Ziyafət Əsgərovun hakimliyi, deputatların savaşı, kabab iyi...

10-05-2014, 11:42   

Deputatların iştirak etdiyi futbol turniri başa çatdı. İki qələbə qazanan, bir dəfə də məğlubiyyətlə barışan deputatlar turniri ikinci pillədə başa vurdu.

İlk oyunda AFFA-nın əməkdaşlarından ibarət komandaya qalib gələn deputatlar ikinci qarşılaşmada incəsənət xadimlərinə məğlub oldular. Gərgin keçən oyunda incəsənət xadimləri 1:0 hesabı ilə qalib gəldilər. İncəsənət xadimlərinin komandasında meyxanaçı Vüqar, Aşıq Əli kimi tanınmışlar yer alırdı.

İncəsənət xadimlərinin qapısını qoruyan Aşıq Əli deputatlara “gün verdi, işıq vermədi”. Komandasının qapısını oyun ərzində real qol vəziyyətlərindən xilas edən Aşıq Əli deputatların bir dəfə də sevinməsinə icazə vermədi.

Deputatların komandasında Fazil Mustafa, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Fuad Muradov, Ülvi Quliyev və Adil Əliyev mübarizə aparırdı.
Komandanın kapitanı YAP-çı deputat Siyavuş Novruzov oyundan sonra virtualaz.org saytına açıqlamasında qələbə qazanmaq üçün imkanlarının olmasına baxmayaraq məğlub olduqlarını dedi: “İki penalti qaçırdıq. Nəticədə məğlub olduq. Ancaq sona qədər mübarizə apardıq”.

Deputatlar növbəti oyunda “Neftçi”nin veteran futbolçularına qalib gəldilər. Bu oyunda hər kəs favorit olaraq “Neftçi”nin veteranlardan ibarət komandasını görsə də sonda gülən tərəf deputatlar oldu.

Bu oyunda “bir az da deputatlara güzəşt edildi” deyə bilərik. Çünki “Neftçi”nin veteranlarından ibarət komandasında kifayət qədər təcrübəli Mahmud Qurbanov, Qurban Qurbanovun qardaşı Musa Qurbanov kimi oyunçular var idi. Buna baxmayaraq deputatlar matçı 4:3 hesabı ilə qalib başa vurdu.

Bu matçın hakimi isə nə az, nə çox – Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov idi.

Deputatların komandasında oyunçu kimi iştirak etməyən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov oyunu idarə edən əsas hakim idi. Bu qələbə ilə deputatlar turnirdə ikinci pillənin sahibi oldular.

Keçirilən oyunlarda deputatların əksəriyyətinin aktivliyi elə siyasətdə, Milli Məclisdə olduğu kimi idi. Milli Məclisin iclaslarında və mətbuatda çıxışları ilə aktiv olan deputatlar oyunlarda da aktiv oldular. Matçlarda komandanın kapitanı Siyavuş Novruzov, Fazil Mustafa, Adil Əliyev və Qüdrət Həsənquliyev fəallıq nümayiş etdirdilər. Fuad Muradov və Zahid Oruc fiziki cəhətdən surətli olsalar da nəticə etibarilə komandalarına fayda verə bilmədilər.

Oyunlar komandanın kapitanı Siyavuş Novruzovun digər deputatlarda irad tutması ilə də yadda qaldı. Bir neçə dəfə ötürmələrdə səhvə və gecikmələrə yol verən deputatlar kapitan tərəfindən xəbərdarlıqla üzləşdilər. Deputatlar əsasən hücuma meylli oyun nümayiş etdirdiklərindən rəqib komandanın qapıçıları millət vəkillərinin əhatəsində qalırdı. Yeddi deputatdan beşi hücumçu kimi oynayırdı.

Deputatlar arasında Zahid Oruc zəif oyun nümayiş etdirdiyindən kapitan Siyavuş Novruzov tərəfindən ehtiyat oyunçular sırasına göndərildi.

“Sovetski”nin deputatı Ülvi Quliyev də zəif oyun nümayiş etdirən deputatlardan idi. “Sovetski” sakinlərinin taleyinə biganə qalan deputat Ü.Quliyev bəzi epizodlarda komandasına yardımçı ola bilmədi. O da zəif oyun nümayiş etdirən oyunçulardan oldu.

Deputatların ikinci pilləni tutmasında əsas pay sahibi qapıçı oldu. Onların komandasının qapısını millimizin keçmiş qapıçısı, təcrübəli qolkiper Hüseyn Məhəmmədov qoruyurdu. Qapıçı amili deputatların ikinci yer tutmasında öz sözünü dedi.

Oyunların keçirildiyi meydançanın ətrafında isə kafe var. Bu da qan-tər iyi verməli olan oyunları... kabab iyinə bələdi...

Elə Fazil Mustafa da bu kabab iyi amilin ironiya ilə şərh etdi: “Futbolumuza da kabab iyi qarışdı. Hər işimizdə kabab var...”

Deputatlar zəif oyun göstərmələrinin səbəbi kimi onların matçlara uzun fasilələrlə çıxması da göstərildi.

Matçlardan sonra deputatlarımız özlərini əməlli-başlı istirahətə verdi. Deputatlar bu dəfə süfrə arxasında toplaşdılar. Yedilər, içdilər, futbolun yorğunluğunu atdılar. Göydən də üç alma əvəzinə bir top düşdü. O da deputatların... qapısına...
[media=http://www.youtube.com/watch?v=tbKvaFJ-FTY]
Ziyafət Əsgərovun hakimliyi, deputatların savaşı, kabab iyi...



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.