ABŞ mediası Əliyevi yenə Putinlə müqayisə etdi

27-02-2015, 10:03   
ABŞ mediası Əliyevi yenə Putinlə müqayisə etdi
«Azərbaycan kiçik Rusiyaya çevrilir»


«Əliyev Putini özünə nümunə götürüb...»

Amerika mediası yenə də Azərbaycanın dövlət başçısı Ilham Əliyevi rusiyalı həmkarı Vladimir Putinlə müqayisə edib. “Quartz” qəzetinin Azərbaycandakı repressiyalar haqda hazırladığı iri həcmli məqalədə müəllif Ronan Keenan eyni zamanda, Qərbi də öz maraqları naminə bu ölkədə baş verənlərə göz yummaqda ittiham edib. “Azərbaycan kiçik Rusiyaya çevrilir” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

“Siyasi repressiyalar Azərbaycanı kiçik Rusiyaya çevirib”

Qərblə Rusiya arasında münasibətlərin yenidən gərginləşməsi antoqonist dövlətlərdən resurs asılılığının azaldılması məsələsinin vacibliyini bir daha gündəmə gətirdi. Şübhəsiz, hamı razılaşır ki, Avropa təbii qazla təminat baxımından alternativ mənbələr tapmalıdır. ABŞ-ın keçmiş sovet respublikaları ilə sıx münasibət qurması da çox vacibdir. Buna uyğun olaraq, ABŞ və Avropa Rusiyaya ideal alternativ kimi Azərbaycana üz tutub. Kifayət qədər əhəmiyyətli coğrafi mövqedə - Rusiya və Iran arasında yerləşən bu ölkə enerji resursları ilə zəngindir.
Lakin Qərbin Azərbaycanla münasibətlərinin yaxşı olmaması üçün çoxsaylı səbəblər var. Siyasi repressiyalar Azərbaycanı kiçik Rusiyaya çevirib. Bununla belə, ABŞ və Avropa prezident Ilham Əliyev və onun avtoritar rejiminə qarşı ciddi addımlar atmaq əvəzinə, boş ritorikadan irəli getmir.
Azərbaycanın özünü dünyada tanıtmağa cəhd göstərməsi açıq-aşkar görünür. Üç binadan ibarət Alov qüllələri paytaxt Bakını bəzəyir. Aeroport yolunda xarici biznesmenləri London taksiləri daşıyır. Ölkə rəhbərliyi Bakını qlobal investisiyalar üçün cəlbedici etməyə çalışır.
Lakin paytaxtın parıldayan mərkəzindən cəmi bir neçə kilometr qərbdə heç də hər şey parlaq deyil. Təxminən 30 ildir ki, Azərbaycan Dağlıq Qarabağla bağlı problem yaşayır. Hüquqi baxımdan Azərbaycan ərazisi olan bu torpaqlarda etnik ermənilər yaşayıb. 1980-ci illərin sonunda onlar qonşu Ermənistanın köməyilə Dağlıq Qarabağı Azərbaycandan ayırmağa çalışıblar. 1994-cü ildə tərəflər arasında atəşkəs razılaşması imzalansa da, bununla belə, indiyədək ara-sıra atışmalar müşahidə olunur. 1994-cü ildən bəri tərəflər arasında zorakılığın pik həddi ötən ilin iyulunda müşahidə olundu. “Reuters”in məlumatına görə, bu dəfə atəşkəskin pozulması səkkiz nəfər azərbaycanlı və iki erməni əsgərin ölümü ilə nəticələndi. Hər iki tərəf də atəşmanın başlanmasına görə bir-birini ittiham edirdi.
Yanvar ayında ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri tərəfləri problemin sülh yolu ilə həllinə dair öhdəliklərə əməl etməyə çağırdı. Ilham Əliyev Minsk Qrupundan problemin həlli, o cümlədən ermənilərin Azərbaycan ərazisindən çıxarılması üçün tədbirlər görməyi tələb etdi. Şübhəsiz ki, bu da ermənilərlə qarşılıqlı müdafiə haqqında müqaviləsi olan Rusiyanı qıcıqlandırdı.
Dağlıq Qarabağ problemi Azərbaycanın qonşularla və Qərblə münasibətlərini pisləşdirən məsələlərdən yalnız biridir.
Azərbaycanın geosiyasi əhəmiyyəti ABŞ və Avropanın bu ölkəyə münasibətdə yumşaq mövqe nümayiş etdirməsinə səbəb olur.

“Əhali arasında kütləvi narazılıq yarana bilər”

Azərbaycanda son illərdə dinamik iiqtisadi inkişaf müşahidə olundu. Xüsusən 2006-2008-ci illərdə artım 28 faizə çatıb. Bu artım da Xəzər dənizindəki zəngin neft-qaz ehtiyatlarının hesabına idi. Bu ölkədə iqtisadiyyatın 50 faizi neftdən asılıdır. Son 7 ayda neftin qiymətinin təxminən 50 faiz ucuzlaşması bu ölkədə iqtisadi artıma əhəmiyyətli şəkildə zərbə vurub. Ötən il iqtisadiyyat cəmi 4 faiz artıb.
Çinlə iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsi, qaz ehtiyatlarına diqqətin artması gələcəkdə gəlirlərin artmasına kömək edə bilər. Lakin gəlirlərin qeyri-bərabər bölgüsü yaxın perspektivdə əhali arasında kütləvi narazılıq yarada bilər.

Tənqidçiləri susdurmaq üçün Əliyevin yararlandığı metodlar

Lakin narazılıqların, tənqidlərin qarşısını almaq üçün Əliyevin əlində bir sıra vasitələr var. Məsələn, 40 milyard dollar ehtiyatı olan Dövlət Neft Fondu. Hökumət büdcə kəsirlərini Fondun hesabına aradan qaldırır. Hətta bəzən dövlət büdcəsinin yarısı Fondun maliyyəsindən ibarət olur. Fondun gəlirlərin bu cür istifadə neftin qiyməti kəskin ucuzlaşdığı bir vaxtda yalnız qısa müddətdə problemin həllinə yardım edə bilər.
Əliyevin xüsusən 2013-cü ildən sonra daha da tez-tez istifadə etdiyi ikinci vasitə fərqli fikirlərin boğulmasıdır. Azərbaycanda inkişaf etməkdə olan orta sinif korrupsiya və siyasi repressiyaların gücləndiyi şəraitdə vəziyyətə uyğunlaşıb mövcudluğunu saxlamağa çalışır. Əliyevin ünvanına səslənən tənqidlərə cavabı araşdırmaçı jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının, ölkədə insan hüquqlarının müdafiəsilə məşğul olan, demokratiyanın bərqərar olmasına çalışan QHT-lərin rəhbərlərinin həbsxanaya göndərilməsindən ibarət olur. ABŞ hökuməti tərəfindən maliyyələşən “Azadlıq” radiosunun Bakı bürosuna dekabrın 26-da hücum edildi, fəaliyyəti dayandırıldı. Bu olayla əlaqədar ünvanına səslənən beynəlxalq tənqidlərə Əliyev əhəmiyyət vermədi.
Ötən ilin sentyabrında Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının tapdanmasıyla əlaqədar qətnamə qəbul etmişdi. Azərbaycan hökumətinin bu məsələyə cavabı bundan ibarət oldu ki, “əgər münasibətlər belə davam etsə, Avropa Parlamenti ilə əməkdaşlıq məsələsinə yenidən baxmalı olacağıq”.
“Azadlıq” radiosuna hücum ABŞ dövlət katibi Con Kerrinin Əliyevlə telefonla danışaraq, ondan repressiyalara son qoymağı istəməsindən cəmi bir neçə gün sonraya təsadüf etdi. Aydındır ki, Kerrinin dediklərinə əhəmiyyət verilməmişdi.
Son həftələrdə Avropa Birliyi və ABŞ-dan Əliyev və onun rejiminə qarşı sanksiyalarla bağlı çoxsaylı siqnallar gəlir. Lakin bu sanksiyaların tətbiqi ehtimalı o qədər yüksək deyil. Azərbaycanda baş verənlərə münasibətdə ABŞ və Avropa Birliyinin tənqidçilərinin çəkisi çox azdır. Azərbaycan rəhbərliyi bilir ki, onlar avropalıların ehtiyacı olan resurslara malikdilər. Avropa Rusiyadan asılılığı azaltmağa çalışdığı bir vaxtda Azərbaycandan qaz ixracının əhəmiyyəti də artıb. “Şahdəniz-2"dəki 45 milyard dollarlıq qaz 2020-ci ildə ona qaz ixracını iki dəfə artırmağa imkan verəcək. Bununla həm də Avropa bazarlarında əhəmiyyətini artıracaq. Hərçənd, Azərbaycanın qaz ehtiyatı növbəti bir neçə ildə Avropanın tələbatının yalnız iki faizini ödəyə bilər. Amma Rusiya ilə münasibətlərin bundan sonra da pisləşməsi

Azərbaycan resurslarından asılılığı daha da artıracaq. Bundan başqa, ABŞ Əfqanıstana qoşunların göndərilməsi məsələsində əsas tranzit məntəqə kimi Azərbaycandan istifadə edir. Baxmayaraq ki, Azərbaycan Iran, Rusiya kimi güclü qonşularla əhatə olunub, lakin bu ölkə bəlli səbəblərdən Qərbin maraqları baxımından cəlbedicidir. Azərbaycan öz ərazisində Israilə Iranla sərhədlərin yaxınlığında baza yaratmağa imkan verməklə Islam Respublikasını qəzəbləndirib. Bundan başqa, 20 ildən artıqdır ki, Xəzərin bölünməsi məsələsində Azərbaycan, Iran, Rusiya, Qazaxıstan və Türkmənistan arasında mübahisə davam edir.
2012-ci ildə BMT-də Bəşər Əsəd rejiminə qarşı qətnamə qəbul olunarkən Azərbaycan Əsədin tərəfində olan Rusiya və Irana qarşı çıxaraq, ABŞ-ı dəstəkləmişdi.
Azərbaycanın Iranla, Rusiya ilə müəyyən problemləri olsa da, heç də onun bütün addımları Qərbin maraqlarına tam cavab vermir.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov yanvarın əvvəlində “The Wall Street Journal”da dərc etdirdiyi qısa məktubunda yazırdı ki, “Azadlıq” radiosunun fəaliyyətinin dayandırılması ilə əlaqədar səslənən tənqidlər “məqsədyönlü kampaniya xarakteri daşıyır”. O, əlavə edib ki, radioda maliyyə pozuntuları ilə əlaqədar axtarış aparılıb. O, məktubunda bütün dünyada tanınmış azərbaycanlı hüquq müdafiəçisi, hazırda həbsdə olan Leyla Yunusun səhhətində ciddi proğlemlərin olması barədə məlumatları da inkar edib. Amma səfir ilk növbədə Leyla Yunusun niyə həbs olunduğunu izah etməyib.
Azərbaycan hökuməti ünvanına səslənən tənqidlərin qarşısını almaq üçün bir sıra başqa incə üsullardan da yararlanır. “The New York Times” yazırdı ki, Azərbaycan ABŞ-da lobbi fəaliyyətinə böyük pullar xərcləyir. Həmin lobbi təşkilatları aldıqları pullar müqabilində Azərbaycana ABŞ üçün əhəmiyyətli tərəfdaş imici yaratmağa çalışır. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer bu ölkə ilə bağlı təbliğatına görə kəskin tənqidlərin hədəfi olmuşdu.
Azərbaycan hökumətinin bu taktikası hələ də işləyir. Yanvarın 20-də Əliyev Almaniyaya səfər etdi. Iki günlük səfər Almaniya kansleri Angela Merkellə görüşlə yekunlaşdı. Görüşdə bir qədər yumşaq tərzdə Azərbaycanda insan haqları, həmçinin Dağlıq Qarabağ kimi problemlər də müzakirə olundu. Lakin Almaniya lideri müzakirələri əsasən enerji təhlükəsizliyi üzərində fokuslaşdırdı. Merkel Avropanın enerji təminatında Azərbaycanın artan rolundan danışdı, əlavə etdi ki, Almaniya iki ölkə arasında münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir. Merkel əsas diqqəti ölkəsinin milli maraqlarına yönəltdiyinə görə ittiham oluna bilməz. Qərbin dünyada rolu zəiflədikcə daxili məsələlər daha vacib olur.

Putin nümunəsi...

Azərbaycan hökuməti dünyadakı artmaqda olan qeyri-müəyyənlikdən əvvəlki kimi yenə də öz xeyrinə istifadə edir. Azərbaycanda böyük neft pulları hesabına iqtisadi artım təmin olunsa da, hökumət orta sinfi boğub. Bu cür davranış da yaxın perspektivdə ölkədə stabilliyi təmin edə bilməz. Uzunmüddətli stabillik üçün əsas amil orta sinfin mövcudluğudur.
Görünür, Əliyev Vladimir Putin modelini özünə nümunə götürüb. Hərçənd, onların arasında qarşıdurmanın olması da faktdır. Düşünmək olardı ki, Bakıdakı hökumət də rəsmi Moskva kimi yürütdüyü repressiv siyasətə görə ciddi beynəlxalq təzyiqlərə məruz qala bilər. Amma hələlik cənab Əliyev üçün təhlükə real görünmür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.