Ziya Məmmədovun oğlu ilə bağlı ŞOK PLANI

8-05-2014, 18:03   

Anar Məmmədovun ABŞ-a göndərilməsi, Aran bölgəsində aparılan təbliğat xəbərləri nazirin karyeasının sonu ola bilər

Artıq xeyli müddətdir hakimiyyət içində baş qaldırmış qovğalar bir-birini əvəzləyir. Episentrdə dayanmış iki qüvvənin savaşı isə xüsusi olaraq diqqəti çəkir. Söhbət nəqliyyat naziri Ziya Məmmədov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan gedir. Tərəflər arasındakı intiqam döyüşündəki reallıq isə Məmmədovun çöküşünü demək olar ki, tezləşdirməyə başlayıb.

Rəqiblə hirsli rəqabət

Ziya Məmmədovu ağır vəziyyətə salan “ayı məsələsi” sözün həqiqi mənasında onun oğlu Anar Məmmədovla bağlı bütün planlarını alt-üst etdi. Böyük maliyyə və manevr imkanlarına malik olan nəqliyyat naziri gec-tez siyasi səhnəyə gətirmək istədiyi oğlunun karyerası üçün yaranmış təhlükəni bir şəkildə aradan qaldırmaq üçün çalışsa da, yanlış taktiki seçim onu daha da bataqlığa sürükləməyə başladı.

Anar Məmmədovu bir qədər reablitasiya dövründən sonra yenidən arenaya gətirməyə çalışan nazir “Transgeyt” nəqliyyat şirkətinə rəhbərlik edən oğlunun buraxdığı ikinci səhvlə üz-üzə qalmalı oldu. Söhbət Fələstin məsələsində ərəblərə göstərdiyi maddi yardımdan gedirdi. İndiki məqamda ona qəti gərək olmayan bu addımı önləmək üçün isə gec idi. Və Anarın səhvləri ard-arda gəlirdi.

Vəziyyəti birtəhər düzəldə bilən ata Məmmədov oğlunu üçüncü dəfə siyasi arenaya yerləşdirmək üçün plan düşünmüşdü. Bu dəfə Anar Məmmədov xaricdə, xüsusən də Amerikada siyasi dairələrlə görüşlər keçirərək, Azərbaycanı təbliğ etməliydi. Nəzərdə tutulan planın ardından oğul Məmmədov ABŞ-da bir sıra görüşlər keçirməyə başladı. Amma Azərbaycanda camaatın dilinə düşmək üçün növbəti səhvini buraxmışıdı. Bu dəfə onun külli miqdarda pul xərclədiyi ortaya çıxdı. Üstəlik, bu hərəkəti xarici mətbuatın dilindən səsləndi.

Əslində, Ziya Məmmədovun strateji hədəflərindən biri oğlu Anar Məmmədovu siyasətə gətirməklə yanaşı, ABŞ-dakı siyasi dairələrlə də tanış etmək idi (bunun geniş təfsilatı ilə bağlı bir qədər sonra-müəl.) Bu gələcəkdə oğlu üçün yeni bir perspektivin açılması anlamında düşünülmüş plan da sayıla bilər. Çünki ən böyük rəqibinin oğlu hələ tələbə olarkən Londonda təşkilat qurmuş, lordlarla əlaqə qurmağı bacarmış, Azərbaycanı təbliğ etmək üçün pul xərcləmiş, qəzet, jurnal nəşr etdirmişdi. Eyni şəkildə, Anar Məmmədovu da siyasət meydanına çəkmək istəyi isə heç çür alınmır. Və hazırda da naz-nemət içində böyümüş oğul Məmmədov problemlər yaratmaqda və bununla da siyasi arenada qalmaq imkanlarından məhrum olmaqdadır.

Anar Məmmədovu necə siyasətə gətirməli?

Bayaq qeyd etdik ki, Anar Məmmədovla bağlı Ziya Məmmədovun strateji planlarında oğlunun siyasi səhnəyə transferi xüsusi yer tutur. Bu özündən sonra varis anlamında yox, gələcəkdə, ölkənin idarəçiliyində iştirak istəyindən doğan bir hirs kimi başa düşülməlidir. Çünki nəqliyyat naziri ömürlük bu postda oturacaq biri olmadığının fərqindədir və rəqibi kimi onun da oğlunun aparıcı fiqur olması lazımlıdır.

Bu əsnada Aran bölgəsindən gələn bir xəbər isə nəqliyyat nazirinin əsas istəyinin nədən ibarət olduğunu ortaya çıxardı. Həmin xəbərin sosial şəbəkələrədə aktiv şəkildə müzakirə edilməsi isə ziddiyyətli faktor kimi diqqəti çəkəndir. Lakin həmin xəbərin yükü Ziya Məmmədovun strateji planlarından xəbər verməmiş də sayılmamalıdır.

Həmin məlumatda vurğulanırdı ki, Anar Məmmədovun Aran bölgəsində aktiv təbliğatı aparılır. Həmin təbliğatı isə onun öz yaxın qohumları və Ziya Məmmədovun Bakıdakı adamları tərəfindən aparıldığı vurğulanırdı. Qeyd olunurdu ki, nazirin oğlu artıq siyasətdədir və onun gələcək planlarında ölkənin idarə edilməsi kimi mühüm cəhət dayanır. Onun layiqli biri olduğu, ölkəni idarə edə biləcək gücə sahibliyi, zəkalı biri olduğu və daha üstün cəhətlərə sahib olması deyilirdi.

Belə bir təbliğatın aparılması əslində, faktiki hakimiyyətə meydan oxumaq kimi bir şeydir. Eyni zamanda, Anar Məmmədovun ABŞ-ın siyasi dairələri ilə tanış edilməsi də həmin gələcək planın reallaşdırılması üçün körpü funksiyasını həyata keçirmək niyyətindən irəli gələ bilər.

Bu cür siyasi intihara bərabər addımı atmaq üçün isə Ziya Məmmədov böyük ürək sahibi olmalıdır. Amma onun bur riskə gedib-getməyəcəyini bəri başdan demək hər nə qədər çətin olsa da, ortadakı vəziyyət durumun ciddiliyindən xəbər verir. Əgər bu deyilənlər həqiqəti əks etdirərsə, o zaman Ziya Məmmədovun karyerasının sonu çatdığını da düşünmək yerində düşər.

Qardaşı uşaqlarının əlində “əsir” qalmış nazir

Amma Ziya Məmmədovun sonunu yaxınlaşdıran daha bir təhlükə var. Bu son dövrlər mətbuatda geniş yayımlanan “avtoş”luq məsələsidir. Nazirin deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun bahalı maşınlarda “avtoşluq” etməsi, onun ümumiyyətlə, Azərbaycanda “avtoşlar”a dəstək verən xarici qurumlarla əlaqəsinin üzə çıxması, ən əsası isə bunları əks etdirən videokadrların meydana çıxması nəqliyyat nazirini çıxılmaz vəziyyətə salıb.

Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə müşavirələrdə etdiyi çıxışları zamanı məmurlara xəbərdarlıqlar edib. İsmayıllı olaylarından sonra daha da intensiv şəkil alan bu xəbərdarlıqların ən başlıcası məmurların övladları və onların bütün sərhədləri aşması ilə bağlıydı. Məsələn, İsmayıllı hadisəsindən sonra icra başçısı işdən çıxarıldı və bir müddət sonra hadisənin günahkarı sayılan nazir oğlu da cəzalandırıldı. Bunun ardından nazir Fizuli Ələkbərov da işdən çıxarıldı. Eyni aqibəti həmçinin oğlu “avtoşluq” edərkən 2 nəfərin həyatına son qoymuş Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəis müavini də yaşadı. Anoloji durum faktiki olaraq Ziya Məmmədov üçün də yaşanır. Sadəcə, Ziya Məmmədovun tutduğu mövqe və hələki gücünün yerində olması bu prosesi yubatmaqdadır. Amma bunun nə qədər vaxt aparacağını demək çətindir. Çünki tezliklə eyni vəziyyət nəqliyyat naziri üçün də yaşana bilər.

Üstəlik, bu əsnada “Yeni Müsavat”ın müxbiri Fərahim İlqaroğlunun məhz Aynar Məmmədovun dostu tərəfindən döyülməsi işləri lap korlayıb. Bu işin ucundan tutub, ucuzluğa gedilməsi isə təkcə Ziya Məmmədovun deyil, həm də qardaşı Elton Quliyevin karyerasının sonu demək olacaq.

Qaynar.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.