İqtidar-müxalifət görüşü - sensasion gəlişmə

10-02-2015, 09:54   
İqtidar-müxalifət görüşü - sensasion gəlişmə
Demokratikləşmənin İlham Əliyev modeli...; Seçki ilində baş tutacaq ilk dialoqun təşəbbüsçüsünün Prezident Administrasiyasının özü olduğu bildirilir; hər şey yenidən başlayır...
İqtidar-müxalifət münasibətlərində, həm də seçki ilində kifayət qədər önəmli sayıla biləcək keyfiyyət dəyişikliyi gözlənilir. Bu dəyişikliyin mahiyyətinin nədən ibarət olmasına keçməzdən öncə bir neçə detalı yada salmağa dəyər.

Hələ ötən illərin sonlarında “Yeni Müsavat” olaraq istər özəl mənbələrimizə, istərsə də informasiyalı ekspertlərə istinadən yazmışdıq ki, hakimiyyət bir çox səbəblərdən olduqca mürəkkəb, ziddiyyətli olacağı gözlənilən 2015-ci ildə daxilə ünvanlı hansısa açılımlarla gedə və bu açılımda, ənənəvi (klassik) müxalifətə də pozitiv planda hansısa rol ayrıla bilər. Çünki hakimiyyət demokratik dünyanın yeni çağırışları, Qərbin güclənən gözləntiləri fonunda ən azı, sistemdaxili yeni demokratiya imitasiyasına getmək və yaxud “islahat” termininə uyğun gəlməsə də, sistemin yumşaldılmasına qərar vermək zorundadır.

Azərbaycanın növbəti seçki ilinə girməsi bir yandan demokratik dünyanın bu yöndə gözləntilərini artırıbsa, digər yandan, hakimiyyətin özünü də hansısa yeniliyə qərar vermək, ölkədaxili siyasi münasibətlərdə “səhman yaratmaq” imperativi qarşısında qoyub. Hər halda, budəfəki parlament seçkiləri ətrafında beynəlxalq ab-havanın əvvəlkilərdən yetərincə fərqli olduğunu hakimiyyət dairələrində də yəqin ki, yaxşı anlayırlar.

Ayrı yandan, neft amilinin əhəmiyyətinin azalması və Rusiya-Qərb münasibətlərinin təhlükəli fazaya girməsi Qərbin Azərbaycana, qarşıdakı parlament seçkilərinə həssasiyyətinin artmasına gətirməklə yanaşı, iqtidarımızı da ölkə içində minimum səviyyədə barış və dialoq atmosferinin təminatçısı kimi çıxış eləmək məsuliyyətində qoyur.



* * *

Bu xüsusda ötən il dekabrın 13-də məhdud çərçivədə də olsa, uzun fasilədən sonra iqtidar-müxalifət dialoqunun reallaşması bəzi fərqli və hətta qərəzli reaksiyalara rəğmən, kifayət qədər pozitiv hadisə idi - eyni zamanda Azərbaycan maraqlarını da öz içinə alan hadisə idi.
Doğrudur, Prezident Administrasiyanın şöbə müdiri Əli Həsənovla Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş həmin görüşdə klassik siyasi müxalifətin avanqardı olan Müsavat iştirak etməmişdi. Həmçinin, görüşün, bu cür formatın ideoloqlarından olan AXP sədri Pənah Hüseyn də tədbirə qatılmamışdı.



Sadalananlara baxmayaraq, o zaman əksər analitiklər ümum-Azərbaycan çıxarları baxımından hadisəni müsbət dəyərlənirmişdilər. Necə deyərlər, o zaman tilsim qırılmış oldu. Şübhə yox ki, bunda hakimiyyət zirvəsində duran şəxsin siyasi iradəsi əsas rol oynamışdı...
Bizə çatan bilgilərə görə, “yuxarılar” bu iradənin davamlı olmasında maraqlıdır. Belə ki, yaxın günlərdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov ölkənin müxalifət partiyalarının rəhbərləri ilə görüşəcəyi haqda məlumat almışıq. Bu barədə musavat.com-a həmin görüşə dəvət edilmiş partiyaların təmsilçilərinin biri xəbər verib və xəbər başqa bir neçə təmsilçi tərəfindən də təsdiqlənib.



Xəbərdə deyilir ki, görüşdə ölkədaxili məsələlərin geniş spektri müzakirə olunacaq. Bundan başqa, məlum olub ki, görüşün birinci raundu ilə müqayisədə, gözlənilən görüş format etibarı ilə daha məhdud olacaq.

Məsələni önəmli qılan detallardan biri də budur ki, bu dəfə hakimiyyət görüşə ana müxalifət partiyası Müsavatı və AXP kimi partiyaların liderlərini də dəvət edib, ya da edəcək. Dialoq (müzakirə) mövzularının isə sərbəst şəkildə seçiləcəyi bildirilir. Bu yerdə onu da xatırladaq ki, 2014-cü il 13 dekabr görüşündə iştirakçıların çoxluğu müşahidə olunmuşdu ki, bu üzdən də bəzi iddialara görə, səmərəli dialoq alınmamışdı.




* * *

Yeni xəbərdə bir neçə mühüm detal xüsusi diqqət çəkir. Biri artıq deyildi - Müsavat və AXP-yə dəvət məsələsi. İkinci mühüm cəhət odur ki, bu, artıq hakimiyyətin özünün təşəbbüsüdür, müxalifətin yox. Üçüncüsü isə bu təşəbbüs iqtidarın yeni parlamentin tərkibində klassik (ənənəvi) müxalifəti də görmək istədiyinin anonsu hesab oluna bilər.



Növbəti dialoq xəbərini hakimiyyətin Qərbə seçki və demokratiya vədləri kontekstində də qiymətləndirmək mümkündür. Yada salaq ki, keçən ilin ikinci yarısında ABŞ-ın bəzi yüksək çinli rəsmilərinin, o sırada konqresmenlərin Bakıya səfərləri olmuşdu. Mötəbər məlumatlara görə, onların prezident İlham Əliyevlə görüşlərində qaldırılan məsələlər sırasında demokratiya və insan haqları, siyasi sistemin yumşaldılması ilə bağlı istəklər də olub.

Məlumatlı ekspertlərdən birinin iddiasına görə isə, iqtidarla müxalifətin növbəti görüşü əslində prezident İlham Əliyevin anonsları çoxdan verilən ciddi islahatlar strategiyasının keyfiyyətcə yeni mərhələsidir. Həmin ekspert iddia edir ki, Azərbaycan cəmiyyəti və dünya demokratikləşmənin İlham Əliyev modelinin şahidi olacaq.

Mövzuya qayıdacağıq.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.