“5-ci kolon” aktiv fəaliyyətə keçib
Bir müddətdir Rusiya səfirliyi və Kremlə bağlı olan qüvvələr Bakıda “Grigoriyev lenti” paylayırlar. Bu haqda ötən saylarımızda yazmışdıq. Bundan başqa, Rusiya səfirliyinə rus pasportu almaq üçün Azərbaycan vətəndaşlarının müraciət etməsinə dair xəbərlər də təsdiqini tapıb.
Faktiki olaraq Kreml özünün məkrli planlarını Azərbaycanda da icra etməyə çalışır. Söhbət Putinin SSRİ-ni bərpa etmək ideyasından, bu istiqamətdə atılan addımlardan gedir.
Neçə gündür mətbuatda müzakirə olunan məsələlərdən biri də “5-ci kolon”un aktiv fəaliyyətə keçməsinə və müxtəlif təşviqat işlərinə başlaması ilə bağlıdır. Bu xəbər də artıq öz təsdiqini tapmaqdadır. Belə ki, sosial şəbəkələrdə üzərinə “SSSR” yazılan və SSRİ-nin simvollarından olan oraq-çəkic həkk edilən taksinin şəkli yayılıb.
Paytaxt küçələrində dolaşan “Fiat” markalı həmin taksinin arxa şüşəsinə “SSSR” sözünün yazılması təbii ki, kimlərinsə həyata keçirdiyi təşviqat kampaniyasının bir elementidir. Hər halda, hüquq-mühafizə orqanları bu məsələni araşdırmağa borcludur.