Minsk görüşü - Kofe və qan içənlər

12-02-2015, 20:05   
Minsk görüşü - Kofe və qan içənlər
16 saat davam edən diplomatiya müharibəsi dünən Belorusun paytaxtını dünyanın siyasi mərkəzinə çevirdi. Başqa vaxt Lukaşenkonun əlini və ayağını diktatorlar muzeyinə qoymağa hazırlaşan Qərb diplomatları Avropanın təhlükəsizliyi əleyhinə situasiya yaranan kimi gəlib Batkanın çörəyini kəsdilər, suyundan içdilər.

Dünya üçün əhəmiyyətli sülh çalışmalarına rezidensiyasını verən, xeyirxahlıqla bütün komandasını onlara təslim edən bir dövlət adamını bundan sonra hansı məntiqlə qeyri-demokratlıqda suçlandırmaq olar? Onun üsul-idarəsi, yaxud ordusu hansı xalqın həyatına ziyan vurur ki? Əksinə, Ukrayna böhranından öz sifətini saxlamaqla çıxan və təkcə dalaşan slavyan qardaşlarına deyil, bir çox demokratiya paytaxtlarına da səxavətlə qapısını açan şəxs məhz Belorusiya lideri idi.

Rusiya telekanallarının canlı yayımda translyasiya etdiyi “4-lər” formatının görüşünü milyonlarla insan izlədi və bunun təkcə Donbasda üz-üzə dayanan on minlərlə silahlı ordu birləşmələrinə deyil, eyni zamanda vasitəçilik missiyasına qoşulan Merkel və Olandın maraqlarını təmsil etdiyi Avropa Birliyinə birbaşa aidiyyatı olduğunu da heç kəsə sübut etməyə ehtiyac yox idi. Ötən həftə Amerika dövlətinin rəhbərləri Kiyevdə səfərdə olduğu bir vaxtda frankoalman təşəbbüsü meydana çıxmışdı və Kerrinin başı üzərindən keçərək əvvəlcə Poroşenkonu, sonra isə bir ildir siyasi-iqtisadi təcridetmədə saxladıqları Putini razı salmaq üçün onun ayağına gələn iki dövlət rəhbəri nəhayət, məsuliyyətlərini anlayaraq, müharibənin miqyasının genişlənməsindən qaçmaq üçün “son şans”a əl atmışdılar.

Danışıqların yekununda “kontakt qrupu”nun imzaladığı və dövlət başçılarının deklarasiya ilə dəstək verdiyi sənədi dünyanın gözlədiyi son sülh müqaviləsi saymaq olarmı? Qətiyyən yox.
Bəllidir ki, Poroşenko hərbi məğlubiyyətini və Debaltsevo ətrafındakı qoşunların mühasirə durumunu son anda özü yoxlamaq üçün danışıqlara Dondasdan gəlmişdi. Hətta bir çoxları Davosa partladılmış avtobusun hissəsini, Münxenə rus pasportlarını aparan prezidentin bu dəfə kaset bombaların başlıqlarını da özü ilə gətirəcəyini deyirdilər. Guya Minsk danışıqları Radanın “təcavüzkar” kimi tanıdığı Rusiyanın mühakimə yeridir. Düzdür, Ukrayna lideri buna qədər hökumətin iclasını keçirərək hansı güzəştlərə gedəcəyinin anonsunu vermişdi. Lakin hərbi meydanda uduzmuş birisinin diplomatiya masasında qeyri-adi məharət göstərərək xalqına qələbə qazandırması qətiyyən mümkün deyildi.



“Sülhün yolu məhz Kremldən keçir. Bunu dünən Minskdə ruhu görünən Heydər Əliyev dahiyanə bir şəkildə bacarmışdı. Əslində belə sülh masaları, diplomatik məharət epopeyalarından danışarkən Azərbaycan liderini xatırlamamaq günah olardı”


Putin Minskə yola düşəndə yaxşı bilirdi ki, o, üçün-birə nisbətində gedən amansız söz və fikir duelinə atılır. Hələ bir gün qabaq Barak Obama telefon açaraq rus liderinə Amerikanın kölgəsini hiss etdirmək, onu psixoloji təzyiqə məruz qoymaq və danışıqlar prosesinin üzərində dayanan ölkənin də məhz okeanın o tərəfində olduğunu bildirmişdi. Çünki Qərb kuluarlarında Ukrayna məsələsinə baxışda, xüsusilə silah məsələsində fikir ayrılığının mövcudluğu haqda həqiqəti əks etdirən söhbətlər gedirdi və rəsmi Vaşinqton buna biganə qala bilməzdi. Obamanın məsləhətçiləri bir ildir blokladıqları kanalı açaraq Obamanın səsini Rusiya rəhbərinə çatdırmışdılar.

Amma döyüş qabiliyyətli ordusu olmayan bir dövlət silah verib onu Liviyaya və İraqa çevirməyin kimə gərək olduğunu hamı bilir. II dünya müharibəsində vahid bir səngəri və taleyi bölüşən eyni bir millətin yeni tarixi düşmənçilik üzərində qurulmalıdır.
Moskvanın başı üzərindəki sanksiyaların genişləndirilməsi barəsində yeni təşəbbüslər də Rusiyanı danışıqlardan elə bir nəticə ilə çıxmağı tələb edirdi ki, yekunda həm Novorosiya udsun, həm frau Merkel sülhpərvər missiyasının uğuruna inansın və alman-rus münasibətləri normallaşsın, həmçinin Ukraynanın siyasi çöküşü davam etsin və Qərb bu dövlətdən əlini çəksin.

Artıq detalları elan olunmuş ən uzunmüddətli tarixi görüşün kimin xeyrinə qurtardığını söyləyə bilərik. İndi siz II dünya müharibəsinin son üç ilində keçirilən diplomatik raundları Minsk gecəsi ilə müqayisə edə bilərsiniz. Fərq ortadadır, deyilmi?

Hə, Oland, yaxud Merkel siyasətdə uğur qazanmış insanlardır. Lakin Çörçilin və Rusveltin böyük ruhu yenidən dirçəlib gəlsəydilər, dünya müharibəsinə çevrilməmiş bir böhran ətrafında əyləşsəydilər, hadislər necə inkişaf edərdi? Həqiqətən də siyasi tutumların bir araya sığmadığı aydın görünür. Müasir Avropa cılız liderlərin idarəsi altında qalıb.



Ona görə Putin növbəti qələbəsini qazandı. Şərtlərə diqqətlə baxdığınızda bunlara əmin olacaqsız. 15 fevraldan başlayaraq atəş dayandırıla bilər. Onsuz da tərəflərə taym-aut gərəkdir. Xatırlayırsızsa, ötən dəfə də belə olmuşdu. 19 sentyabr 2014-cü ilin razılaşması Kiyevin və Luqansk-Donetsk hakimiyyətinin yeni planlarına cəmi bir həftə tab gətirdi.
Atəşkəsin əldə olunması Rusiyanı növbəti sanksiyalardan qorumaq üçün çox gərəkli idi. Amma müvəqqəti. Çünki müharibənin öz məntiqi var. Hələ hesablar tam çəkilib qurtarmayıb. Həm daxildə, həm də xaricdə. Maydandan və səngərdən iqtidara gələn yeni inqilabi hökumətin heç də bütün üzvləri sülh istəmir. Oleq Lyaşkonun məhz ağır danışıqlara yollanacaq prezidentini satqınlıqda qınaması, məğlubiyyəti yalnız bir adamın ayağına yazması nə irəli, nə də geri getməyə yolu qalmayan bir şəxsin çıxılmazlığından xəbər verir.
Diqqət edin, Ukraynanın konstitusiyası məhz Donbasda gedən döyüşlərdə yenidən yazılır. Olandın və Merkelin imzası olan sənəddə Poroşenko belə islahatları öz üzərinə bir öhdəlik kimi götürüb. İndi məlum ekspertlər bunun demərkəzləşmə olduğunu, federal və konfederal bir sistemə keçilməyəcəyini bir ağızdan söyləyəcəklər. Hətta artıq belə açıqlamaları tez-tələsik yayıblar da. Yəni, birdən əleyhdarlar bayrağı və silahı götürüb düşərlər küçəyə və 3-cü Maydan başlayar.

Növbəti bəndlərdə, Ukrayna hakimiyyəti vuruşan bütün şəxslərə amnistiya verməyə məcbur edilir. Hələ azmış kimi bütün əhalinin dövlət tərəfindən ödənişlərinin həyata keçirilməsi də onların üzərində qalır.

Bəs dünən “terroçu”, “separatçı” dediklərinə humanitar yardım verəndə, yaxud onları heç bir cinayəti olmayan insanlar kimi tanıyanda xalq sizi nə adlandıracaq? Övladlarını itirmiş on minlərlə insan və milyondan artıq qaçqının qarşısında nə cavab verəcəksiz?



İndi raket zərbələri ilə dağıdılan və danışıqlar gedərkən də dayanmayan döyüş bölgələrinin bərpasını da heç kəs yox, məhz Ukrayna hökuməti etməlidir. Almaniya da bir qədər köməklik göstərmək haqda cəmi bir maddəlik öhdəlik altına girməyə söz verir, o da yalnız bank sektoruna. Bəs yeni inqilabçılar deyirdilər ki, gəlin uduzub o regionları bağlayaq rusun boğazına və ticari embarqo ilə çökən Moskva Donbasın yenidən quruculuğu ilə dağılmağa daha tez yaxınlaşsın.

İndi BVF-nin qəsdən dünəndən daha çox tirajladığı yardımı, yəni, əvvəlcə 17.5 milyard dolları, sonra 30 milyard dollarlıq krediti hara xərcləyəcəklər? Tarixin ironiyasına baxın: əvvəlcə tank və topla bütöv şəhərləri dağıdıb, sonra onun bərpasının qayğısına qalırlar. Axı onlar borc kimi sadə vətəndaşın kürəyinə yazılır. Onsuz da 140 milyard dollardan artıq borcun ağır yükü üzərinə yeni müharibə xərclərini gəlməyin mənası nədir?

Danışıqlar təkcə bir bölgəyə fokuslana bilməzdi. Ona görə Ukrayna Avropa Birliyi ilə iqtisadi münasibətlərini də Rusiya ilə məsləhətləşmədən həyata keçirməlidir və buna dair maddələrin altına imzasını qoyub. Bəs Yanukoviçi niyə devirmişdilər? Üsyanın önündə gedənlərin, snayperə tuş gələn 100 nəfərlik ləyaqət qurbanlarının və yeni hökumətin inqilabi platforması harada qaldı?

Yəqin, bir müddət sonra NATO-ya və heç bir hərbi bloka qoşulmamaq haqda ali qanuna dəyişikliklər də gündəmə gələcəkdir. Bax onda itirilmiş torpaqların və üz-üzə dayanan qardaşların apardığı müharibənin mənası tamam itəcək: axı nəyin uğrunda döyüşürdülər?
Dünən Poroşenko separatçı liderlərlə bir masada oturmaq istəmədi. Ona tez-tez gələn zənglərdə təlimatların haradan verildiyini təyin etmək elə də çətin deyildi. Lakin bir gün Poroşenkonu Moskvada görsəniz, onda əslində bir millət-iki dövlət olan vahid bir slavyan qardaşlarının bir-birinə düşmənçiliyini yaradanlar tərəfindən “şokolad kralı”na Kiyevə dönüş qadağan ediləcək. Lakin sülhün yolu məhz Kremldən keçir.



Bunu dünən Minskdə ruhu görünən Heydər Əliyev dahiyanə bir şəkildə bacarmışdı. Əslində belə sülh masaları, diplomatik məharət epopeyalarından danışarkən Azərbaycan liderini xatırlamamaq günah olardı. İlham Əliyev Münxendə Ukraynanı bir güzgü adlandırmışdı. Bu doğrudan da belədir. Bir test və ayna kimi hamının maraqlarını, niyyətlərini ona baxıb təyin etmək indi daha asandır. Amma Azərbaycanın 1993-cü ili dünya üçün bir ayrı güzgüdür.
Müharibəni uduzmuş bir ölkənin siyasi varlığına qənim kəsilənlərin qarşısına çıxmaq, ölkədə hökm sürən xaos diktaturasının üzərinə getmək və düşmənlə müvəqqəti sülh imzalayarkən onlara ağır hərbi reallığı sənəd üzərinə daşımağa qoymamaq çox nadir hallarda mümkün olur. Heydər Əliyev bunları bacarmışdı.

Özü də heç bir beynəlxalq himayədarlar və yardımlar olmadan meydanda təkbaşına mübarizə aparmaq, yalın əllə vuruşmaq qat-qat çətin idi. İndi Ukraynanın şəxsi iradəsi özündən asılı deyil. Lakin Heydər Əliyev bütün riskləri hesablayaraq o zaman müharibəni başlayan Kremlə gedə bilmişdi. Miqyasca kiçik bir ölkə rəhbərinin münaqişələrdən necə çıxmaq sualı haqda düşünən Qərb siyasətçilərinə qoyub getdiyi əvəzsiz irs bundan ibarətdir. Ukraynanın əhali və ərazi miqyasına uyğun gəlməyən rəhbərinin Heydər Əliyevdən öyrənməli olduğu məhz budur.

Merkel və Oland Donbas uğrunda döyüşü uduzdular. Ukraynanın cəsədi Qərblə Rusiyanın arasında qalıb. İstəsəniz adına bufer zona da deyə bilərsiniz.

Atəş səsləri səngərlərdən paytaxtlara və isti kabinetlərə keçməkdə davam edir. Ukrayna ətrafında gedən döyüşlərin təmas xətti Vaşinqtondan Berlinə, Kiyevdən Kremlə qədər geniş bir zolaqdan keçir. Lakin makedoniyalı İsgəndərlə bağlı əsatirdə deyildiyi kimi, siyasi başlar hələ ki, qandan doymayıb.

Lukaşenko gecəni sarayda keçirən liderlərin yumurta, pendir və çoxlu kofe tükətdiklərini söyləyir. Batka axı haqlıdır: məgər minlərlə insanın axan qanını dayandırmaq üçün “vedrələrlə qəhvə” nədir ki!
/musavat.com/
Zahid ORUC, Milli Məclisin deputatı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.