Hakimiyyətin məsələsi ABŞ Konqressinə çıxarılır

9-02-2015, 22:40   
Hakimiyyətin məsələsi ABŞ Konqressinə çıxarılır

«Bu dinləmələrdən çıxacaq nəticələr ABŞ-ın Azərbaycanla bağlı siyasətinə birbaşa təsir göstərəcək»

Fuad Qəhrəmanlı: "Azərbaycanla bağlı məsələ kluminasiya nöqtəsinə yaxınlaşır"

Fevralın 12-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Alt-komitəsində “Azərbaycan: ABŞ-ın Enerji, Təhlükəsizlik və Insan haqları maraqları” mövzusunda dinləmə keçiriləcək.
“Amerikanın Səsi”nin komitədən əldə etdiyi məlumata görə, dinləmədə Woodrow Wilson Beynəlxalq Araşdırmalar Mərkəzindən tədqiqatçı Odri Alştadt, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç və Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz Institutunun direktoru Svante Kornel konqresmenlər qarşısında ifadə verəcəklər. Dinləməyə Xarici Əlaqələr Komitəsinin sədri Ed Roysun sədrlik edəcəyi gözlənilir.
Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri kimi səlahiyyət müddətini ötən ilin yayında başa vuran Riçard Morninqstarın əvəzinə yeni səfir kimi Robert Francis Cekuta təsdiq edilib. Cənab Cekutanın fevralın 9-da Dövlət Departamentində səfir kimi and içəcəyi gözlənilir. ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqladığı məlumata görə isə, yeni səfir fevralın 12-də Bakıda olacaq.
Artıq bununla ilin əvvəlindən neçənci dəfədir ki, Azərbaycandakı durum Konqresin müzakirsinə çıxarılır. Keçən ilin sonunda Azərbaycanla bağlı durum Konqressdə bir, bu ilin yanvarında isə iki dəfə müzakirəyə çıxarılıb. Ekspertlər hesab edir ki, əgər əvvəlki müzakirələr ABŞ ictimai rəyində Azərbaycanla bağlı konkret fikrin formalaşmasına və gələcəkdə tətbiq olunacaq sanksiyalar üçün zəminin hazırlanması məqsədi daşıyırdısa, bir neçə gün sonra keçiriləcək dinləmələr artıq qərarların qəbulu ilə müşayiət oluna bilər. Bir məqamı da vurğulamaq yerinə düşər ki, bu ilin yanvarında Konqresdə keçirilən dinləmələri NED və Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkil etmişdisə, bu dəfə təşkilatçı qismində Numayəndələr Palatasının Xarici Əlaqələr Alt komitəsi çıxış edir.
Onu da xatırladaq ki, fevralın 12-də keçiriləcək dinləmələrdə iştirak edəcək ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bir müddət əvvəl maraqlı mesajlar səsləndirmişdi.
Kozlariç bəyan etmişdi ki, Azərbaycanda Heydər Əliyev erası artıq bitib: “Heydər Əliyevin yürütdüyü xarici siyasət Qərblə enerji münasibətlərini, Birləşmiş Ştatlar, ATƏT, Avropa Şurası, Avropa Birliyi və NATO ilə siyasi və təhlükəsizlik əməkdaşlığını önə çəkirdi. Ancaq oğlu və varisi, Azərbaycanın indiki prezidenti Ilham Əliyev getdikcə atasının yolundan çıxıb, indi isə keçmişlə tamamilə üzülüşdüyü görünür.ÿÜstəlik, qlobal enerji bazarında baş verənlər fonunda Azərbaycan enerjisi 20 il öncəki kimi münasibətlərdə əsas qüvvə deyil. Enerji siyasi deyil, ticarət məsələsi olmalıdır. Iranla nüvə sazişi perspektivi isə Azərbaycanın regional əhəmiyyətini də azaltmış olar”.



AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Konqresdə növbəti dinləmələrin təyin olunması onu göstərir ki, Azərbaycanla bağlı məsələ getdikcə kluminasiya nöqtəsinə yaxınlaşır: “Yəni əvvllər bu tip dinləmələri daha çox QHT təmsilçiləri təşkil edirdisə, bu dəfə Konqresin özündə məsələ gündəmə gətirilir, Azərbaycanla bağlı siyasətin müəyyənləşdirilməsi, atılacaq addımlarla bağlı rəsmi təşəbbüs göstərilir. Bu dinləmə ABŞ-Azərbaycan münasibətlərində yaranmış problemin necə çözüləcəyini müəyyənləşdirmək, hansı addımların atılacağı ilə bağlı zəmin hazırlanması məqsədi daşıyır”.
F.Qəhrəmanlının fikrincə, qanunverici orqanın bu məsələni gündəmə gətirməsi o deməkdir ki, bu dinləmələr sadəcə olaraq ictimai maraq xarakteri daşımır. Bu dinləmələrdən çıxacaq nəticələr ABŞ-ın Azərbaycanla bağlı siyasətinə birbaşa təsir göstərəcək: “Dinləmələrin mövzusu kimi insan haqları ilə bağlı məsələnin seçilməsi o deməkdir ki, ABŞ-Azərbaycan münasibətləri iki dövlət arasında insan haqları, demokratiya ilə bağlı yaranmış problem zəminində davam edəcək. Bu siyasətdən nəinki dönüş yoxdur. Əksinə, ABŞ artıq baxışları ilə bağlı hansı istiqamətdə addım atmağı düşünür. Bu müzakirə gələcəkdə Azərbaycanla bağlı gündəmə gələcək sanksiyalar barədə Konqresdə rəy formalaşdırmaq məqsədi daşıyır. Çünki artıq münasibətlərdə elə bir mərhələyə gəlinib ki, Azərbaycan iqtidarı indiki ssiyasi kursu davam etdirəcəyi təqdirdə, sanksiyalar məsləsi reallaşa bilər. Bundan ötrü isə qanunverici orqanda bu yöndə əsaslı rəy formalaşmalıdır.”.
F.Qəhrəmanlı onu da bildirdi ki, dinləmələrin keçirilməsi Ukrayna hadisələrinin fonunda Azərbaycan məsələsinin unudulmamasının görsənişidir. Çünki hakimiyyət belə güman edirdi ki, Qərb-Rusiya qarşıdurması fonunda Azərbaycan məsələsi bir qədər unudulacaq: “Deməli, Azərbaycan hakimiyyətinin indiki siyasi kursunun davam etdirilməsini ABŞ diqqətlə izləməkdədir.
Amerika siyasətində ciddi qərarlar məhz ictimai müzakirələr nəticəsində qəbul olunur. Ona görə Azərbaycanla da bağlı keçirilən müzakirələr, qərarların qəbul olunması, demokratiyanın inkişafı və insan haqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan cəmiyyəti də görür ki, o tək deyil. Demokratiya uğrunda mübarizəyə, hakimiyyətin yürütdüyü repressiyalara ciddi maraq və diqqət var".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.