“Moskva Bakı ilə gizli Qarabağ danışıqları aparır”

17-02-2015, 10:12   
“Moskva Bakı ilə gizli Qarabağ danışıqları aparır”

Konfliktin həllinə nəzarət uğrunda Qərb-Rusiya rəqabəti yeni fazaya adlayıb; Kreml Avrasiya layihələrini xilas eləmək üçün son həmlə hazırlıqları içində...
Artıq reallıqdır ki, Rusiya postsovet məkanına nəzarəti müstəsna olaraq özünün müəllifin olduğu etnik-ərazi münaqişələri vasitəsilə həyata keçirməyə çalışır. Aylardır Ukraynada yaşananların başlıca motivi də elə budur - həmsərhəd, keçmiş sovet respublikalarında separatçılığı qızışdırmaqla bu ölkələrin daxili işlərinə real təzyiq rıçaqları qazanmaq, onları zorla SSRİ-nin yeni formatı olacaq Avrasiya Birliyinə, Gömrük İttifaqına qoşmaq.

Şübhə yox ki, Dağlıq Qarabağ problemi Putin hökuməti üçün ilk növbədə bu kontekstdə önəm daşıyır. Moskva həm də tələsir. Çünki Avrasiya layihəsinin reallaşması uzanarsa, onun indiki üzvlərlə effekti böyük olmayacaq və günün birində Qazaxıstanla Belarus da onu tərk edə bilər. Ukrayna onsuz da əldən çıxmış kimidir.

Bu xüsusda Avrasiya Birliyinə dolğunluq gətirəcək yeganə ölkə Azərbaycandır. Müşahidələr göstərir ki, Kreml Bakını öz “caynağına” keçirmək üçün səylərini heç vaxt dayandırmayıb, tam əksinə Ukrayna uğursuzluqları fonunda gücləndirib. Amma Azərbaycanın indiyədək Moskvanın günahı üzündən həll edilməmiş Dağlıq Qarabağ problemi var.

Bəzi təhlilçilərə görə, Qərbin Qarabağ təşəbbüskarlığını nə vaxtsa bütünlüklə öz əlinə alacağından ehtiyatlanan Rusiya, hər halda, tələsməyə və təbii ki, öz maraqları da ciddiyə alınmaqla konfliktin hansısa formada həllinə məcbur duruma gəlib. Çünki heç kim bilmir ki, bir neçə ay sonra postsovet məkanındakı münaqişələrə hansı güc mərkəzinin təsiri daha güclü olacaq - Rusiyanın, yoxsa ABŞ və Avropanın? Moskvalı emissarlarının Bakıya artan səfərləri və bəzi Rusiya rəsmilərinin son açıqlamaları bu qənaəti möhkəmləndirir.
“Rusiya tezliklə Qarabağ münaqişəsini həll etmək barədə düşünür”.

Bu barədə Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitə sədrinin 1-ci müavini Vladimir Nikitin srağagün “Vesti kavkaza” nəşrinə açıqlamasında deyib. Rusiya və Azərbaycan arasında əlaqələrin “əla olduğunu”, Bakının yaxın gələcəkdə Avrasiya Birliyinə daxil olmaq barədə düşünəcəyinə ümid etdiyini deyən rəsminin sözlərinə görə, Moskva Dağlıq Qarabağ probleminin həlli üçün son illər səylərini daha da artırıb.



“Mən bilirəm ki, Rusiya prezidenti Vladimir Putin və Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin həlli yönündə razılığa gələ bilmələri üçün hazırda bir sıra məsələlər üzərində işləyirlər. Ümid edirəm ki, hər iki tərəf üçün olduqca ağrılı olan konfliktin optimal həll yolu tapılacaq, - deyə o əlavə edib.

Yəni belə çıxır, Moskva bu istiqamətdə Bakı və İrəvanla hər halda, hansısa konfidensial çalışmalar (müzakirələr) içindədir. Ukrayna məsələsində - “Normand dördlüyü” müstəvisində Rusiyanın Qərb qarşısında diplomatik geriliyini nəzərə alsaq - heç də istisna deyil. Ancaq məsələ ondadır ki, Rusiya Qarabağ probleminin həllini əsasən Moskvanın dominant olduğu Avrasiya İqtisadi Birliyi çərçivəsində görür. Faktiki surətdə söhbət köhnə SSRİ formatında “həll”dən, daha doğrusu, münaqişəni naməlum müddətə dondurmaqdan gedir.



Prezident Vladimir Putinin köməkçisi Sergey Qlazyov bugünlərdə elə həmin dərgiyə verdiyi açıqlama buna şübhə saxlamır. Sitat: “Düşünürəm ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması ilk qaranquşdur. Regiondakı bütün konfliktlərin həlli üç Cənubi Qafqaz ölkələrinin bu ittifaqda təmsilçiliyinə bağlıdır. Əgər bizim vahid iqtisadi məkanımız olsa, o zaman heç bir sərhəd olmayacaq və dezinteqrasiya problemləri də aradan qalxacaq. O sırada Qarabağ problemi yoluna qoyulacaq, çünki malların və insanların yerdəyişməsinə mane olan sərhədlər aradan qalxmış olacaq”.

Beləliklə, Kreml Avrasiya layihələrini xilas eləmək üçün son həmlə hazırlıqları içində görünür. Bir daha aydın olur ki, Rusiya Azərbaycanı da Ermənistan kimi öz yanında görməklə, onu da özünün Avrasiya layihələrinə qoşmaqla Qarabağ məsələsinə hansısa həll və edir. Ayrı sözlərlə, hansısa məxfi danışıqlar gedirsə də, bu, böyük ehtimalla Putinin köməkçisinin cızdığı kontekstdədir.

Lakin zaman-zaman yazdığımız kimi, rəsmi Bakını münaqişənin dondurulması yox, Rusiyanın təzyiqi ilə işğal altındakı ərazilərin boşaldılması maraqlandırır. Bir çox analitiklərə görə, Azərbaycanın Moskva önündə ən böyük “Avrasiya şərti” də elə budur - öncə ərazilər, sonra birliyə üzvlük.

Düşünmürük ki, Ukrayna böhranı fonunda Bakının bu şərti ciddi korrektəyə uğrasın. Ona görə ki, Rusiyanın postsovet məkanındakı münaqişələrə təsir imkanları 6-7 öncəki ilə müqayisədə zəifləyib ki, güclənməyib. Hərgah, Ermənistana real təsir rıçaqları dəyişməz qalır. Demək, Kremlin Bakının əsas şərtini ödəmək imkanı da hələ ki, ciddi olaraq qalır...

Siyasət şöbəsi /musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.