Yaxud, mandat qarşılığında imic düzəltmək cəhdi
Ötən yazımızda “iqtidar-müxalifət” dialoquna münasibətimizi yazmışdıq. Belə ki, ötən ilin dekabrında özünü müxalifət adlandıran bir neçə partiya rəhbəri hakimiyyətlə dialoqa getdilər və müəyyən müzakirələr apardılar. Ötən müddət ərzində isə məlum oldu ki, bu, “dilaoq” yox, hökumətin növbəti imitasiya cəhdi imiş.
Təbii ki, biz dilaoqdan əvvəl də öz proqnozumuzu vermişdik və mövcud hakimiyyətlə dialoqun mümkünsüzlüyünü faktlarla əsaslandırmışdıq. Hətta “dialoq-görüş”dən sonra tədbirdə iştirak edənlər bunun dialoq olmadığını özləri də etiraf etmişdilər. Eyni zamanda onu da bildirmişdilər ki, müzakirə olunan məsələlərdə inkişaf müşahidə olunarsa, görüşlər davam edəcək.
Amma ötən dialoqdan sonra heç bir müsbət nəticə olmasa da Prezident Administarasiyasından növbəti dəvət gəlib və “dialoq komandası” yeni görüşə hazırlaşır. Ötən yazımızda da qeyd etmişdik ki, əvvəl müzakirə olunan məsələlərdə heç bir irəliləyiş olmadığı halda, yenidən “dialoq” qurmağın nə mənası, məntiqli izahatı yoxdur. Amma görünür, hökumətin müxalifət kimi təqdim etdiyi komanda üçün bunun o qədər də önəmi yoxdur.
Budəfəki dialoq dəvətini belə əsaslandırmağa çalışdılar ki, bu dialoqda bütün müxalifət qurumları dəvət olunacaq və kənarda heç kim qalmayacaq. Amma əldə etdiyimiz məlumatlar göstərdi ki, Müsavatdan tutmuş, ADP-yə qədər bütün partiyalara dəvət göndərilib. Yalnız AXCP-yə və bu partiyanın təmsil olunduğu Milli Şuraya dəvət göndərilməyib. Bu başqa məsələdir ki, belə bir dəvət olsaydı da AXCP və ya Milli Şura formatında iştirak olmayacaqdı. Çünki, bu qrumların hakimiyyətə münasibəti bəllidir və onlar bu dialoqun cılız görüntü olduğunu bilirlər.
Düzdür, Müsavat partiyası dəvətdən imtina etdi. Amma hökumət növbəti dəfə Müsavata şans verdi və dəvət göndərdi.
Məsələnin əsas tərəfi ondadır ki, hakimiyyət özünə müxalifət kimi qəbul etdiyi qüvvələri özü seçir. Və indiki mərhələdə bu adamları bir yerə toplamaqla demokratik islahatlara getdiyini, müxalifətlə müzakirələrə açıq olduğunu göstərmək istəyir.
Ancaq nə ölkə ictimaiyyəti, nə də dünya ictimaiyyəti bu adamları müxalifət kimi qəbul etmir. Bu partiyaların siyahısına nəzər salsaq, yalnız partiya sədrindən, 5-3 nəfərdən ibarət olan qurumların təmsilçiliyini görə bilərik.
Artıq Azərbaycana gələn müxtəlif ölkələrin rəhbərləri, nümayəndə heyətləri yeni siyahı tərtib ediblər və hökumətin uzun illər müxalifət kimi təqdim etməyə çalışdığı şəxsləri siyahıya daxil etməyib. Əvvəla, açıq şəkildə aydın olur ki, bu “dialoq”a gedən partiyalar hər hansı formada hökumətə qarşı arqumentlər irəli sürmür, bu partiyalara qarşı hər hansı təzyiq yoxdur, əksinə, bu qüvvələr müxtəlif formalarda hökumətin siyasətini malalamaqla məşğuldular.
Ölkədə bu qədər siyasi məhbusun olduğu halda, ölkə sərvətlərini bir qrup şəxsin talan etdiyi halda, azad mətbuatın, azad sahibkarlığın, fərqli fikrin boğulduğu reallıqda hakimiyyətlə dialoqa getmək, hakimiyyətə “demokratiya donu” geyindirməkdir. Yəni hökumət parlament seçkiləri ərəfəsində belə bir şou yaratmaqla dünyada korlanmış imicini yaxşılaşdırmağa çalışır. Bunun üçün isə “müxalifət” ən yaxşı vasitədir. Daha dərinə getsək, hökumət Qərbin ittihamlarını müxalifətin dili ilə stabilləşdirmək istəyir.
Kim bu şouda iştirak edirsə, kim bu formada müxalifətçiliklə məşğuldursa, öz işidir. Biz heç kimə “ora getmə2 demirik. Sadəcə olaraq deyirik ki, bu, ”iqtidar-müxalifət" dialoqu deyil. Mandat qarşılığında imic düzəltmək cəhdidir. Amma yuxarıda da qeyd etdiyimiz kimi, artıq bu “komanda”ya azarkeşlik edən yoxdur. Oyundankənar vəziyyətdə qapıya vurulan qol qeydə alınmır.
Akif
azadliq.info