Qarabağ üçün “Donbas ssenarisi”

12-02-2015, 10:00   
Qarabağ üçün “Donbas ssenarisi”Minsk Qrupu gedir, “Minsk variantı” gəlir...; Azərbaycanın işğal altındakı ərazilərinin taleyi indi həm də Ukraynada həll olunur; Dağlıq Qarabağ münaqişəsinin öz “Normand formatı” ola bilər, əgər...
Dağlıq Qarabağ ixtilafı Ukrayna böhranı fonunda az qala görünməz olub, daha arxa plana keçib. Təəccüblü deyil, ona görə ki, problemin dinc nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun üç həmsədri - Rusiya, ABŞ və Fransa münaqişəyə yanaşmada onsuz da ortaq məxrəcə gəlməkdən uzaq idilər, Ukrayna hadisələri səbəbindən bir qədər də aralı düşüblər.

Əslində Minsk Qrupu, onun həmsədrlik institutu öz potensialını artıq xərcləyib və o, tarixə qovuşmalıdır. Yaxud prosesə dinamizm vermək üçün ən azı, vasitəçilik formatında ciddi keyfiyyət dəyişikliyi olmalı, məsələn, Türkiyə və Almaniya kimi daha ədalətli mövqe tutan dövlətlər, güc mərkəzləri də həmsədrliyə gətirilməlidir.

Aydındır ki, vasitəçilik üçün yaradılmış hansısa qurum öz qarşısına qoyduğu missiyanı, vəzifəni 20 ildən artıq müddətdə yerinə yetirə bilmirsə, bu, artıq nəticədir və həmin qurumun saxlanıb-saxlanılmaması məsələsi gündəmə gəlməlidir. Problem həm də ondadır ki, indiyədək 11 dövlətdən ibarət olan Minsk Qrupu bircə dəfə belə olsun toplantı da keçirməyib. Qurumun həmsədrləri isə ötən böyük müddəti konfliktin həllinə yox, daha çox həllin imitasiyasına həsr ediblər. Belə yanaşma indi də davam edir.

Səbəblər barədə Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında, yüksək tribunadan çıxışı zamanı bir daha və açıq şəkildə danışdı. Aparıcı amillər sırasında ölkəmizə, onun ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ikili standart siyasətinin mövcudluğuna Ukrayna olayları fonunda xüsusi toxundu.

Paradoks həmçinin ondan ibarətdir ki, Minsk Qrupu həmsədrlərinin hər üçü bu və ya digər formada (biri hərbi, digər ikisi - ABŞ və Fransa isə maliyyə-siyasi dəstəklə) işğalçı Ermənistana bağlıdır, onun yanındadır. Belədə ədalətli nizamlamadan danışmaq əlbəttə ki, çətindir.



Qərb (ABŞ və Avropa) Krımın ilhaqına görə Rusiyanı küncə sıxdığı, Krım, Donbas, Abxaziya, Cənubi Osetiya, Dnestryanı separatçıların xaricə çıxışlarını bağladığı, onların bank hesablarını dondurduğu halda, təcavüzkar Ermənistana, Qarabağın separatçı liderlərinə qucaq açırsa, onların yüksək səviyyədə qəbuluna şərait yaradırsa, ən nəhayət, BMT-nin Qarabağa dair 4 qətnaməsi 22 ildən artıqdır yerinə yetirilmirsə, o zaman Azərbaycan öz ümidini kimə, hansı quruma bağlamalıdır?

Bu prizmadan baxanda milli maraqlarımız diktə edir ki, hazırkı dönəmdə ziyanımıza hansısa anlaşmasındansa, elə Qarabağ məsələsinin “donmuş” vəziyyətdə qalması daha məqbuldur. Yəni problem Azərbaycandan ötrü əlverişli vaxta kimi elə “yerindən tərpənməsə” yaxşıdır. “Əlverişli vaxt” isə xeyli dərəcədə Ukrayna böhranının kimin patronajlığı ilə, necə yoluna qoyulmasından, Ukrayna məsələsində Qərblə Rusiyanın necə anlaşacağından bilavasitə asılı olacaq.



Başqa sözlə, separatçı bölgələrə dair “Ukrayna anlaşması” və ya “Ukrayna ssenarisi” bu və ya başqa şəkidə Qarabağ münaqişəsinə də inikas ola bilər. Ancaq Ukrayna ilə bağlı hansı anlaşma olacaq - hələlik söyləmək çətindir. Bəzi təhlilçilərə görə, Rusiya münaqişələri dondurmaqla postsovet məkanını öz nəzarətində saxlamaq istəyir və Ukrayna hadisələri də o qəbildəndir.

Putin Ukrayna böhranını hərbi yolla birmənalı öz xeyrinə həll eləmək gücündə olmasa da, şübhə yox ki, öz xalqı qarşısında məğlub tərəf qismində də görünmək istəmir, istəməyəcək. Kreml başçısını ən çox qorxudan və dünən Minskdə danışıq stolu arxasına oturdan - Qərbin Ukraynaya özünümüdafiə üçün ölümcül silahlar və müasir döyüş maşınları verəcəyindən yanadır. Niyə?

Ona görə ki, Ukraynanın Şərqi Rusiya ilə ABŞ-ın (NATO-nun) birbaşa savaş meydanına dönsə, orada nəinki yerli rus əhalidən əsər-əlamət qalmayacaq və əhali həmsərhəd Rusiyaya köç edəcək, ən əsası, bu savaşdan Kreml məğlub kimi ayrılacaq. Sanksiyalar altında olan və artıq ehtiyat fondunu xərcləməyə başlamış Moskvanın belə bahalı və üzücü müharibə aparmağa, milyonlarla yeni qaçqını qəbul edib saxlamağa maliyyəsi yoxdur.



ABŞ-ın sabiq prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi, nüfuzlu politoloq Zbiqnev Bzejinski bugünlərdə boşuna deməyib ki, “Rusiya üçün Ukraynanın şərqində Qərblə savaşa girmək çox bahalı həzz olardı...” Odur ki, Moskvanın ən pis halda Donbas münaqişəni dondurmağa gedəcəyi istisna edilmir. Amma nə vaxtadək, bunu da söyləmək çətindir...
****
Deməli, Qarabağ məsələsi də öz sırasını gözləməlidir. Rəsmi Bakı Rusiyanın və Qərbin Ukrayna siyasətini diqqətlə izləməlidir. Qarabağlı taleyi həqiqətən də indi böyük ölçüdə Ukraynanda, Minskdə, “Normand dördlüyü” çərçivəsində baş tutmuş və bundan sonra davamı ola biləcək təmaslarda həll olunur.

Necə deyərlər, Minsk Qrupu gedir, “Minsk variantı” gəlir. Nə bilmək olar, nə vaxtsa Dağlıq Qarabağ üçün də özünəməxsus “Normand formatı” tapıla bilər...

Siyasət şöbəsi
/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.