Partiyadan Sərdar Cəlaloğlunun fikirlərinə sərt reaksiya verildi
Xəbər verdiyimiz kimi, Azərbaycanda repressiya dalğasının güclənməsi səbəbindən mayın 4-də mitinq keçirməyə qərar vermişdi. Sonradan isə partiya digər siyasi qüvvələrlə birlikdə mitinq keçirmək istəyinə görə qərarı ertələdi. Müsavat Partiyasından verilən məlumatda bildirilirdi ki, Divanın iclasında mitinqin vaxtının ayın 4-dən 11-ə keçirilməsi ilə bağlı qərar veriləcək.
Amma nəsənsə, Divanın son iclasında bu barədə qərar qəbul edilmədi. Partiya yetkinliləri digər partiyalarla danışıqların aparılacağı, mitinq yerinin təyin ediləcəyi və bundan sonra BŞİH-nə müraciət ediləcəyini bildirdilər.
Partiyanın mitinq barədə qərarsızlığına sərt reaksiyalar gəlib. “Yeni Müsavat” qəzetinə açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu Müsavatın mitinq təşəbbüsünü sərt tənqid edib. O, Müsavatın bu gedişini gecikmiş addım adlandıraraq, aksiya təşkilatçılarını qeyri-səmimilikdə günahlandırıb. “Müsavat Partiyası özünə lazım olanda başqa partiyaları müxalifət kimi görür, özünə lazım olmayanda isə heç bir qüvvəni müxalifət kimi görmür. Bu cür konyuktura ilə Azərbaycanda nə demokratiyaya xidmət etmək, nə də effektiv mübarizə aparmaq olar.
NİDA-çıların problemi bu gün ortaya çıxmayıb. Onlar neçə vaxtdır həbs olunublar. Müsavat Partiyası nə əcəb onlar həbs ediləndə, istintaqları başlayanda mitinq təşkil etmirdi? Bir insanın hüququnu müdafiə etmək istəyirsənsə, ilk gündən hər bir mərhələdə müdafiə ilə bağlı addımlar atmalısan. Ona görə də Müsavatın indi mitinq keçirmək təşəbbüsü sanki bir “quş” qoymaq məqsədi güdür. Biz həmin gənclərin hüquqlarının müdafiəsi ilə bağlı onlar tutulan gündən tədbirlər keçirməli idik. İndiki təklifi isə effektli və səmimi təklif kimi qiymətləndirmirəm".
Sərdar Cəlaloğlunun bu fikirlərinə Müsavatdan kəskin reaksiya verilib. Partiya başqanın müavini Gülağa Aslanlı Sərdar Cəlaloğlunun fikirlərini dözümsüzlük kimi qiymətləndirib: “Həmişə olduğu kimi, Sərdar Cəlaloğlu Müsavata qarşı dözümsüzlük nümayiş etdirir. Partiyamız hələ mayın 4-də mitinq keçirmək haqqında qərar verib. Sadəcə NİDA-çıların məhkəməsində son qərar verilmədiyi üçün və digər partiyalarla məsləhətləşmələr səbəbindən mitinqin vaxtının dəyişdirilməsi məqbul sayılıb. Hətta mayın 11-i keçirmək istədiyimiz mitinq də yenə digər qüvvələrlə danışıqlar getdiyinə görə təxirə salınıb. Çox güman ki, mayın 12-də mitinq barədə Divan son qərarını verəcək və BŞİH-yə müraciət göndəriləcək”.
Gülağa Aslanlı Sərdar Cəlaloğlunun ittihamlarını əsassız saydı: “Çox qəribədir ki, ADP sədri Müsavat Partiyası mitinq keçirmək istəyəndə, mitinqin zamanın olmadığını deyir. Başqa təşkilatlarla məsləhətləşib, mitinq keçirmək istəyəndə isə ”Müsavat mitinq keçirmək istəmir" kimi əsassız fikirlər səsləndirir. Müsavat Partiyasının mitinq keçirməklə cəmiyyətdə varlığını göstərmək kimi səsləndirdiyi fikirlər daha çox onun partiyasına aiddir".