Qarabağ savaşı ətrafında yeni gəlişmələr

18-02-2015, 09:38   
Qarabağ savaşı ətrafında yeni gəlişmələr

Iran, Rusiya və Qərbin aktivləşməsinin arxasında nə dayanır

Vəfa Quluzadə: «Rusiya bizə yeddi rayonu o zaman qaytara bilər ki, Azərbaycanın Kremlin caynağından çıxmaq imkanı olmasın»

Qarabağ danışıqları ilə bağlı son zmanlar maraqlı detallar müzakirə predmetinə çevrilib. Rusiyanın danışıqlar prosesində aktiv rol almağa başlaması, Kremldən gələn bəyanatlar maraq doğrur. “Rusiya Qarabağ məsələsini Birləşmiş Ştatların iştirakı olmadan həll etmək istəyir”. Bunu Rusiya prezidentinin etibarlı şəxsi, Rusiya Federasiyasının Ictimai Palatasının üzvü, siyasi analitik Sergey Markov bəyan edib.
Markov Rusiyanın Ermənistanla Azərbaycan arasında əldə ediləcək böyük tarixi güzəştdə oynayadığı roldan danışıb və bunun ATƏT-in Minsk qrupunun çərçivəsindən kənarda olacağını ehtimal edib. “Bu təşkilatın fəaliyyətində Amerika maraqları boğaza qədərdir”, - deyə rusiyalı politoloq vurğulayır.ÿ

Rusiyadan Azərbaycana “görünməyən” təklif

Markovun dediyindən belə başa düşülür ki, Rusiya Qarabağ məsələsində Azərbaycana indiyə kimi heç zaman edilməmiş güzəştlə müraciət edəcək: “Azərbaycan - Rusiya münasibətləri hazırda ən yaxşı dövrünü yaşayır. Qarabağ münaqişəsində müvəqqəti tarixi güzəşt üçün əsas yaranıb. Hazırda durum prinsipcə fərqlidir. Azərbaycan ordusu güclüdür, ölkənin iqtisadiyyatı güclənib. Erməni cəmiyyəti Qarabağ münaqişəsinin yaratdığı blokadadan yorulub. Ermənistan Qarabağ ətrafında yeddi rayonu azad etməklə blokadadan çıxır, cəbhə xəttində gərginlik aşağı düşür. Əminəm ki, artıq bu istiqamətdə danışıqlar gedir”.ÿ
Göründüyü kimi, Rusiya Qarabağ məsələsində Azərbaycana böyük güzəştlər vəd edir və bu, ATƏT-in Minsk qrupunun çərçivəsində Moskvanın ən böyük rəqibi olan Ağ Evi də hərəkətə keçirib. Belə hesab olunur ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya səfərinin bir məqsədi də bununla bağlıdır. Postsovet məkanının çox yaxşı tanıyan xanım siyasətçi, böyük ehtimalla, münaqişənin həlli məsələsində Rusiyanı arxa plana atmaq üçün Azərbaycana daha güzəştli təkliflər etməlidir.

Həmsədrlər aktivləşib

Bu arada ATƏT-in Minsk Qrupunda ABŞ və fransalı həmsədrlərin də aktivliyi nəzərə çarpır.
Bu günlərdə xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və Iqor Popov (Rusiya) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.
Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov atəşkəsin pozulması hallarından danışarkən ilk növbədə, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq, həmsədrlər tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunmasının vacibliyini vurğulayıb. Görüşdə həmsədrlərlə sülh sazişi üzərində işə başlama üzrə fəaliyyət qrafiki müzakirə olunub.
Maraqlıdır ki, bu günlərdə Azərbaycana səfər edən Iranın xarici işlər naziri bildirib ki, səfərin bir məqsədi də Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən töhvələr verməkdir.
Politoloq Vəfa Quluzadə ilə hazırda münaqişənin həlli ilə bağlı nə baş verdiyinə aydınlıq gətirməyə çalışdıq.
V.Quluzadə bildirdi ki, işğal altında olan yeddi rayonun qaytarılması Azərbaycan tərəfindən səslənən fikirlərin əks-sədasıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, yeddi rayonun işğalı Rusiyanın strategiyasıdır və həm də ona hesablanıb ki, gələcəkdə bu ərazilər qaytarılarsa, Azərbaycana çox baha qiymətə satılsın: “Rusiya bizə yeddi rayonu o zaman qaytara bilər ki, Azərbaycanın Kremlin caynağından çıxmaq imkanı olmasın. Yəni biz yeddi rayonun müqabilində təxminən Ermənistana çevrilməliyik. Rusiya eyni zamanda onu nəzərdə tutub ki, sülhməramlılar adı altında öz qoşunlarını Azərbaycan ərazilərində yerləşdirsin. Bu da bizim milli maraqların tam əksinədir və müstəqiliymiz itirilməsi deməkdir”.
Iranın xarici işlər nazirinin Bakıya səfərinin bir məqsədinin də Qarabağla bağlı olmasını elan etməsinə gəlincə isə V.Quluzadə bildirdi ki, bu Iranın Qarabağ münaqişəsinin həllində iştirak etmək niyyəti ilə bağlıdır. Yəni əgər Qarabağ probleminin həlli baş verərsə, Iran da onun tərkib hissəsi olmaq istəyir: “Iran həmişə Qarabağ probleminin çözülməsində aktiv olub. SSRI çökəndən sonra regionda ən aktiv dövlət məhz Iran idi. Iran çox istərdi ki, Qarabağ problemini özü həll edərək regionda nüfuz sahibi olsun. O zaman Iranın Azərbaycandakı nüfuzu birə-yüz artardı. Ona görə də Azərbaycan Qarabağ probleminin həlli istiqamətində əvvəlcədən tutduğu siyasəti yəni, münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə çalışmalıdır. Çünki başqa prinsiplərə görə münaqişənin həlli Azərbaycanın maraqlarına uyğun olmayacaq”.
V.Quluzadə hesab edir ki, ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin aktivləşməsi də Rusiyanın fəaliyyətinə bir cavabdır. “Qərbin aktivləşməsi ona hesablanıb ki, Rusiya Azərbaycanda özbaşnalıq etməsin”, deyə V.Quluzadə vurğuladı.
Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.