Qarabağ ixtilafının çözüləcəyi ən uzaq tarix dəqiqləşdi

26-02-2015, 09:49   
Qarabağ ixtilafının çözüləcəyi ən uzaq tarix dəqiqləşdi“Stratfor”a görə, Rusiya 2015-2025-ci illərdə dağılacaq; Dağlıq Qarabağ məsələsində yaranacaq yeni situasiya və təşəbbüsün bütünlüklə Amerikaya keçmə ehtimalı Bakını indidən Vaşinqtonla münasibətləri ən yüksək səviyyəyə qaldırmaq imperativi qarşısında qoyur...
“Stratfor”a görə, Rusiya 2015-2025-ci illərdə dağılacaq; Dağlıq Qarabağ məsələsində yaranacaq yeni situasiya və təşəbbüsün bütünlüklə Amerikaya keçmə ehtimalı Bakını indidən Vaşinqtonla münasibətləri ən yüksək səviyyəyə qaldırmaq imperativi qarşısında qoyur, özü də işğalçı Ermənistanı qabaqlamaqla...

“İndiki Rusiya SSRİ-nin 1980, Rusiyanın 1990-cı illərdəki təcrübəsinin təkrarını yaşayır”

Yaxın 10 ildə dünya ciddi geosiyasi dəyişikliklərin şahidi olacaq: Rusiya dağılacaq, Almaniya öz şəkilini dəyişəcək Avropa Birliyində liderliyini itirəcək, onun yerini isə Polşa tutacaq. Bu barədə ABŞ-ın nüfuzlu qeyri-hökumət analitik mərkəzi, Amerikanın “kölgə kəşfiyyatı” və ya “kölgə MKİ”sı (Mərkəzi Kəşfiyyat İdarəsi) kimi tanınan “Stratfor” analitiklərinin hazırladığı son hesabatda deyilir.

Proqnoza görə, Polşa həmçinin, anti-Rusiya koalisiyasına başçılıq edəcək, Ukraynaya təsir göstərəcək və Rumıniya, Macarıstanla birgə Rusiya Federasiyası ərazisinə iddia edəcək.
2015-2025-ci illəri əhatə edən proqnozda bu xüsusda deyilir: “Az ehtimaldır ki, Rusiya Federasiyası indiki şəklində qalsın. Rusiyanın energetik gəlirləri özünü saxlayan iqtisadiyyata çevirə bilməmək bacarığı onu qiymətlərin oynamasına qarşı həssas edir. Moskvanın bu cür bazar qüvvələrinə qarşı müdafiəsi yoxdur. Federasiya quruluşunu nəzərə alsaq, - harada ki, gəlir ilk növbədə mərkəzə daxil olur , - gəlir axını da böyük ölçüdə dəyişikliyə məruz qalacaq”.
Təhlilçilərə görə, belə yanaşma tarixin dərslərinin təkrarlanmasına səbəb olacaq: “Bu, Sovet İttifaqının 1980, Rusiyanın isə 1990-cı illərdəki təcrübəsinin təkrarına gətirəcək. Həmin vaxtlar Kremlin milli infrastrukturu qorumaq imkanları xeyli aşağı idi... Bu dövrdə regionlar formal və qeyri-formal muxtariyyətlər yaratmaqla öz qüvvələri hesabına özlərini təmin edəcək, ucqarları Moskvanın əlində saxlayan iqtisadi bağlar qırılacaq”.



“Tarixən belə olub ki, ruslar bu cür problemləri gizli polisin - KQB-nin və onun indiki varisi FSB-nin (FTX: Federal Təhlükəsizlik Xidməti - red.) köməyi ilə yoluna qoyublar. Amma 1980-ci illərdə olduğu kimi, qarşıdakı on illikdə (2015-2025) də regionları Moskvadan itələyən mərkəzdənqaçma qüvvələrinin qarşısını gizli polis ala bilməyəcək. FSB hakimiyyəti ona görə zəifləyib ki, məxfi xidmətin rəhbərliyi milli iqtisadiyyata cəlb edilib. Ancaq iqtisadiyyatın zəifləməsi ilə eyni şeyi FSB də yaşayacaq. FSB-siz isə Rusiyanın parçalanmasını önləyəcək bir qüvvə yoxdur”, - deyə mərkəzin analitikləri əminliklə qeyd edirlər.




Qərb ekspertlərinə görə, paralel surətdə Rusiyanın qonşuluğunda Polşa güclənməkdə davam edəcək. Onlar hesab edir ki, Avropa Birliyində Almaniya öz mövqeyini Polşaya güzəştə gedəcək. “Stratfor” həmçinin qeyd edir ki, anti-Rusiya koalisiyasının liderinə çevrilən Polşa, Macarıstan və Rumıniya ilə birgə müxtəlif vaxtlarda Rusiyaya güzəşt etdikləri əraziləri tələb edəcəklər.“Rusiyanın cənubunda Kremlin Şimali Qafqazı nəzarətdə saxlamaq imkanları da zəifləyəcək, Orta Asiyada isə vəziyyət qarışacaq” - təhlil materialında belə bir proqnoz da yer alıb.

***



“Stratfor”un bəhs elədiyi məsələlər və gözləntilər şübhə yox ki, Azərbaycana və onun maraqlarına da təsirsiz ötüşməyəcək. ABŞ analitiklərinin hesablamalarını ciddi qəbul eləsək, o zaman Dağlıq Qarabağ probleminin yoluna qoyulacağı ən uzaq tarixin dəqiqləşdiyini də söyləmək mümkündür - yaxın 10 il.

Aydındır ki, işğalçı Ermənistanın arxasında duran və illərdir münaqişənin nizamlanmasını əngəlləyən, yeri gələndə onu körükləyən əsas supergüc kimi Rusiyanın çökməsi problemin həlli perspektivi baxımından olduqca əlverişli zəmin yaradacaq. Nizamlama prosesində yeganə söz sahibliyi fövqəldövlət Amerikaya keçəcək.

Belədirsə, demək, Azərbaycan ən azı, yaxın on ildə Birləşmiş Ştatlarla münasibətləri ən yüksək səviyyəyə çatdırmaq və qorumaq barədə ciddi düşünməlidir. Özü də təcavüzkar Ermənistanı qabaqlamaq şərtilə...

Siyasət şöbəsi
/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.