Azərbaycanın da olduğu regiona yönəlik böyük yaz planı - təhlil

28-02-2015, 10:04   
Azərbaycanın da olduğu regiona yönəlik böyük yaz planı - təhlil

Amerika bu bahar onu işə salmağa hazırlaşır; Türkiyə Rusiya üçün “nəfəslik” rolu oynamaqdan imtina edə bilər; səbəblər Qarabağ, uydurma soyqırım yubileyi də içində olmaqla, ən azı dörddür...

Ukrayna böhranına dair “Normand dördlüyü” çərçivəsində əldə edilən Minsk anlaşmasının reallaşması təhlükə altındadır. Artıq bunu Avropa və ABŞ etiraf eləməyə başlayıb. Gerçək belədir ki, Rusiya rəhbərliyi yenə öz imzasına sayğısızlıq göstərərək, razılaşmanı sabotaj edir, Donbasdakı separatçılara hər cür dəstəyi davam etdirir. Bu isə Qərbi bərk narahat edir və Kremlin cilovunu yığmaq üçün ayrı yollar axtarmaq zorunda qoyur.

“ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər”. Srağagün bunu dövlət katibi Con Kerri deyib. O da etiraf edib ki, indiyədək tətbiq edilən sanksiyalar, təzyiqlər real nəticə verməyib və Rusiya əvvəlki tək Ukraynanın şərqində separatçılara silah, maliyyə yardımını, həmçinin Suriya hakimiyyətinə dəstəyini davam etdirir, eyni zamanda Şərqi Avropada vaxtaşırı NATO-ya “əzələ nümayiş” etdirir.



Bir sıra analitiklər də artıq o fikirdədirlər ki, belə vəziyyət Kremlə qarşı daha güclü sanksiyaları gündəmə gətirəcək. O sırada Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin eksperti Orxan Qafarlı hesab edir ki, Rusiyanın bütün sanksiyalara baxmayaraq imperialist xarici siyasətindən bir addım belə geri atmaması onu göstərir ki, ABŞ postsovet məkanında öz nüfuzunu itirir. Sitat: “Vaşinqton üçün bu qorxulu haldır. Əgər Amerika regiondan bu şəkildə Kremlə məğlub olmağa davam edərsə, o zaman müttəfiqsiz qala bilər. Odur ki, daha ciddi sanksiya paketi hazırlamaqla həm də Türkiyə-Rusiya iqtisadi əlaqələrinin inkişafının qarşısını almaq istəyir. Çünki Türkiyə Rusiyanın sağ qala bilməsi üçün ”nəfəslik" rolu oynayan ölkələrdəndir". Politoloqa görə, yeni sanksiyalar türk qaz boru xəttinə zərbə endirmək məqsədi daşıyacaq və ilk zərbə Ankara-Moskva əlaqələrinə və Hindistan-Rusiya hərbi əməkdaşlığını vurmağa hesablanıb.



***
Yada salaq ki, Amerika İŞİD məsələsinə görə də Ərdoğan hökumətindən narazıdır. Bu narazılığı ötən həftə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, nüfuzlu politoloq Zbiqnev Bjezinski belə dilə gətirmişdi, demişdi ki, Türkiyənin Amerikanın başçılıq elədiyi anti-İŞİD koalisiyasına qoşulmaması ona baha başa gələ bilər. Onun qənaətincə, İŞİD-lə mübarizə Türkiyənin də marağındadır. “Ancaq Ankara Amerikanın planlarına ciddi şəkildə mane olur” - bildirmişdi Bjezinski.

Politoloqa görə, Türkiyə birmənalı şəkildə koalisiyaya qoşulmağın şərti kimi Bəşər Əsəd rejiminin devrilməsini irəli sürür. Lakin onun fikrincə, əgər rəsmi Ankara yubansa və bundan sonra da zəruri addımlar atmasa, bu, ona çox baha başa gələcək: “Çünki söhbət həm də Türkiyənin maraqlarından gedir”.



Bzejinskinin hansı maraqlara işarə vurduğunu təxmin eləmək əslində çətin deyil - regionun təzədən geosiyasi şəkillənməsində Ankaranın kənarda (ofsaytda) qalma ehtimalı və s.
***
Məsələyə dəxli olan mühüm detallardan biri də ABŞ-ın bu yaz İŞİD-ə qarşı quru əməliyyatı planlaşdırması və terror qruplaşmasına ölümcül zərbə vurmağa hazırlaşmasına dair Amerika generallarına istinadən yayılan xəbərlərdir. İddialara əsasən, ən əvvəl Mosulun azad edilməsi hədəf götürülüb. Doğrudur, belə məlumat var ki, ABŞ bunu özünün komandanlığı ilə müstəsna olaraq İraq ordusu və kürd silahlıları hesabına etmək istəyir, ancaq o da var ki, ABŞ Konqresi İŞİD-ə qarşı quru əməliyyatları aparmaq üçün Obama hökumətinə artıq razılıq verib. Yəni əməliyyata Amerika təkbaşına da qərar verə bilər.

Bununla belə, əksər analitiklərə, hərbi-siyasi ekspertlərə görə, İŞİD-in axırına çıxmaq üçün Türkiyənin əməliyyata qoşulması çox mühüm, hətta tarixi əhəmiyyət kəsb edir. Rəylərə görə, Ağ Ev regionda bənzərsiz və vazkeçilməz rola malik Ankaranın iştirakı olmadan bu əməliyyatın 100 faiz uğurlu ola bilməyəcəyini nəzərə alır. Böyük ehtimalla, Vaşinqton Ankara ilə bu yöndə danışıqlar aparacaq və bəlkə də artıq aparır. Türk ordusunun Süleyman Şah türbəsini Suriyadan təcili köçürməsi də bu xüsusda diqqət çəkməyə bilməz.

***
Türkiyənin isə həlledici anti-İŞD əməliyyatına qoşulacağı, yaxud ona sanballı hərbi dəstək verəcəyi heç də istisna deyil. Qardaş ölkənin köklü maraqları baxımından səbəb, motiv və ya stimulları təxminən dörd qrupa bölmək olar:



1. ABŞ ilə (NATO) ilə münasibətlərin tamamən qırmamaq üçün.
2. Qərbin (Amerikanın) Rusiyaya qarşı hazırlayacağı, “küləyinin” Türkiyəni də vuracağı yeni və qat-qat sərt sanksiyalardan sığortalanmaq üçün.
3. Bölgənin yenidən şəkillənməsinə yönəlik böyük geosiyasi plandan kənarda qalmamaq üçün.
4. Yaxınlaşan, yazda 100 illiyi qeyd ediləcək uydurma erməni soyqırımı ilə bağlı Qərbin güclü pressinqindən yayınmaq üçün.

Bu yerdə məntiq onu da diktə edir ki, Ankara əməliyyatda özünün iştirak məsələsini müəyyən dərəcədə uzatmaqla beynəlxalq diqqəti yaz aylarımda (apreldə) pik həddə çatacaq saxta genosid mövzusundan xeyli yayındıra, hətta onun arxa plana itələnməsinə nail ola bilər. Hər halda, dünya üçün İŞİD problemi indi qat-qat böyük əhəmiyyət daşıyır, nəinki ermənilərin təsdiqlənməyən 100 yaşlı iddiaları. Havaların istiləşməsi ilə İŞİD məsələsinin dünya üçün bir az da aktual və kəskin olacağı isə şübhə doğurmur.



***
Yan səbəblər də yox deyil. Misal üçün, gerçək həm də bundan ibarətdir ki, Qərbin sanksiyaları Moskvanın postsovet məkanının digər ərazilərindəki konfliktlər, o sırada Qarabağ məsələsini həllində də mövqeyinin yumşalmasına, onun daha konstruktiv yanaşma sərgiləməsinə gətirməyib. Ankara-Moskva əlaqələrinin genişlənməsi də Qarabağ nizamlanmasına hələ ki, pozitiv təsirini göstərməyib, erməni işğalı davam edir.

İŞİD səhifəsinin məhz Türkiyənin əli ilə birdəfəlik qapadılması isə qardaş ölkənin bölgədə, dünyada, Qərbdə nüfuzunu xeyli artırmaqla yanaşı, ona böyük bir regionda tamamən yeni geosiyasi rolun etibar edilməsinə gətirə, Qarabağ məsələsinə, Ermənistana, təsir imkanlarını artıra, həmçinin kürd (PKK) məsələsində təzə kart-blanş verə bilər.
Razılaşaq ki, İŞİD (terror) riski qarşılığında heç də kiçik dividentlər deyil...

Siyasət şöbəsi //musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.