Rayon İcra Hakmiyyətinin başçısı Alı Alıyevin bacanağı olan icra qrupunun rəhbəri Vaqif Hüseynov, hətta rayon məhkəməsinin sədri Məhəmməd Bağırovun da gözünün odunu alıb...
Məcburi köçkün B.Bağırova icra məmurunun təhqir və hədələrinə dözə bilmir və çıxış yolu kimi özünü və iki südəmər körpəsini yandırmaq məcburiyyətində qaldığını bildirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçirdiyi bütün tədbirlərdə dövlət məmurlarına insanlarla mədəni rəftar etməyi, onların qarşılaşdıqları problemlərin aradan qaldırılmasında yardımçı olmağı qəti şəkildə tələb edir. Sonuncu çıxışlarının birində ölkə rəhbəri deyib: “Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”.
Təəssüf ki, bəzi məmurlar özlərinin maddi maraqlarının təmin olunması üçün Prezidentin tapşırıqlarına qarşı saymazlıq edir, insanlarla çox kobud davranır, onları söyür, təhqir edir və kabinetində vəhşicəsinə döyür. Belə hikkəli və özbaşına məmurlardan biri də Ədliyyə Nazirliyinin Füzuli rayon İcra Qrupunun rəhbəri Vaqif Hüseynovdur.
Vaqif Hüseynovun Füzuli rayonunun Yuxarı Dilağarda kənd sakini, şəhid ailəsi Cavadov Elyas Çapar oğlunun başına açdığı oyunlar, onu məmura yaraşmayan söyüşlərlə təhqir etməsi, öz kabinetində vəhşicəsinə döyməsi və 5 sutka həbs verdirməsi barədə onun həyat yoldaşı Bağırova Banuçiçək Üzeyir qızı artıq Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya ərizə ilə müraciət edib. Məcburi köçkün icra məmurunun təhqir və hədələrinə dözə bilmir və çıxış yolu kimi özünü və iki südəmər körpəsini yandırmaq məcburiyyətində qaldığını bildirib.
[b]Bəs, Füzulu Rayon Məhkəməsinin hakimi icra qrupunun
rəhbərindən niyə qorxur?
Elyas Cavadov birinci həyat yoldaşından ayrılaraq ikinci dəfə ailə həyatı qurub. Onun birinci həyat yoldaşından iki uşağı var. İkincidən də iki uşağı var. Xəstə olduğundan, tez-tez müalicə olunur. Belində yırtıq olması və əməliyyat olunması barədə həkimdən qeydiyyatdan da keçib. Ancaq pulu olmadığından əməliyyat oluna bilmir. Daimi iş yeri olmadığından iş tapanda günəmuzd işləyərək birinci həyat yoldaşına aliment göndərir. Onun əlində 670 manat aliment göndərməsi barədə qəbz də var. Bundan əlavə dövlətin məcburi köçkünlərə sosial müavinət kimi hər ay verdiyi 18 manat 15 qəpiklik kartı da 4 ildən çoxdur ki, birinci həyat yoldaşındadır. Üstəlik, Elyas Cavadov kredit yolu ilə götürdüyü soyuducunu, televizoru və digər ev əşyalarını da birinci həyat yoldaşına verib. Hazırda həmin kreditləri də Elyas Cavadov ödəyir.
Bir neçə ay əvvəl Ədliyyə Nazirliyinin Füzuli Rayon İcra Qrupunun rəhbəri Vaqif Hüseynov Elyasın mobil telefonuna zəng vuraraq onun külli miqdarda aliment borcu olduğunu bildirib və cavab gözləmədən şəhid ailəsini (şəhidlik vəsiqəsi №100061) adama və məmura yaraşmayan söyüşlərlə təhqir edib (yəqin ki, bu söyüşlər Azərcell-in yaddaşında saxlanılır) və onu yanına çağırıb. Elyas isə bildirib ki, o, Bakıda günəmuzd işləyir. İcra məmurunun hədə-qorxusundan sonra Elyas Füzulu Rayon Məhkəməsinə, icra qrupunun rəhbəri Vaqif Hüseynovun yanına gedir. Əsl mərəkə də bundan sonra başlanır.
V.Hüseynov deyib ki, sən 3 ildir aliment ödəmirsən. Halbuki bu barədə E.Cavadova heç bir rəsmi bildiriş göndərilməyib. E.Cavadov isə əlindəki qəbzləri göstərərək deyib ki, “Mən işlədikcə aliment göndərmişəm. Bu da 670 manatlıq qəbz. Bundan əlavə, sosial kartımı da 4 ildir ki, həyat yoldaşıma vermişəm. Bu da ümumilikdə 650 manat edir. Üstəlik 2013-cü ildə biz bir yerdə yaşamışıq. Alimenti bundan sonra da ödəyəcəyəm”.
Bu faktlardan əsəbiləşən icra məmuru yenə söyüşlərə başlayır və şəhid ailəsini kabinetində vəhşicəsinə döyüb. Sonra isə onu Füzuli Rayon Məhkəməsinin hakimi Məhəmməd Bağırovun yanına apararaq 10 sutka verilməsini tələb edib. Hakim də işin mahiyyətini araşdırmadan bu tələbi yerinə yetirib. Sonradan Elyas Cavadovun aliment ödədiyini, alimentdən yayınmadığını öyrənən hakim bu qərarı tələm-tələsik dəyişərək 10 sutkanı 5 sutka ilə əvəz edib.
Görünür, Vaqif Hüseynov Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bacanağı olduğundan hakim M.Bağırov da hikkəli icra məmurunun qanunsuz tələbini yerinə yetirmək məcburiyyətində qalıb.
Get, hardan tapırsan-tap,
mənə 500 manat gətir
Həyat yoldaşının həbs olunduğunu və bundan sonra iki südəmər uşağa yeməyə heç nə verə bilməyəcəyini, onların acından öləcəyəni görən Banuçiçək Bağırova Vaqif Hüsynova zəng edərək Elyası niyə həbs etdirdiyini soruşur. İcra Qrupunun rəhbəri isə telefonda ona belə cavab verib: “Əcəb etmişəm. Gedin kimə istəyirsiniz deyin. Buranın yiyəsi mənəm. Hələ o çıxan kimi yenə də içəri soxduracağam. Mənim dediyimi gətirməyənə qədər türmədə olacaq”.
B.Bağırova isə deyir ki, pulumuz yoxdur, haradan tapaq? Bu dəfə icra qrupunun rəhbəri əsəbi halda gənc xanıma deyir: “Get, 500 manat düzəlt gətir, ondan sonra ərini buraxım”.
Cənab Prezident İlham Əliyev belə harınlamış dövlət məmurları üçün deyib: “Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”.
***
Azərbaycan Prezidenti bu il fevralın 12-də “2009-2013-cü illərdə Regionların sosial iqtisadi inkişafı” Dövlət Proqramının 4-cü ilinin yekunlarına həsr olunan iclasında özbaşınalıq edən məmurlara bir daha sərt xəbərdarlıq etdi. Dövlət başçısı dedi ki, bəzi məmurların mərkəzdən uzaq yerlərdə arxayın hərəkət etməsi barədə onda məlumatlar var və bəzi məmurlar və onların övladları harınlamaqla sadə vətəndaşlara divan tutur. Prezident bu barədə son xəbərdarlıq etdi və əks təqdirdə həmin məmurların və onların övladlarının, yaxınlarının ciddi cəzalandırılacağını bildirdi.
Ədliyə Nazirliyinin
rəhbərliyi bu biabırçılığın qarşısını alacaqmı?
Bizdə olan məlumata görə, Vaqif Hüseynovdan şikayət edənlərin sayı çoxdur. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bacanağı olmasından xüsusi status kimi istifadə edən Ədliyyə Nazirliyinin Füzuli Rayon İcra Qrupunun rəhbəri Vaqif Hüseynovu yəqin ki, kimsə, ilk növbədə Ədliyyə Nazirliyinin rəhbərliyi, həmçinin bacanağı, icra hakimiyyətinin başçısı Alı Alıyev cənab Prezidentin tapşırıq və tövsiyələrinə hörmətlə yanaşmağa dəvət edəcək, onun insanlara divan tutmasının qarşısını alacaqlar. Rayon İcra Hakimiyyətinin yaxın qohumunun həmin rayonda yüksək vəzifədə olmasının aqibəti bax belə olur.
Yəqin ki, bu özbaşınalıqlara qanun çərçivəsində son qoyulacaq. Yoxsa, Vaqif Hüseynovun bu hegemonluğu gənc bir ailənin faciəsi ilə bitə bilər.
Tahir Orucov
Redaksiyadan: Bu faktları dəqiqləşdirmək üçün şəhid ailəsi Elyas Cavadovun həyat yoldaşı Banuçiçək Bağırova ilə telefon əlaqəsi saxladıq. Göz yaşlarını güclə saxlayan şəhid ailəsinin xanımı Füzuli İcra Qrupunun rəhbəri Vaqif Hüseynovun onunla diləgətirilməz təhqiramiz ifadələri barədə dəhşətli açıqlamalar verdi. Növbəti sayımızda həmin müsahibəni təqdim edəcəyik.
Qarşı tərəf olan və barəsində məlum ittihamlar səsləndirilən Vaqif Hüseynova da zəng etdik. O, söylənilənləri şər və böhtan adlandırdı:
- Bunlar şər və böhtan, yalan ittihamlardır. Əgər qanuni tələblər varsa, mən vətəndaşı niyə döyməliyəm? Pul tələbinə gəlincə, bunlar əsassız söhbətlərdir... Şikayətçi aliment verməkdən boyun qaçırdığına görə məhkəməyə verilib və barəsində inzibati qaydada qərar çıxarılıb. Qadının söylədiyi tarixlərdə mən kursda olmuşam.
V.Hüseynov əməkdaşımızı şikayəti yerində araşdırıb əsl həqiqəti üzə çıxarmaq üçün Füzuliyə dəvət etdi. Daha ətraflı yazını növbəti saylarımızda təqdim edəcəyik.