Rusiya Azərbaycan kapitalını 2020-ci ilədək investisiya səkilində ölkəsinə yönəltmək istəyir
Rusiya hökuməti sədrinin müavini Arkadiy Dvorkoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı bir sıra mühüm bəyanatlar verib. Iqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayevlə görüş zamanı bir sıra maraqlı statistik rəqəmlər də səslənib. Məlum olub ki, Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan şirkətləri də Rusiyada uğurla fəaliyyət göstərirlər: “Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 1,8 mlrd. ABŞ dolları, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 2004-2013-cü illərdə 1 mlrd. ABŞ dollarından çox birbaşa investisiya qoyulub”.
Görüşdə əsas müzakirə mövzularından biri də 2020-ci ilədək Investisiya sahəsində əməkdaşlıq haqqında planın imzalanması ilə bağlı olub. Məlum olub ki, söhbət Rusiya Birbaşa Investisiyalar Fondu ilə Azərbaycan Dövlət Neft Fondu arasında investisiya platformasının yaradılmasından gedir. Görüşdə bəyan olunub ki, bu cür sənədlərin imzalanması ticarət-investisiya sahəsində yeni layihələrin reallaşdırılmasına gözəl zəmin yaradır.
Daha bir maraqlı nüans baş nazirin müavinin söylədikləri olub. O, qeyd edib ki, Rusiya ABŞ və Qərblə münasibətlərində götürdüyü fasilə fonunda Azərbaycanla əməkdaşlığı daha aktivləşdirə bilər.
Ekspertlər hesab edir ki, Rusiya ilə Azərbaycanın son zamanlar iqtisadi sahədə də yaxınlaşması təsadüfi deyil. Çünki hər iki dövlət ötən müddət ərzində ciddi iqtisadi zərbələr alıb. Rusiya ötən müddət ərzində xarici ticarət dövriyyəsində 60 milyard dollar itiribsə, Azərbaycanda bu göstərici 3 milyard dollardır. Ötən müddətdə investorlar həm Rusiyadan, həm də Azərbaycandan qaçırlar. Rublun məzənnəsində yaşanan düşüş, manatın da başının üstünü alıb. Beynəlxalq reytinq təşkilatları hər iki dövlətin reytinqini aşağı salıb. Yəni hər iki dövlətin həm siyasi, həm də iqtisadi oxşar cəhətləri çoxdur. Ona görə həm Rusiyanın, həm də Azərbaycanın siyasi dairələri yaranmış situasiyadan çıxış yollarını arayırlar.
Görüşdə Azərbaycanda fəaliyyət göstərən rus şirkətlərinin sayının çəkilməsi də təsadüfi sayılmamalıdır. Rusiya bu faktordan Azərbaycana həm xəbərdarlıq, həm də təzyiq kimi istifadə edir. Amma Azərbaycanda Rusiya kapitalının mövcudluğu da ölkəmizə bir sıra təhlükələr yaradır. Çünki Rusiya ilə Azərbaycanın son iqtisadi yaxınlaşmasından daha çox itirən tərəf Azərbaycan olub. Ötən müddət ərzində Azərbaycan “Qazprombank” 400 milyon, “VTB” banka 500 milyon vəsait yatırdıb. Eyni zamanda son zamanlarda Rusiyaya 133 milyon Azərbaycan kapitalı yatırdılıb. Azərbaycan Rusiyaya qoyduğu kapitaldan 300-350 milyon dollar gəlir əldə etməyi düşünürdü. Amma məlum oldu ki, Azərbaycanın ümumilikdə Rusiyaya yatırdığı 700 milyonluq maliyyə vəsaitləri dəyərini itirib. Dəyər itkisi təxminən yarıbayarı olub.
Hikmət