Xosrov bəy Sultanov - Qarabağın general qubernatoru

10-05-2014, 11:35   
Xosrov bəy Sultanov - Qarabağın general qubernatoru
Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında, Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb. Xosrov bəy adlı-sanlı Sultanovlar nəslindən idi.
İlk təhsilini o Gəncə gimnaziyasında alır. Buranı bitirdikdən sonra isə, Odessaya ali tibb təhsili almağa yollanır.
Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla birlikdə təhsil alır. Burada o, Tibb Universiteti rektorunun qızı ilə tanış olur və evlənir. Onların tanışlığı isə belə baş verir. Xosrov bəy küçədə tanımadığı bir qıza söz atılmasına dözmür. Mübahisə duellə nəticələnir. Dueldə Xosrov bəy rəqibini öldürür özü isə bir gözünü itirir. Bəyin qorumaq istədiyi rektor qızı isə bu mərdliyi unutmur və onunla ailə qurmağa razı olur.
Ali təhsil alıb vətənə qayıdan Xosrov bəy milli azadlıq mücadiləsinin öncüllərindən olur. Zaqafqaziya seyminin üzvü olan Xosrov bəy 1918-ci ildə Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi haqda İstiqlala Bəyannaməsinə imza atan 26 nəfərdən biri olur. Və elə buradaca o ilk hökumətdə müdafiə naziri postuna təyin olunur.
Daha sonrakı kabinetlərdə o, Azərbaycanın kənd təsərrüfatı naziri olur. 1919-cu ildən isə Xosrov bəy Qarabağda vəziyyətin ağırlaşması nəzərə alınaraq Qarabağın general qubernatoru təyin edlir.
Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt edir. Daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilir. Bununla da faktiki olaraq Xankəndi və Şuşanın ermənilərin əlində qalması planının qarşısı alınır.
1920-ci ildə Qızıl ordu Azərbaycana daxil olandan sonra Xosrov bəy Sultanov sabiq tələbə yoldaşı Nəriman Nərimanova yeni hökumətlə işləmək istədiyini bildiri. Lakin Nərimanov bu təklifi qəbul etmir.
1923-cü ildən general Xosrov bəy Sultanov Azərbaycanı tərk edir. O, Türkiyədə, İranda, Fransada və Almaniyada yaşayır. Almaniyada Tibb Universitetində professor kimi fəaliyyət göstərir.
1936-cı ildə o yenidən Türkiyəyə qayıdır. Trabzonda məskunlaşan Xosrov bəy ömrünün sonuna qədər burda yaşayır və 1947-ci ildə vəfat edir.
[media=http://www.youtube.com/watch?v=b-YynPVCAjA]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.