ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalara hazırlaşır

26-02-2015, 18:49   
ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalara hazırlaşır

Orxan Qafarlı: “Bu sanksiyalar ilk zərbəni Ankara-Moskva münasibətlərinə və Hindistan-Rusiya hərbi əməkdaşlığına vurmağa hesablanıb...”
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər. Bu barədə dövlət katibi Con Kerri açıqlama verib. Onun sözlərinə görə, ABŞ və onun müttəfiqlərinin Rusiyanın Ukraynadakı separatçılara verdiyi dəstəklə barışmayacaq. ABŞ rəsmisi etiraf edib ki, bu günə qədər olan sanksiyalar, təzyiqlər real nəticə verməyib.

Qeyd edək ki, Qərb Ukrayna böhranından sonra Rusiyanı zəiflətmək üçün bir sıra sanksiya tədbirlərinə əl atıb, dünya bazarında neftin qiyməti ucuzlaşıb. Bunun nəticəsində Rusiya rublunun dəyəri sürətlə ucuzlaşıb, Moskva böyük ölçüdə iqtisadi zərər görüb. Lakin Putin hökuməti mövqelərindən geri də çəkilməyib. Rusiya əvvəlki kimi, Ukraynanın şərqində separatçılara silah, maliyyə yardımlarını, Suriya hakimiyyətinə dəstəyini, Şərqi Avropada NATO-ya qarşı əzələ nümayişini davam etdirib. Bu isə təbii ki, Qərbdə Rusiyaya qarşı yeni, güclü sanksiyaları gündəmə gətirir.

Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Avrasiya üzrə eksperti, politoloq Orxan Qafarlı deyir ki, Rusiyanın iqtisadi olaraq çökdürmə planı ABŞ siyasilərinin gözlədiyi kimi qısa zamanda baş tutmadı. Ekspertə görə, bunun iqtisadi olaraq bir neçə səbəbi vardı: “Əvvəla, Rusiya təkcə neft ixrac edən ölkə deyil, eyni zamanda o, qaz ixrac edir. Rusiya qazının bu gün dünyada min kubmetri 120-170 dollar arası satılır. Türkiyədən başlayaraq Şərqi Avropa ölkələrini əsasən Rusiyadan qaz alır. Demək olar ki, Şərqi Avropa 80 faiz Rusiya qazından asılı vəziyyətdədir. Eyni zamanda Rusiya ehtiyat fondunda külli miqdarda valyuta ehtiyatı var ki, istədiyi zaman maliyyə bazarına müdaxilə edərək daxili bazarı tənzimləyə bilir. Rusiyanı iqtisadi olaraq çökdürmək elə də rahat iş deyil”.

Digər tərəfdən, Qafarlının fikrincə, AB ölkələri arasında Rusiyaya qarşı sanksiyalarla bağlı birmənalı mövqe də yoxdur: “Çünki Avropa iqtisadiyyatı yetərincə Rusiya ilə iç-içə durumdadır. Rusiya iqtisadiyyatına vurulan zərbələr qısa zamanda Avropa iqtisadiyyatında hiss olunur. Sanksiyaların ikinci mərhələsində Almaniya bankalarının dəyər itirdiyini gördük. ABŞ-ın Rusiyanı çökdürmək planlarının uğurlu olmamasının əsas səbəbi də Avropanın hər zaman Rusiya acıq qapı tutmasıdır”.

Ekspertin sözlərinə görə, artıq ABŞ hökuməti də sanksiyaların uğurlu olmadığını və ən əsası, xalqı narazı elektorat olaraq iqtidara qarşı yönəldə bilmədiyini görür: “ABŞ-ın bu sanksiyalarla en önəmli planı Rusiyada “Rus baharını” yaratmaq idi. Lakin bunun mümkün olmadığını görürlər. Çünki yerli mətbuat tamamilə iqtidarın əlindədir və bu mətbuat Putin iqtidarı üçün uğurlu bir təbliğat maşını qurub. İkincisi, amerikalılar bir məsələnin fərqində oldular ki, Rusiya hakimiyyəti nəinki öz ölkəsində, eyni zamanda postsovet məkanında və Avropada da mətbuat üzərindən rusyanlı mövqe formalaşdıra bilib. Rusiya Ukrayna böhranından avropalı dostları sayəsində uğurlu bir diplomatiya yürüdə bildi. Minsk danışıqları Rusiyanın xeyrinə bitdi. Krım “unuduldu”. Rusiya bütün sanksiyalara baxmayaraq, imperialist xarici siyasətindən geri bir addım belə atmadı. Bu onu göstərir ki, ABŞ postsovet regionunda nüfuzunu itirir. Vaşinqton üçün bu qorxulu bir haldır. Əgər ABŞ regiondan bu şəkildə Rusiyaya məğlub olmağa davam edəcəksə o zaman müttəfiqsiz qala bilər. Buna görə də indi Rusiyaya qarşı bir daha ciddi sanksiya paketi hazırlayıb bununla da Türkiyə-Rusiya iqtisadi münasibətlərinin inkişafının qarşısını almaq istəyir. Bu gün Türkiyə Rusiyanın sağ qala bilməsi üçün nəfəslik olan ölkələrdəndir. Yeni sanksiyalar türk qaz boru xəttinə zərbə endirmək məqsədi daşıyacaq. Düşünürəm ki, Rusiyaya qarşı olacaq yeni sanksiyalar ilk zərbəni Ankara-Moskva münasibətlərinə və Hindistan-Rusiya hərbi əməkdaşlığa vurmağa hesablanıb”.

Kənan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.