“Vəziyyət belə davam etsə, ölkə rəsmilərinə qarşı sanksiyalar gündəmə gələ bilər”
“Azərbaycan hakimiyyəti xarici siyasətdə və daxildə tənqidlərə münasibətdə Rusiyaya yaxınlaşmağa meyllidir”
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Alt Komitəsində “Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik və insan haqları maraqları” mövzusunda dinləmə keçirilib. Dinləmədə Vudro Vilson Beynəlxalq Araşdırmalar Mərkəzinin tədqiqatçısı Odri Alştadt, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç və Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Institutunun direktoru Svante Kornel konqresmenlər qarşısında çıxış ediblər.
Dinləməyə konqresmen Rohrabaker sədrlik edib. O, açılış çıxışında Azərbaycanın ABŞ-la strateji əməkdaşlığının vacibliyindən danışıb. Rohrabaker Azərbaycanın insan haqlarının pozulduğu ölkələrlə qonşu olduğunu və lakin bunun ölkədə insan hüquqları sahəsində pozuntlara bəraət qazandırmağa əsas vermədiyini deyib: “Azərbaycan hökuməti tənqidləri ağrılı qəbul edir və bu da onu qəbuledilməz və lazım olmayan hərəkətlərə sürükləyir. Beləliklə, bizim hamımıza, o cümlədən özünə problem yaradır. Bugünkü dinləmənin məqsədi heç də Azərbaycanı ədalətsiz şəkildə yıxıb-sürümək deyil. Amma o da var ki, onun qüsurlarına göz yummaq vəziyyəti heç də yaxşılaşdırmayacaq. Düzdür, Azərbaycan elə ölkələrlə həmsərhəddir ki, orada insan haqlarının vəziyyəti daha pisdir. Amma bir ölkədə insan haqlarının vəziyyətinin çox pis olması o biri ölkədə pis olmasına bəraət qazandırmamalıdır”.
“Əliyev bilməlidir ki, vətəndaş cəmiyyətinə münasibət bizi narahat edir”
Daha sonra çıxış edən konqresmen Qreqori Miks Azərbaycanın iqtisadi nailiyyətlərini göstərib, lakin insan haqları və demokratiya sahəsində bir sıra problemin olduğunu qeyd edib. O, ABŞ-ın Azərbaycan iqtisadiyyatının diversifikasiyası və Azərbaycanın öz resurslarından düzgün istifadə edərək, ölkədə yoxsulluğun aradan qaldırılması səylərinə kömək edəcəyini bildirib. Nyu York konqresmeni eyni zamanda demokratik idarəçiliyin strateci əhəmiyyətini vurğulayıb: “Ilham Əliyev bilməlidir ki, Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti üzvlərinə qarşı münasibəti bizi narahat edir. Biz onlarla bütün vətəndaşların ifadə azadlıqlarının təmin olunması yolunda əməkdaşlıq etmək istəyirik”.
Konqresmen Albio Sayrs isə Azərbaycanda korrupsiya, insan haqları pozuntuları, media və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərlə bağlı narahatlığını bildirib. “Biz hamımız bilirik ki, demokratiya vətəndaşların öz fikirlərini azad şəkildə ifadə etməsinə şərait yaradılmadan mövcud ola bilməz” - deyə o vurğulayıb.
“Demokratiya üçün mübarizə aparanlar həyəcan doğuracaq templə həbsə atılır”
Konqresmen Ted Dötç Azərbaycan və ABŞ arasında enerji və anti-terrorizm sahələrində əməkdaşlığın vacibliyini vurğulayıb. “Lakin bu o demək deyil ki, biz ölkədə insan haqları sahəsində vəziyyətə əhəmiyyət verməməliyik. Azərbaycanda insan haqları ilə bağlı yaranmış vəziyyəti diqqətdən kənar qoymaq olmaz. QHT-lər qorxudulur və bağlanır, azad media və curnalistika basqı altındadır, demokratiya uğrunda mübarizə aparan fəallar həyəcan doğuracaq templə həbsə atılır”,- deyə o vurğulayıb.
Ted Dötç xatırladıb ki, ötən ilin dekabrında Azərbaycanın hüquq-mühafizə orqanları Bakıda Azad Avropa və “Azadlıq” Radioları Korporasiyasının ofisini və bir sıra başqa ABŞ proqramlarını qapadıblar. “Əgər məsələ o həddə çatırsa ki, ölkədə demokratiya və insan haqlarının vəziyyətini yaxşılaşdırmağa çalışan beynəlxalq mülki cəmiyyət qrupları repressiya və həbs qorxusundan fəaliyyətlərini dayandırmağa məcbur olurlar, onda hökumətə ciddi siqnal göndərilməlidir ki, onun siyasəti yanlış səmtə yönəlib”,- deyə o bildirib.
“Hökumət legitimliyini itirərək məğlubiyyətə uğrayır”
Vudro Vilson Beynəlxalq Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tarixçi alim Odri Alştadt Azərbaycanın müstəqil və sabit dövlət olduğunu, ancaq demokratik ölkə olmadığını və hökümətin insan haqlarına hörmət etmədiyini bildirib. O deyib ki, ölkədə repressiyalar 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra daha da artıb.
“Belə etməklə Azərbaycan höküməti legitimliyini itirərək məğlubiyyətə uğrayır. Və bu radikallığa yol aça bilər” deyən tədqiqatçı alim Bakının “Maydan”a çevrilə biləcəyi ehtimalını irəli sürüb.
Alştadt daha sonra deyib: “2015-ci il Azərbaycan-ABŞ münasibətlərinin gələn 5 ildə münasibətlərinin müəyyənləşməsində dönüş ili ola bilər. Azərbaycanın qonşuları ilə ticarət əlaqələri və dostluq münasibətləri qurmalıdır. Son hadisələr göstərir ki, Azərbaycan hakimiyyəti və ya hakim elitanın içində müəyyən dairələr xarici siyasətdə və daxili siyasətdəki tənqidlərə münasibətdə Rusiyaya yaxınlaşmağa meyllidir. Lakin Ilham Əliyevin Putinlə çoxsaylı görüşlərinə baxmayaraq, bu istiqamətdə hərəkət etməkdə Azərbaycanın imkanları məhduddur. Ilham Əliyevin ətrafında həyat tərzi və biznesdə Qərbin təklif etdiyi imkanlara üstünlük verənlər çoxdur. Ona görə də ehtmal olunur ki, Azərbaycan rəhbərliyi xarici siyasətdə yeni balans axtararaq Rusiya, Iran, Türkiyə, Israil, ABŞ da daxil olmaqla Qərblə yeni münasibətlər qurmağa calışacaq”.
Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Institutunun direktoru Svante Kornel son illərdə ABŞ-ın Azərbaycandakı inkişafa təsirinin azaldığını deyib. O bildirib ki, on il öncə Azərbaycan höküməti ABŞ-ın tənqidlərini daha yaxşı qəbul edirdi. Indiki dəyişimin səbəbini isə o, ABŞ-ın regiondakı təhlükəsizlik və enerji sahəsindəki maraqlarının azalması ilə izah edib.
“Azərbaycan ABŞ-ın maraqlarına da təhlükə törədir”
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Azərbaycan-ABŞ münasibətlərinin zəiflədiyini qeyd edib.
“Azərbaycan hökümətinin ABŞ-ı Ukraynadakı Maydan hadisəsini təşviq etməkdə və ölkədə beşinci kolon yaratmaqda günahlandırması iki ölkə arasında əməkdaşlıq üçün müsbət hal deyil. Biz yalnız ölkədə demokratiya yarandıqdan sonra əməkdaşlıq barədə danışa bilərik. Insan haqlarına basqı ABŞ-ın təhlükəsizliyinə ən böyük təhdiddir. Son 20 ildə biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik. Lakin Azəbaycan hakimiyyəti liberal institulara təzyiq edəndə, ölkədə demokratiya və insan haqlarını tələb edən şəxsləri həbs edəndə siyasi və sosial sferada başqa - Azərbaycanın stabilliyinə böyük təhlükə yaradan daha güclü qüvvələrə yol açır. Səhv etməyin, radikal Islam yaranan boşluğu çox sürətlə doldurur. Onlar ancaq Amerika və Israil bayraqlarını yandırmırlar. Onlar Suriyaya IŞID sıralarına döyüşçülər göndərirlər. Bu döyüşçülər geri qayıdanda ancaq Azərbaycana deyil, ABŞ-ın maraqlarına da təhlükə törədirlər. Ona görə də insan haqları ikinci dərəcəli məsələ kimi nəzərdən keçirilməli deyil”,- deyə Kozlariç bildirib.
Keçmiş səfir onu da qeyd edib ki, Azərbaycanda insan haqları sahəsində vəziyyət belə davam etsə, ölkə rəsmilərinə qarşı sanksiyaların tətbiqi məsələsi gündəmə gələ bilər.
“Səslənən fikirlər Konqresin Azərbaycanla bağlı narahatlığını açıq şəkildə büruzə verir”
Amma Azərbaycan məsələsinin uzun müddət ABŞ-ın gündəmində qalmasını hakimiyyətə bir mesaj kimi dəyərləndirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, postsovet məkanında başlayan proseslərə baxmayaraq Azərbaycan məsələsi diqqətdən yayınmır. Dinləmələrin Azərbaycanla bağlı siyasətin müəyyənləşməsi baxımından önəm daşıdığını düşünən F.Qəhrəmanlı vurğuladı ki, müzakirələrdə Azərbaycandakı duruma adekvat fikirlər səslənir: “Dinləməyə sədrlik edən konqresmen Rohrabaker bildirib ki, müzakirələri keçirməkdə məqsəd heç də Azərbaycanı yıxıb-sürümək deyil. Amma təəssüf ki, Azərbaycan səslənən tənqidlərə düzgün reaksiya vermir, yanlış nəticələr çıxarır, bununla da həm ABŞ-ı, həm də özünü çətin vəziyyətə salır. Əslində bu doğru yanaşma tərzidir. Çünki doğurdan da Azərbaycan hakimiyyətinin Qərbdən gələn təzyiqlərə verdiyi reaksiyalar vəziyyətin daha da ağırlaşmasına gətirib çıxarır. Azərbaycan bir dalana dirənir. Hakimiyyət repressiyalarla özünü müdafiə etməyə çalışdıqca həm ölkə daxilində qütbləşmə pisləşir, həm də Azərbaycanın beynəlxalq səviyyədə təcridi dərinləşir. Dinləmələrdə hakimiyyətin Qərbyönümlü institutlara qarşı zorakı xarakterli tədbirlər görməsi onların fəaliyyətini məhdudlaşdırması fikri də ölkədəki duruma adekvat reaksiyadır”.
F.Qəhrəmanlının sözlərinə görə, ən maraqlı fikirlərdən biri də Kozlariçin səsləndirdiyi fikirlərdir. Belə ki, Kozlariç açıq şəkildə bəyan edir ki, Azərbaycanda baş verənlər təkcə ölkənin daxili işi deyil. Demokratiya məsələsi həm də ABŞ-ın milli təhlükəsizlik məsələsidir. Çünki demokratik institutların boğulması cəmiyyətdə radikal boşluq yaradır və bu boşluğu da radikal Islam təmayülü doldurur. F.Qəhrəmanlının fikrincə, bunun simptomları 300 nəfər azərbaycanlının Suriyada IŞID sıralarında döyüşməsidir. Bu cür radikal cərəyanların təsiri altında olan insanların geri qayıtdıqdan sonra hansı davranışlara yol verəcəyi məlum deyil: “Dinləmələrdə səslənən fikirlər Konqresin Azərbaycanda baş verənlərlə bağlı narahatlığını açıq şəkildə büruzə verir. Eyni zamanda əsas nəticələrdən biri budur ki, bu məsələlərin üzərindən nəyinsə xətrinə keçmək fikirləri yoxdur. Dinləmələrdə belə fikir də səslənib ki, Azərbaycanın qonşu olduğu dövlətlərdə insan haqlarının vəziyyətinə görə yaxşı durumda deyirlər. Amma bu Azərbaycanda baş verən hüquq pozuntularına bəraət qazandırmır. Yəni heç bir bəhanə ilə ölkədəki durum barədə barışmaz olmaz. Kozlariçin fikrincə, Azərbaycanın siyasəti dəyişməzsə, vəziyyətdən çıxış yolu məmurlara sanksiyanın tətbiqidir. Azərbaycana qarşı sanksiyaların tətbiqi Konqres dinləmələrində gündəmə gətirilən bir mövqedir. Bu o həm də Azərbaycana ünvanlanmış bir xəbərdarlıqdır. Vəziyyət dəyişməzsə, Azərbaycana qarşı daha konkret və ciddi addımlar atıla bilər”.
F.Qəhrəmanlı onu da bildirdi ki, bütün bu müzakirələr daha ciddi qərarların qəbul olunması üçün hazırlıq xarakteri daşıyır.
Xəyal