Əli Həsənovun köməkçi təyin edilməsilə bağlı yeni iddialar
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun ölkə başçısı Ilham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilməsilə bağlı maraqlı məlumat almışıq. Əvvəlcə bildirək ki, Ilham Əliyevin bu təyinatı bəzi mülahizələrə səbəb olmuşdu. Ehtimal olunurdu ki, Əli Həsənovun köməkçi təyin edilməsi və bununla ölkə başçısı ilə sıx təmas imkanının yaradılması onun perspektivdə daha da irəli çəkilməsilə bağlı ola bilər.
Güman edilirdi ki, artıq Paşayevlər qruplaşmasının önəmli fiqurlarından birinə çevrilən Əli Həsənov Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin yerinə hazırlanır. Bu təyinatın Ramiz Mehdiyevin ortalıqda olmadığı bir dövrdə baş tutması da təsadüfi sayılmırdı.
Dünən redaksiyamıza sızan məlumatlarda isə iddia edilir ki, bu təyinat administrasiya rəhbərinin əhəmiyyətini azaltmaq üçün düşünülüb. Bildirilir ki, Ramiz Mehdiyevin səhhətilə əlaqədar işə çıxmaması onun postu uğrunda hakimiyyət daxilində mübarizəyə səbəb olub. Ilham Əliyev də bu postun əhəmiyyətini azaltmağı yeni təyinatlarda görür. Yəni, məsələn, əvvəllər Ramiz Mehdiyevə tabe olan Əli Həsənov indi tapşırıqları birbaşa ölkə başçısından almaq imkanına malikdir. Fəaliyyəti barədə də artıq Ramiz Mehdiyevə məruzə etməyə ehtiyac qalmır. Bir haldaki o Ilham Əliyevin köməkçisidir, hesabatı da birbaşa ölkə başçısına verə bilər. Məlumatlarda bildirilir ki, yaxın günlərdə daha bir şöbə müdirinin köməkçi təyin ediləcəyi gözlənilir. Iddialara görə, bu Fuad Ələsgərovdur. Onun da hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçi təyin ediləcəyi bildirilir. Bununla da daha bir şöbə müdiri adminstrasiya rəhbərinin nəzarətindən çıxır. Bu proses davam etdikcə PA rəhbəri postu faktiki əhəmiyyətini itirəcək. Bəzi məlumatlara görə, mümkündür ki, ümumiyyətlə bu post ləğv edilsin.