Cənub Qaz Dəhlizinə dair Məşvərət Şurasının Bakıda keçirilən iclasına qatılmaq üçün Azərbaycana səfər edən Yunanıstanın energetika və təbii ehtiyatlar nazir Panaiyotis Lafazanisin hansı şərtlərlə gəldiyi məlum olub.
Virtualaz.org saytı xəbər verir ki, Yunanıstanın solçulardan ibarət yeni hökumətinin mövqeyini ifadə edən, keçmiş kommunist P.Lafazanis Transadriatik Qaz Kəmərinə (TAP) dair əvvəlki hökumətlə imzalanmış müqaviləyə yenidən baxılmasını, Azərbaycanın Yunanıstana satacağı qazın qiymətinin aşağı salınmasını və DESFA şirkətinin səhmlərinin SOCAR-a satılmasına dair müqavilənin dəyişdirilməsini istəyir.
Bu haqda Yunanıstanın “Kathimerini” qəzeti Energetika Nazirliyindəki mənbələrə istinadən yazır. Məqalədə bildirilir ki, P.Lafazanis Bakıda prezident İlham Əliyevlə ayrıca görüş keçirməyi planlaşdırır. Bu görüşdə yunan nazir TAP kəmərindən Yunanıstana çatacaq tranzit haqlarının artırılmasını, Azərbaycandan idxal edilən təbii qazın qiymətinin aşağı salınmasını istəyəcək.
Xatırladaq ki, Yunanıstanın yeni hökuməti Azərbaycanla əvvəlki hökumətin dövründə bağlanmış enerji müqavilələrinə yenidən baxa biləcəyini elan edib.
P.Lafazanis bundan əvvəl bildirmişdi ki, Yunanıstan TAP kəməri layihəsini ancaq ölkə üçün maksimal fayda əldə edəcəyi formada dəstəkləyəcək. Eyni zamanda Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin Azərbaycan Dövlət Neft Şirkətinə 400 milyon avroya satılmasına dair bağlanmış müqaviləyə yenidən baxılması mümkündür.
Rəsmi Bakı Yunanıstanın yeni hökumətinin bu şantajlarına hələlik reaksiya verməyib. Solçu “SYRİZA” partiyasının hakimiyyətə gəlməsindən sonra Afina təkcə Azərbaycanı yox, Avropa İttifaqını da şantaj edir. Yeni hökumət Yunanıstanın yüz milyardlarla dollarlıq dövlət borcunun bir hissəsinin silinməsini, yeni maliyyə yardımlarının ayrılmasını tələb edir, əks halda maliyyə mənbələrini başqa yerdə (Rusiyada) axtara biləcəkləri ilə hədələyir.
Solçular borc və iqtisadi böhran içərisində batan Yunanıstanda sərt qənaət tədbirlərini ləğv edəcəkləri şüarı ilə hakimiyyətə gəlib və indi bu populist vədlərini yerinə yetirmək üçün Avropanın enerji təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinə əngəllər yaratmaqla hədələyir.
“Kathimerini” yazır ki, Bakıda keçirilən iclas çərçivəsində P.Lafazanisin prezident İlham Əliyev və TAP konsorsiumunun yüksək vəzifəli şəxsləri ilə görüşmək, yeni yunan hökumətinin tələblərini çatdırmaq imkanı olacaq.
P.Lafazanis həmçinin DESFA-nın SOCAR-a satılmasına yenidən baxılmasını müzakirə edəcək. Yunanıstanın Energetika Nazirliyindəki mənbələr bildiriblər ki, yeni hökumət DESFA-nın səhmlərinin 66 faizini yox, 49 faizini satmağa tərəfdardır.
İndi gözləmək qalır ki, Azərbaycan rəhbərliyi və Avropa İttifaqı yunan solçularının bu şıltaqlığına nə qədər dözəcək...
Azərbaycan ilk dəfədir ki, belə situasiya ilə qarşılaşır. İlk dəfədir ki, başqa ölkədə yeni hökumət özündən əvvəlkinin Azərbaycanla imzaladığı enerji müqavilələrini yenidən baxmaqla hədələyir.
F.Məmmədov
Virtualaz.org