Bişkekdə panika: Elçibəylə Şevardnadzeni yola salan diplomat çevriliş etməyə gəlir

11-02-2015, 17:27   
Bişkekdə panika: Elçibəylə Şevardnadzeni yola salan diplomat çevriliş etməyə gəlir
Ötən əsrin 90-cı illərinin əvvəllərində ABŞ-ın Bakıdakı ilk səfiri olmuş Riçard Maylsın Qırğızıstana təyinatı Rusiyaya doğru kurs götürən, ötən 10 ildə iki dəfə inqilab yolu ilə hakimiyyət dəyişikliyinin baş verdiyi bu Orta Asiya respublikasında əsl panika yaradıb.

Virtualaz.org saytı xəbər verir ki, Riçard Maylsın səfir işlədiyi ölkələrin hamısında çevrilişlərin baş verdiyini nəzərə alaraq Qırğızıstan hakimiyyət çevrələri onun təyinatından ciddi narahat olublar. Xüsusən də keçmiş sovet respublikalarında hakimiyyət çevrilişlərinin “xaç atası” hesab edilən Corc Sorosun 10 illik fasilədən sonra, Riçard Maylsın gəlişi ərəfəsində Bişkekdə görünməsi bu xofu daha da artırıb.

Məsələ belədir ki, ötən ilin payızında Pamela Spartlen ABŞ-ın Bişkekdəki səfiri səlahiyyətlərini başa vuraraq qonşu Özbəkistana təyinat alıb. Prezident Barak Obama onun yerinə əvvəllər 6 il Rusiyada işləmiş Şeyla Quoltninin namizədliyini irəli sürüb. Lakin hansısa səbəblərdən bu diplomatın namizədliyini Senat təsdiqləməyib.



Bu günlərdə məlum olub ki, Senat Ş.Quoltninin namizədliyini təsdiqləmədiyi üçün ABŞ-ın Bişkekdəki səfiri vəzifəsini yaşı 80-i haqlamış Riçard Mayls icra edəcək. Və bu təyinat qırğızları qorxuya salıb. İndi Bişkekdə ABŞ administrasiyasının Riçard Maylsı təqaüddən geri çağırıb Qırğızıstana göndərməsinin səbəblərini ayrıd etməyə çalışırlar.

Üstəlik Corc Sorosun 10 illik fasilədən sonra Bişkekdə görünməsi, xəlvəti olaraq Qırğızıstanda parlament seçkilərinə hazırlıqla maraqlanması, ölkənin Avrasiya İttifaqına üzvlüyünə dair əhalinin mövqeyinin necə olduğunu araşdırması narahatlıqları artırıb.



Ötən ilin noyabrında Bişkekə gələn C.Sorosu heç də gül-çiçəklə qarşılamayıblar. Qırğızıstan hakimiyyəti ABŞ səfirliyinin qarşısında piket təşkil edərək Sorosu söydürüb, onu “Qırğızıstanın işlərinə burnunu soxmamağa” çağırıb. Piketçilər bildiriblər ki, Sorosun vəd etdiyi “qızıl yumurta” əslində “müharibə, anarxiya və ölüm”dür.

Hələ bu da hamısı deyil. Bu günlərdə Qırğızıstan müxalifətinin liderləri Vaşinqtona dəvət olunub. Dövlət Departamentində, Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasında qəbul ediliblər.

İndi qırğız mediası (şübhəsiz ki, hakimiyyətyönlü media) durmadan Riçard Maylsı topa tutur, onu “rejim dəyişikliyi üzrə mütəxəssis”, “fırtınalar şturmanı”, “rəngli inqilabların qaranquşu” və s. epitetlərlə çağırırlar.



Yazırlar ki, Riçard Maylsın işlədiyi dörd ölkədə hakimiyyət dəyişib. O, 1992-1993-cü illərdə Azərbaycanda səfir olub, 1993-cü ildə prezident Əbülfəz Elçibəy devrilib.

1993-1999-cu illərdə keçmiş Yuqoslaviyada işləyib. 1999-cu ilin martında Yuqoslaviyanın NATO tərəfindən bombardmanı başlayıb, daha sonra Slobodan Miloşeviç devrilib.



1999-2001-ci illərdə Bolqarıstanda işləyib, 2001-ci ildə bu ölkədə keçirilən parlament seçkilərində hakimiyyətə qərbyönümlü qüvvələr gəlib.

Nəhayət, 2002-2005-ci illərdə Gürcüstanda işləyib, 2003-cü ilin noyabrında Eduard Şevardnadze devrilib və qərbyönümlü Mixail Saakaşvili hakimiyyətə gəlib.

Sonralar Şevardnadze müsahibələrinin birində demişdi ki, “qızılgül inqilabı”nı Corc Soros və Riçard Mayls törətdi.



“Mayls Gürcüstana gələndə mən müfəssəl şəkildə bilməli idim ki, o kimdir. Ancaq indi bu haqda danışmaq gecdir”- Şevardnadze deyirdi.

İndi bir vaxtlar ABŞ-ın Orta Asiyada demokratiya mayakı adlandırdığı Qırğızıstan tamamilə Rusiyanın nəzarətinə keçir. Prezident Almazbek Atambayev Qırğızıstanın Avrasiya İttifaqına üzvlüyünə qərar verib, ABŞ-ın Bişkekdəki aviabazasını çıxaracaqlarını bildirib və Rusiya şirkətlərinin ölkənin strateji müəssələrini özəlləşdirməsinə yaşıl işıq yandırıb.



Bu isə ABŞ-ın Cənubi Qafqaz regionundan sonra Mərkəzi Asiyadan da tamamilə vurulub çıxarılmasına aparır. Görünür, təsadüfi deyil ki, ABŞ mövqelərini qismən də olsa saxlamaq üçün Özbəkistan prezidenti İslam Kərimovla münasibətləri düzəltməyə çalışır.

Bu yaxınlarda Pentaqon Əfqanıstandan çıxarılan texnikanın bir hissəsini pulsuz olaraq Özbəkistana verdi. Özbəkistan hələlik Avrasiya İttifaqına üzvlüklə bağlı qərar verməyib, Atambayev isə artıq bunu edib. O zaman qırğızların Sorosun və Maylsın gəlişindən qorxmağa əsasları var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.