Neftçala təhsil sisteminin daha bir dəhşəti: Orta məktəblərdə narkoticarət - Nazirin diqqətinə...

17-02-2015, 15:56   
Neftçala təhsil sisteminin daha bir dəhşəti: Orta məktəblərdə narkoticarət - Nazirin diqqətinə...
Mikayıl Cabbarovun nazir vəzifəsinə keçəndən sonra təhsil sahəsində həyata keçirdiyi islahatlar göz qabağındadır. İnsaf naminə qeyd etmək lazımdır ki, o keçmiş nazir Misir Mərdanovun dövründə meydana çıxmış bir sıra neqativ halları aradan qaldırmağa nail oldu. Buna baxmayaraq, ölkəmizin təhsil sistemində hələ də xoşagəlməz məqamlar müşahidə edilməkdədir.

Hörmətli Mikayıl müəllim bizə məlum olmayan səbəblərə görə yerli təhsil şöbələrində islahatlara o qədər də üstünlük vermir. Təhsil şöbələrinin müdirlərinin bir çoxu Misir Mərdanovun dövründə vəzifəyə qoyulan şəxslərdir. Elə buna görədir ki, bəzi bölgələrimizdə təhsil sisteminin durumu istənilən səviyyədə deyil. Buna misal olaraq Neftçala Rayon Təhsil Şöbəsini (RTŞ) göstərmək olar. Şöbədə cərəyan edən hadisələr, eləcə də şöbə müdiri Əjdər Kərimovun fəaliyyətindəki çatışmazlıqlar haqqında redaksiyamıza ilginc məlumatlar daxil olub. Adının açıqlanmamasını xahiş edən rayon sakininin sözlərinə görə, şöbə müdiri Neftçalanın təhsilini bərbad hala salıb: "Əjdər Kərimovun başı başqa işlərə qarışdığından orta məktəblərdə dərslərin səviyyəsi əvvəlki illərə nisbətən xeyli aşağı düşüb. Buna görədir ki, valideynlər ciddi şəkildə narazılıq edir və təhsil şöbəsindən dönüş yaratmasını tələb edirlər. Neftçalanın orta məktəblərində uşaqlar savadsız şəkildə böyüyürlər. Çünki dərslər keçirilmir, uşaqların dərsə gəlmə davamiyyəti aşağıdır, müəllimlər isə fərdi qaydada uşaq hazırlamağa üstünlük verirlər. Məsələdən xəbərdar olan Əjdər Kərimov isə direktorlardan nəysə yığmaqla məşğuldur. Yəni rayonun təhsil sisteminin uçuruma doğru getməsi şöbə müdirinin vecinə belə deyil. Abituriyentlər arasında ali məktəblərə daxil olma göstəriciləri ildən-ilə aşağı düşür. Təhsil Şöbəsinin müdiri isə buna məhəl qoymur, əvəzində icra başçısı İsmayıl Vəliyevin adından müəllimlərdən "şirinlik" alır. Neftçalada müəllimlərin və direktorların işə qəbulu məsələsi də fərqlidir. Kim direktor, yaxud müəllim işləmək istəyirsə, Əjdər Kərimovun "imtahanından" keçməlidir. Bu "imtahandan" kəsilməmək üçün şöbə müdirinə mütləq "hörmət" etmək lazımdır". Qeyd edək ki, son vaxtlar Neftçalanın təhsil sisteminə, daha doğrusu, məktəblərin təmir-bərpa işlərinə ayrılan büdcə vəsaitlərinin yeyilməsi barədə də söhbətlər yayılmağa başlayıb. Neftçala şəhəri, Neftçala-Salyan şössesində yerləşən tikinti idarəsinin müdiri Əliyev İmanqulu İsabala oğlu bir müddət əvvəl baş prokuror Zakir Qaralov cənablarına müraciət edərək rayonun təhsil sistemindəki dəhşətli yeyintilərə toxunub: "Mən Neftçala rayonunda tikinti sektorunda baş alıb gedən korrupsiya və rüşvətxorluq faktları barədə müvafiq qurumlara dəfələrlə müraciət etmişəm. Ərizələrimdə dönə-dönə xahiş etmişdim ki, şikayətim araşdırılması üçün Neftçala rayon İcra Hakimiyyətinə, nə də başqa instansiyalara ünvanlanmasın. Çünki bu qurumlar mənə özlərinə sərf edən formada cavab verirlər. "Respublika" qəzetində tender barədə verilən məlumatlar sırf formal xarakter daşıyır. Mənə göndərilən məktubda göstərilir ki, guya müraciətim araşdırılmışdır. Əvvəla iştirakım olmadan aparılan "araşdırmalar" nə qədər hüquqidir?! İkincisi, əgər doğrudan da, araşdırma aparılıbsa, onda niyə cavab məktubunda cənab Ə.Hüseynov göstərdiyim faktların araşdırılması nəticəsində nə nəticəyə gəldiyi haqda bir kəlmə olsun söz yazmamışdır?! Bütün bunlar bir daha sübut edir ki, cavab məktubu sadəcə olaraq, işi bağlamaq üçün görülən "tədbirlərdən" başqa bir şey deyil! Təhsil Nazirliyi Aparatının rəhbəri cənab Mətin Eynullayevin imzasi ilə ünvanıma daxil olmuş cavab məktubunda isə bildirilir ki, müraciətimdə göstərilən məsələlərin ümumiyyətlə, Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur?! 2013-cü il üçün nəzərdə tutulmuş Neftçala rayonunun Bankə qəsəbə 2N%-li tam orta məktəbinin (25.000 man), Qırmızıkənd kənd tam orta məktəbinin (27000 man), Xolqarabucaq kənd tam orta məktəbinin (28000 man), Ərəbqardaşbəyli kənd tam orta məktəbinin (20224 man) əsaslı təmiri üçün lazım olan 100224 (yüz min iki yüz iyirmi dörd) manatın istifadəsi zamanı qəpiyinə kimi yol verilən korrupsiya faktı barədə aidiyyəti qurumlara məlumat verdim. Amma heç bir araşdırma aparılmadı". Özəl mənbələrdən əldə etdiyimiz başqa bir məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları bir neçə gün əvvəl 1 saylı tam orta məktəbdə və Xıllı qəsəbəsi Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbdə yoxlama aparıblar: "Yoxlama zamanı adıçəkilən hər iki məktəbin narkotik maddələrdən istifadə edən şagirdləri saxlanılaraq şöbəyə aparılıblar. Onların barəsində qanuna uyğun şəkildə cəza tədbirləri seçilib. Bu onu göstərir ki, rayonun təhsil ocaqlarında vəziyyət həqiqətən də acınacaqlıdır. İş o yerə çatıb ki, artıq bəzi şagirdlər narkotik maddələrin aludəçisinə çevrilib. Bəs, görəsən, Təhsil Şöbəsinin rəhbərliyi, müəllimlər və direktorlar hara baxır? Artıq bu məsələyə görə Neftçala şəhər 1 saylı tam orta məktəbin direktoru Alim Abdullayev dünən tutduğu vəzifədən kənarlaşdırılıb. Onun həbs ediləcəyi barədə söhbətlər də dolaşır". Gələn saylarımızda Maliyyə Nazirliyi tərəfindən Neftçala RTŞ-də aparılan yoxlamalar, şöbə müdiri Əjdər Kərimovun bir qrup müəllimə işdən çıxma ərizəsi yazmaq barədə təzyiq göstərməsi və digər ilginc məsələlər haqqında məlumat verməyə çalışacağıq. \\ GünBakı \\
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.