Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Toplantıda 2014/15 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun sənədlərinə baxılıb. “Sumqayıt”dan başqa bütün klublar - AZAL, “Bakı”, “Qarabağ”, “Qəbələ”, “İnter”, “Xəzər Lənkəran”, “Neftci”, “Rəvan”, “Simurq”un avrokuboklarda oynamaq istəyini nümayiş etdirib. Komissiya “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları”nın 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra yekun qərar verib. Nəticədə AZAL, “Qarabağ”, “Qəbələ”, “İnter”, “Xəzər Lənkəran”, “Neftci”yə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilib. “Bakı”, “Rəvan” və “Simurq” isə göstərdiyi nəticələrdən asılı olmayaraq qitəmiqyaslı turnirlərdə oynaya bilməyəcək. “Axar.az”a sızan məlumata görə, “Bakı” klubunun qələmi qırılmaqdadır. Buna səbəb isə ümumiyyətlə klubun sahibi Hafiz Məmmədovun uğursuzluq zolağına düşməsidir. Onun sahibi olduğu “Baglan Qrup”un Avropada iflası, habelə, “Bank of Azərbaycan”ın qapadılması yönündə xəbərlərin yayılması elə bundan xəbər verir. Məlumata görə, gələn mövsümdən “Bakı” klubu ümumiyyətlə fəaliyyətini dayandıra bilər. Ən maraqlısı odur ki, “Bakı” ilə bərabər Hafkanın qudası, “Nurgün” şirkətinin prezidenti Nuru Əliyevin sahibi olduğu “Rəvan”a da lisenziya verilməyib.