Nemtsova görə Putinin başı ağrıyacaq

4-03-2015, 07:18   
Nemtsova görə Putinin başı ağrıyacaq

Vəfa Quluzadə: «Müxalifətin lideri iqtidar üçün ciddi problem yaratmağa başlamışdı»

Müxalifətin lideri Boris Nemtsovun öldürülməsi Rusiyada siyasi ehtirasları bir qədər də qızışdırıb. Müxalifət liderinin qətlində Putinin günahkar bilinməsi isə demokratik düşərgəni hakimiyyətə qarşı mübarizəyə səfərbər edib. Onu da qeyd edək ki, yaxın tariximizdə bu cür siyasi qətllərin avtoritar rejim üçün nə ilə bitdiyi yaxşı məlumdur. Məhz Pakistanın müxalifət lideri Benəzir Bhuttonun öldürülməsi Pərviz Müşərrəf rejiminin sonunu yaxınlaşdırdı.
Hazırda da Rusiya prezidentinin durumu ürəkaçan deyil. Rusiya müxalifətinin keçirdiyi mitinq cəmiyyətdə narazılığın hansı həddə olduğunu bir daha nümayiş etdirdi.
Bəs proseslər nəylə bitə bilər? Nemtsovun qətli Rusiyadakı siyasi gərginliyə necə təsir edəcək?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Nemtsovun qətlindən sonra baş tutan yürüş hakimiyyətin ölkədə sabitliyin pozulmasından ciddi narahat olduğunu göstərir. Eyni zamanda Rusiyanın Ukraynada apardığı müharibənin də ölkəni iki yerə parçaladığını deyən V.Quluzadə bildirdi ki, ruslar onlara qardaş olan Ukrayna ilə müharibə aparmaq istəmirlər: “Nemtsov bir çox dövlət postlarında çalışıb. Yeltsindən sonra məhz onun hakimiyyətə gələcəyi düşünülürdü. Mən Nemtsovla iki dəfə görüşmüşəm. O, Bakı-Ceyhan kəməri çəkilən zaman Azərbaycandan Bakı-Novosibirsk kəmərinə də diqqət ayırmağı, bu xətlə heç olmasa 10 milyon baprrel neft nəql etməyi istəməyə gəlmişdi. Həmin danışıqlarda Nemtsov gözəl təsir bağışladı. Mən Nemtsovun sonuncu çıxışına qulaq asmışam. Fevralın 27-də Nemtsov öldürülən gün ”Exo Moskva"da iqtidara qarşı kəskin mövqedən çıxış etmişdi. Üstəlik, məlum idi ki, o rus qoşunlarının Ukraynaya müdaxiləsi ilə bağlı ciddi faktlar açıqlayacaq. Görünən odur ki, Nemtsov iqtidar üçün ciddi problem yaratmağa başlamışdı. Hiss olunurdu ki, Nemtsovun həm Qərbdə, həm də Rusiya daxilində ciddi dostları var".
V.Quluzadə bildirdi ki, Putin Ukraynada müharibədən geri çəkilməyəcək. Amma Ukraynadakı müharibə Rusiya hakimiyyətini dağıdan məsələ olacaq. “Putin Donbasa dəstəyini səngidən zaman daxildən millətçilərin ciddi təzyiqləri ilə üzləşdi. Rusiyanın hazırkı durumu yaxşı deyil. Yürüdülən siyasətin fəsadları artıq görünür. Putin təhlükəli siyasət aparır. Belə siyasət aparan lider Avropanın dostu ola bilməz”, deyə V.Quluzadə vurğuladı.
Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.