Azərbaycan hakimiyyəti ABŞ-la anlaşmanı pozdu

4-03-2015, 07:27   
Azərbaycan hakimiyyəti ABŞ-la anlaşmanı pozdu

İqtidar yenidən anti-Qərb kampaniyasına start verdi; Barak Obama hakimiyyət qəzetlərində sərt ittihamlara tuş gəldi


Azərbaycan hakimiyyəti ilə ABŞ arasında münasibətlər yenidən gərginləşib. ABŞ-ın nüfuzlu qəzeti “The Washington Post”un Azərbaycan hökumətini sərt tənqid etməsi Bakının dərhal reaksiyasına səbəb olub. Dövlət qəzeti “Azərbaycan” və hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanı “Yeni Azərbaycan”ın dünənki saylarında ABŞ-ın və bu ölkənin prezidenti Barak Obamanın ünvanına kəskin ittihamlar yer almış məqalələr dərc olunub.
“Azərbaycan” qəzetində dərc olunan “ABŞ-da məhkəməsiz həbs olunmaq” başlıqlı yazıda Barak Obama despot adlandırılır, onun dünyaya qan uddurmaq siyasəti yeritdiyi iddia olunur. “ABŞ Prezidenti Barak Obama güclü hegemonluq və despotizm əlamətləri nümayiş etdirir. Öz milli hüquqlarını qorumaq, müstəqilliyini gücləndirmək, Amerikadan fərqli yanaşma nümayiş etdirmək istəyən dövlətlər, xüsusilə də müsəlman ölkələri ciddi təzyiqlərə məruz qalır. Həmin ölkələrdə hakimiyyət çevrilişləri həyata keçirilir, vətəndaş qarşıdurması stimullaşdırılır, bütün bunlar nəticə vermədikdə isə onlara qarşı birbaşa hərbi təcavüz edilir. Bu gün Əfqanıstan, Iraq, Liviya, Suriya, Misir və digər ölkələrin xalqları ”demokratiya" və “rifah” adı altında yürüdülən siyasətin fəlakətli nəticələrinə görə cənab Obamaya “minnətdar” olmalıdırlar",- deyə məqalədə bildirilir.
“Azərbaycan” həmçinin iddia edir ki, Barak Obama tənqidçilərini həbs etməklə susdurur: “Cənab Obamanın tənqidçilərini susdurmağa yönəlmiş sevimli alətlərindən biri də həbsdir. Baxmayaraq ki, Amerika prezidenti öz çıxışlarında az qala tanınmış hüquq müdafiəçilərini də geridə qoyur. Quantanamoda bugünə kimi ”terrorçuluqda" və ya “terrorçularla əlbir olmaqda” şübhəli bilinən insanlar saxlanılır. Onların sayı, törətdikləri cinayətlər, saxlanma şəraiti barədə heç kimin məlumatı yoxdur. Çünki cənab Obama öz sələfləri kimi onların üzərində ədalət məhkəməsinin həyata keçirilməsini artıq hesab edir. Üstəlik, mövcud vəziyyəti tənqid edən jurnalistlər və fəalların özləri də həbslərə məruz qalırlar...
Bütün bunlar Vaşinqtonun öz opponentlərinə qarşı necə qəddar davranış nümayiş etdirdiyinin əyani sübutlarıdır".
“Yeni Azərbaycan”da dərc olunan “Məkrli siyasətin girovu - Washington Post” başlıqla yazıda da oxşar ittihamlar yer alıb.
ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Bakı səfərindən sonra Azərbaycan hakimiyyəti ilə Vaşinqtonun münasibətlərində istiləşmə müşahidə olunurdu. Bunun səbəbi Nulandın səfəri zamanı Azərbaycan hakimiyyəti demokratik islahatların aparılması yöndə səylər göstərməyə hazır olduğunu bəyan etmişdi. Lakin görünür, iqtidar anlaşmanı pozmağa fürsət gəzirmiş. “The Washington Post”un tənqidi məqaləsi isə hakimiyyət üçün göydəndüşmə düşüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.