“Putinin arsenalında bir çox vasitələr var. Onlardan biri də tanınma nişanı olmayan qüvvələrdən istifadədir və Viktor Yanukoviçin hakimiyyətinin sürətlə çöküşündən sonra Qərb bunu Ukraynada gördü”. Bu barədə Amerikanın "Taym" ("Time") jurnalı yazır: “Lakin Putinin regiondakı səyləri daha sistemlidir və daha diqqətlə düşünülüb. Qərb dövlətlərinin və region ölkələrinin vəzifəli şəxsləri deyirlər ki, son 10 ildə Putin Baltik dənizinin sahilindəki Estoniyadan tutmuş Qafqazdakı Azərbaycana qədər geniş çevrədə qonşu ölkələrdə yaxşı təşkil olunmuş, yaxşı maliyyıələşən, olduqca incə şəkildə açıq və məxfi fəaliyyət həyata keçirib”, - deyə jurnal bildirir. “Taym” yazır ki, yerli kəşfiyyatçılar tez-tez Putinin hərəkətlərini “sərt kənarlara malik yumşaq güc” adlandırırlar. Belə ki, Baltik dövlətlərinin bildirdiyinə görə, Rusiya prezidenti onlara etnik rusları qızışdırmaq üçün agent-təxribatçılar göndərib. Etnik ruslar Latviyada əhalinin 40 faizini, Estoniyada 25 faizini təşkil edir. Estoniyanın ABŞ-dakı səfiri Marina Kalyurand deyir ki, Putinin məqsədi rusların yaşadığı torpaqlarda bu və ya digər formada Rusiyanın hakimiyyətini bərpa etməkdir. Əməliyyatın daha böyük məqsədi Qərbin gücünü dağıtmaqdır. Jurnal yazır ki, hələ Putinin NATO ilə birbaşa münaqişəyə risk edəcəyi ağlabatan deyil, ancaq onun alyansın nisbətən zəif üzvlərinə qarşı casus səyləri döyüş əməliyyatları qədər effektiv ola bilər. Bildirilir ki, Rusiyanın keçmiş sovet respublikalarına qarşı casusluq fəaliyyəti 2007-ci ildən sonra xüsusilə güclənib. Məqalədə deyilir ki, ABŞ-da beynəlxalq casus oyunlarında əlini yanına salıb oturmur. Amerika hökuməti Putin üçün maraq kəsb edən ölkələrdə qərbmeyll qruplar formalaşdırmaq və onlara təsir göstərmək üçün üçün həm açıq, həm də mahiyyəti tam açıqlanmayan üsullardan istifadə edir. ABŞ mədəni və diplomatik kanallarla bütün dünyada agentləri ələ alır, o cümlədən Şərqi Avropada. Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuat katibi Din Boyd deyir ki, onların bütün region üzrə mövcud olan möhkəm tərəfdaşlıq əlaqələri bir sıra kəşfiyyat məsələlərinin həllinə kömək edir.