Paytaxtın bahalı və elit otellərinin restoranlarında özəl qonaqlara qara rəngli qatıq təklif olunur. Bu barədə virtualaz.org saytına həmin restoranların birindən deyiblər.
Xəbərdə bildirilir ki, birdəfəyə 400 manatdan baha yemək sifariş verən müştərilər qara rəngli qatığa qonaq edilir. Həmin qara ağartı məhsulu süfrəyə delikates kimi verilir.
Məlumatda o da vurğulanır ki, qara qatıq dadına görə adi qatıqdan o qədər də fərqlənmir. Amma qara qatığın insan orqanizmi üçün adi qatıqdan daha faydalı olduğu bildirilir.
Oteldən onu da deyiblər ki, qara qatıq xüsusi sifariş əsasında rayonların birindəki bir fermada xüsusi reseptlə hazırlanır və bu məhsulun hazırlanma qaydaları gizli saxlanılır.
Maraqlıdır, doğrudanmı kimyəvi üsula əl atmadan qara qatıq hazırlamaq olar?
Bu sualla öncə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik. O, qara rəngli qatıq haqqında ilk dəfə eşitdiyini bildirdi: “Doğrusu, ilk dəfədir qara rəngli qatıq olduğunu eşidirəm. Amma istənilən qidaların hazırlanma mexanizmi istehlakçıya açıq olmalıdır. Məhsulun hazırlanmasında kimyəvi qatqılardan istifadə edilirsə, bu barədə istehlakçıya mütləq məlumat verilməlidir”.
Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun cavabı isə fərqli oldu. O, qara rəngli qatığın hazırlandığını və Bakının elit restoranlarında müştərilərə təklif olunduğunu təsdiqlədi.
Tanınmış kulinar virtualaz.org saytına açıqlamasında elə özünün də qara rəngli qatıq hazırlaya bildiyini dedi: “Doğrudur, qatıq əslində, yəni təbii halda ağ rəngdə olur. Amma mən onun rəngini təbii boyalarla dəyişə və qırmızı, qara, yaşıl və digər rənglərdə qatıq hazırlaya bilirəm”.
T.Əmiraslanov rəngli qatıqları təbii yolla hazırladığını qeyd etdi: “Mən rəngli qatıqları təbii yolla hazırlayıram. Amma kimlərsə bunu kimyəvi üsulla, qida boyalarından yararlanmaqla edir. Buna görə də seçim müştərilərindir”.
Qeyd edək ki, qara qatıq təklif edən restoranların adları bizə bəlli olsa da reklam olmasın deyə adlarını yazmırıq.