lamiyəni döyürdülər?

- Döymüşdülər. Vüqarı çox döymüşdülər, işgəncə vermişdilər.

- Aslan Aslanov ora gəlirdi?

- Yox. Amma 3 dəfə onu öz yanına apartdırıb.

- Qızınızın zorlandığı haqda xəbərlər var. Məhkəmədə də bu haqda söhbətlər olmuşdu.
- Aslan oğlunu təmizə çıxarmaq üçün bacım oğlunu tutdurdu. Dedi ki, Lamiyənin zorlanmasını boynuna al, sənin özünü azadlığa buraxdırım. Bircə mənim oğlum təmizə çıxsın. Bacım oğlu demişdi ki, Lamiyə mənim bacımdır, mən vicdanımı atıb öz bacımı bədbəxt etməmişəm. Məhkəmədə Lamiyə də çığıra-çığıra qalmışdı. Bacımız oğlu Fariz də deyirdi ki, onu şərləyiblər. Yenə də Aslan deyən oldu, bacım oğluna iş verdirdi. 7 il iş oxutdurdu.

- İttihamda bacınız oğlunun Lamiyəni zorladığını yazmışdılar?

- Bəli. Bəs oğlunu necə təmizə çıxartsın? İndi mənim bacım oğlu türmədən vərəm xəstəsi olaraq çıxıb. Onun günahı nə idi?

- Oğlunu niyə təmizə çıxarırdı?


“Gedin Lamiyənin qollarına, biləklərinə baxın nə gündədir - kəsik-kəsikdir. Lamiyə orada bir dəfə özünü asıb. Ən son anda onu kəndirdən açıblar. Mənim uşağıma o qədər təzyiq ediblər... o qədər onu karsa salıblar...”



- Mənim uşağımı Ruslan bədbəxt elədi. Ruslan edib, Ruslan... Onun atası bunu bilə-bilə mənim uşağımı elə bil ömürlük həbsdə saxlamaq istəyirdi. 10 il iş verdirdi. 10 il qurtaranda 5 il 5 ay bir artırdı. Üstəlik 6 il 6 ay da bir verdirmişdi. 18 il 6 ay cəza verdirmişdi qızıma. Lamiyənin başına nələr gətirib o. Aslan ANS-ə yalandan deyir ki, mən heç kimə iş verdirməmişəm, heç kimi tutdurmamışam. Yalan deyir. Bəs, bu qədər adamı kim tutdurub? Bu qədər adama işi kim verdirib? Onun vəzifəsi, pulu vardı, istədiyini edirdi. Mən fəhlə adamam. Onu qoyub məni eşidən kim idi? Allah qarşısında gec-tez cavab verəcək.

- Sizin həyatınıza təhlükə varmı?

- Mən prezidentə müraciət edirəm. Mənim, Lamiyənin başımıza bir iş gəlsə, bu Aslan Aslanovun üzərindədir. Bizim təhlükəsizliyimiz təmin olunsun.

Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında, o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, 15 yaşında həbs olunan məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi. Belə iddialar var ki, L.Quliyevanın həbs müddəti A.Aslanovun sifarişi ilə uzadılıb.

E.MƏMMƏDƏLİYEV
http://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar