Vəfa Quluzadə: «Münaqişənin həllində tərəflər hər dəfə razılığa gələndə Moskva buna mane olur»
Avropa Ittifaqının Qarabağ məsələsində fəallaşdığı bir dönəmdə Rusiya və Iran bu məsələni müzakirə etməyə başlayıb. Xatırladaq ki, dövlət başçısı Ilham Əliyevin bir müddət öncə Almaniyaya səfəri zamanı kansler Angela Merkellə də bu mövzu ətrafında fikir mübadiləsi aparılıb. Ankela Merkel Almaniyanın Qarabağ probleminin həllilə daha yaxından məşğul olmaq niyyətini ifadə edib.
Bu ərəfədə Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Sergey Qlazev Qafqaz ölkələrinin gələcəkdə Avrasiya Iqtisadi Birliyinə qoşulmaları üçün olduqca münbit şəraitin olduğunu söyləyib. Sergey Qlazev Ermənistanın Avrasiya Ittifaqının ilk qaranquşu olduğunu bildirib: “Bütün Cənubi Qafqaz ölkələrinin Avrasiya Ittifaqına üzvlüyü gələcəkdə regional konfliktlərin həllinə kömək edəcək. Əgər bizim vahid iqtisadi məkanımız, sərhədlərimiz olsa, Gürcüstanın dezinteqrasiyasının qarşısı alınmış olar. Bu, eyni zamanda Azərbaycan və Ermənistan arasında problemləri də aradan qaldırar. Məncə, Avrasiya Ittifaqına daxil olmadan Cənubi Qafqazdakı problemlərin həlli mümkün deyil”.
Beləliklə, Rusiya tərəfi konfliktin həllində bir maneə olduğunu aşkar şəkildə ortaya qoyub.
Digər qonşu dövlət olan Iranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin fevralın 15-də Bakıya səfəri zamanı da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi bildirilib. Bu barədə “Trend”ə Iranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi M.C.Zərifi Dağlıq Qarabağ münaqişəsinin son hadisələri, eləcə də Bakının bu məsələ üzrə mövqeyi barədə məlumatlandıracaq. M.Pakayin qeyd edib ki, Iran münaqişənin başlanmasından etibarən nizamlanmada vasitəçiliyini təklif edib: “Iran ölkələrin qərarına hörmət edir, hərçənd ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı nikbin düşünməyib. Iran münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərini əsirgəməcəyək”.
Iran XIN rəhbərinin Bakıdakı görüşlərinə gəlincə, səfir bildirib ki, rəsmi görüşlər fevralın 16-da səhər saatlarında başlayacaq. M.C.Zərifin prezident Ilham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, baş nazir Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılıb. O vurğulayb ki, tərəflər daha əvvəl müxtəlif sahələrdə əldə edilmiş razılaşmaların reallaşdırılmasını müzakirə edəcəklər: “Tehran və Bakı,eyni zamanda regional məsələləri müzakirə edəcəklər. Iki ölkənin ekstremizm və terrorçuluqla mübarizəyə münasibətdə oxşar baxışları var”.
Səfir vurğulayıb ki, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə danışıqlar aparacaqlar və regional münaqişələrin həllinə yönəldilmiş səyləri müzakirə edəcəklər.
Politoloq Vəfa Quluzadə hər iki ölkənin Qarabağ probleminə münasibətini şərh edərkən Qarabağın köhnə, Gömrük Ittifaqının isə yeni məsələ olduğunu vurğulayır. Deyir ki, Qarabağ məsələsilə bağlı tərəflər hər dəfə razılığa gələndə Moskva həmin razılığa mane olub: “Putinin müşaviri sözügedən açıqlamanı verirkən gözə toz üfürür və açıq-aşkar yalan danışır. Gömrük Ittifaqına daxil olmaq Qarabağ məsələsinin həllinə çıxarmayacaq. Qarabağ məsələsinin həlli reallaşsa, onda Azərbaycan Gömrük Ittifaqına üzv ola bilər. Məsələnin qoyuluşu belə daha uyğun olar. Lakin bunu etmirlər. Çünki özlərinin təsir rıçaqını tərəflərə bildirirlər. Onlar bizi daim boyunduruqda saxlamaq istəyirlər. Bizim boyunduruğumuzun adı Qarabağ münaqişəsidir. Bu münaqişəni yaradan da Rusiya imperiyasıdır. Qriboyedovun Dağlıq Qarabağa 40 min ermənini köçürməsi sənədlərlə sübut olunub. Sovet Ittifaqı Ermənistanla Azərbaycan arasında müharibə yaradıb və Zəngəzuru Ermənistana verib. Ərazimizdəki Dağlıq Qarabağ Muxtar Vilayətini erməni vilayəti elan ediblər. Bu, böyük imperiyanın apardığı siyasətdir. Ona görə də olanları nəzərdən keçirəndə aşkar olur ki, konfliktin həllinə maneçilik törədən Rusiyadır. Iran burda canfəşanlıq edir. Bu canfəşanlıq da Sovet Hakimiyyəti çökəndən sonra başlayıb. Lakin Qarabağ məsələsinin həllinə imkanı olmadığına görə o, bunu etmədi”.
Nigar