Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tomsk Dövlət Universitetinin magistr və aspirantlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərini şərh edərkən bildirib ki, həmin universitetin magistr və aspirantlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən Altay diyarı, Tomsk vilayəti və Altay Respublikası üzrə nümayəndəliyinə nota ilə müraciət edib.
XİN rəsmisi Modern.az-a açıqlamasında deyib ki, Azərbaycanın Yekaterinburqdakı baş Konsulu Sultan Qasımov sözügedən məsələni Tomsk vilayətinin qubernatorunun aparatı və Tomsk şəhər meri Klyayn İvan Qriqoryeviçlə müzakirə edib və Azərbaycanın narahatlığını ifadə edib. H.Hacıyev qeyd edib ki, Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu tərəfindən Tomsk Dövlət Universitetinə etiraz məktubu ünvanlanıb:
"Tomsk Dövlət Universitetinin rektoru Qalanjinskiy Eduard Vladimiroviç Azərbaycanın Yekaterinburqdakı Baş Konsulu Sultan Qasımova Azərbaycanın narazılığına səbəb olan bu məsələyə görə üzrxahlığını ifadə edib və universitet rəhbərliyi tərəfindən məsələnin araşdırılacağını və lazımı tədbirlər görüləcəyini bildirib".
Modern.az