Rusiya Federal Təhlükəsizlik Xidmətinin və İstintaq Komitəsinin əməkdaşları Xəzər dənizi vasitəsilə Azərbaycana qaçmağa cəhd edən generalı tutublar.
Virtualaz.org saytı bu barədə Rusiya qaynaqlarına istinadən xəbər verir. Bildirilir ki, Rusiya DİN-in iqtisadi təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi, general-leytenant Denis Suqrobov yaxalanaraq Moskvanın Basmannıy Rayon Məhkəməsinə aparılıb və onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün vəsatət verilib.
General mütəşəkkil cinayətkar qruplaşdırma formalaşdırmaqda ittiham olunur. O, başçılıq etdiyi idarənin 12 əməkdaşının həbsindən sonra işdən çıxarılıb.
Məlum olub ki, Rusiya İstintaq Komitəsi generalın Azərbaycana qaçmaq planları barədə FTX-nin əməliyyat məlumatlarına isttinad edərək Suqrobovun barəsində həbs qəti imkan qərar verilməsini istəyib.
FTX generalı Volqoqrad vilayətində həbs edib. İddia olunur ki, Suqrobov balıq tutmaq adı altında ora gedibmiş. Lakin bildirilir ki, onun əsl məqsədi hüquq-mühafizə orqanlarından qaçıb gizlənmək olub.
FTX-nin əməliyyat məlumatlarına görə, general Volqa çayı ilə Xəzər dənizinə qədər üzməyi, oradan isə kater kirayə edərək Azərbaycana üzüb getməyi planlaşdırıbmış.
Saxlanılarkən generalın xarici pasportunun üstündə olması da istintaqın bu versiyasını təsdiqləyir. Bildirilib ki, əgər məhkəmə Suqrobovu həbs etməsə, o, cinayətkar fəaliyyətini davam etdirəcək.
Suqrobovun vəkili isə bu ittihamı rədd edərək deyib ki, Suqrobova qarşı cinayət işi üç ay əvvəl qaldırılıb və əgər onun qaçmaq fikri olsaydı indiyədək bunu etmişdi. Vəkil generalın beş uşaq atası olduğunu və balıq tutmağa oğlu ilə birlikdə getdiyini deyib.
“O, heç yana qaçmağa hazırlaşmırdı, bir neçə dəfə istintaqa teleqram göndərərək bildirmişdi ki, mayın 11-də məzuniyyəti bitəndən sonra ifadə verməyə gələcək” - deyə vəkil bildirib.
Bu arada general Suqrobovun həbsinin təfərrüatları da məlum olub. Bildirilir ki, general-leytenant öz məzuniyyətini ailəsi, arvadı və uşaqları ilə birlikdə Volqoqrad vilayətində balıq tutmaqda keçirirmiş.
Moskvadan onu istintaqa çağırandan sonra vəkilləri generalla əlaqə saxlayıb, Suqrobov isə istintaqa teleqram göndərib ki, qayıdanda ifadə verəcək.
Mayın 7-də Suqrobovun ailəsi maşınla Volqoqrad vilayətindən Moskvaya yola düşüb. Ancaq QAİ postlarından birində onun maşınını saxlayıblar, daha sonra FTX əməkdaşları da posta gəlib və generala bildirilib ki, o, axtarışda olduğu üçün həbs olunur.
Əlləri qandallanan general Volqoqraddan təyyarə ilə Moskvaya aparılıb. Suqrobov məhkəmədə ona qarşı irəli sürülən ittihamları qurama adlandırıb, generalın işçiləri də ifadələrində onun təmiz adam olduğunu, korrupsiyaya bulaşmadığını deyiblər. Generalın keçmiş işçiləri deyirlər ki, ona qarşı cinayət işi FTX-nin quramasıdır.
General Suqrobov vəzifədə işləyərkən bir çox səs-küylü korrupsiya həbsləri həyata keçirib. O cümlədən Şimali Qafqazda korrupsioner məmurların həbsinə sanksiya verib.