“Böyük siyasət və dövlət adamı olan Heydər Əliyevin xırda məsələlərlə məşğul olmağa heç vaxt vaxtı olmayıb. O, böyük miqyasların adamı idi. Amma Heydər Əliyev hətta ümumdövlət miqyaslı qlobal məsələləri həll edərkən də yalnız sadə adamlar, onların arzu, ümid və istəkləri barədə düşünürdü. Özü də təkcə Azərbaycanın özündəkilərin yox, ölkədən kənarda yaşayan azərbaycanlıların da...”
Bu cümlələr Azərbaycanlıların Rusiyadakı Milli-Mədəni Muxtariyyəti (“AzerRos”) Ağsaqqallar Şurasının sədri, baş nazirin sabiq I müavini Abbas Abbasovundur. Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı məqalə yazan A.Abbasov daha sonra bildirir: “Heydər Əliyev Azərbaycan dövlətinə rəhbərlik edərkən azərbaycançılıq ideyasını irəli sürdü. Bu ideyanın mahiyyəti o idi ki, azərbaycanlılar harada yaşamasından asılı olmayaraq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qorumalıdır, eyni zamanda həmin dəyərləri ümumbəşəri dəyərlərlə sintez etməli və zənginləşdirməlidir. Hamı bu ideya ətrafında birləşməlidir”. A.Abbasov daha sonra diqqəti keçmiş silahdaşlarının bir çoxunun mövqeyinə yönəldərək onları qınayır: “Məni daha çox o narahat edir ki, bəzi xadimlər Heydər Əliyevin bu məsləhət və nəsihətlərini nəyə görəsə yada salmır, hətta dəfn etməyə çalışır. Bu adamlar nəyə görəsə əllərindən gələn hər şeyi edirlər ki, azərbaycançılıq ideyasının həyata keçməsi və çox güclü Azərbaycan diasporunun yaradılması nə yaxın illərdə, nə də yaxın gələcəkdə mümkün olmasın”.
Qeyd edək ki, A.Abbasovun bu məqaləsi “AzerRos”un saytında dərc olunub. Baş nazirin sabiq I müavini həmin məqaləsində görkəmli dövlət xadimi H.Əliyevin tarixi xidmətlərindən bəhs edib.