Kremldən Qafqazın ilhaqına yönəlik daha bir addım; Azərbaycan və Gürcüstan Rusiyanın hərbi birləşmələri ilə üzük qaşı kimi əhatə olunub; Nemtsovun qətlinin soyuq geosiyasi küləyi bölgəmizi başqa yandan vuracaq; Avrasiya layihələrini zorla reallaşdırmaq təhlükəsi artır... (manset)
Ukraynadakı proseslərin nə ilə sonuclanacağı ilə bağlı qeyri-müəyyənlik qalmaqda ikən, Rusiya Güney Qafqaz bölgəsinə diqqəti artırıb. Bir çox analitiklərə görə, rəsmi Moskva üçün Cənubi Qafqaz Ukraynadan sonra postsovet məkanında ikinci həyati önəmdə, siyasi revanş anlamında olduğu üçün Putin hər şeyə gedəcək ki, burada Kremlin hərbi-siyasi nəzarətini və təsirini saxlasın və gücləndirsin.
Şübhəsiz ki, Şimali Qafqazın Güney Qafqazla həmsərhəd respublikalarında illərdir böyük sayda canlı hərbi qüvvə və texnikanın saxlanılması, Ermənistanda 5 min nəfərlik Rusiya hərbi bazasının mövcudluğu və onun mütəmadi modernləşdirilməsi (2015-ci ilin sonunadək baza yalnız muzdlulardan təşkil olacaq) və tez-tez bu bazının iştirakı ilə Türkiyə, Azərbaycan və Gürcüstana “əzələ nümayişi” məqsədi güdən hərbi təlimlərin keçirilməsi müstəsna olaraq həmin hədəfə hesablanıb.
Qərbi regionumuzdan həmişəlik çıxarmaq niyyətini heç vaxt gizlətməyən şimal qonşumuzun hərbi hazırlıqları bununla qurtarmır. Rusiya öz strateji hədəfinə çatmaqdan ötrü Gürcüstandan de-fakto ilhaq elədiyi və 2008-ci ildə “müstəqilliyini” tanıdığı Abxaziya və Şimali Osetiyada da hərbi mövcudluğunu genişləndirmək kursu götürüb.
Belə demək mümkünsə, bölgə, onun iki ən vacib dövləti - Azərbaycan və Gürcüstan artıq Rusiyanın qanuni və qanunsuz hərbi birləşmələri ilə üzük qaşı kimi əhatə olunub. Rus hərbiyyəsi indi Güney Qafqaz üzərində “Domokl qılıncı” kimi asılıb yazsaq, heç də səhvə yol vermərik. Üstəgəl, mühasirə yavaş-yavaş daralmaqdadır...
*****
Kremlin məkrli Qafqaz planlarının ciddiliyinə dəlalət edən daha iki yeni fakt var.
Biri odur ki, Rusiya və Abxaziya arasında imzalanan strateji tərəfdaşlıq və müttəfiqlik haqqında müqavilə ötən həftəsonu rəsmən qüvvəyə minib. Bu haqda informasiyanı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb. Arayış üçün bildirək ki, keçən ilin noyabrında imzalanan sənəd Rusiyanın Abxaziyanın təhlükəsizliyini öz üzərinə götürməsini, tərəflər arasında ortaq silahlı qüvvələrin (birgə ordunun) yaradılmasını nəzərdə tutur.
Ancaq aydındır ki, belə bir ordu əsasən Rusiya silahlı qüvvələrindən ibarət olacaq. Bu və digər səbəblərdən əksər siyasi təhlilçilər haqlı olaraq strateji tərəfdaşlıq və müttəfiqlik haqda sənədi faktiki olaraq, Abxaziyanın ilhaqı kimi qiymətləndirirlər.
Regiona şimal təhlükəsi bununla yekunlaşmır. İş ondadır ki, Ermənistanın ardınca bölgədə Abxaziya timsalında Kremlin ikinci mühüm forpostunun yaradılması prosesi başa çatmaqdadır. Moskva fors-major vəziyyətlərdə bu müqaviləyə əsaslanaraq, təhlükəsizlik bəhanəsi altında bölgəyə çevik və “qanuni” hərbi müdaxilə imkanlarını genişləndirmiş olub.
*****
İkinci diqqətçəkən fakt: bir neçə gün öncə prezident Putin bəyan elədi ki, Rusiya sanksiyalara və “məhdud büdcəyə rəğmən”, 2015 üçün hərbi xərcləri azaltmayacaq. Bu da yuxarıda danışdığımız təhlükəli hədəf kontekstində tam məntiqli görünür. Bəlli olur ki, Kreml xarici siyasətdə güc amilindən vaz keçməyə hazırlaşmır.
Bölgəmizə yönəlik Rusiya təhdidlərini ciddiləşdiyini təsdiqləyən başqa yeni və qorxulu gəlişmələr də var. Söhbət öncəliklə Rusiya müxalifətinin lideri, Putinin 1 nömrəli rəqibi, qərbyönlü Boris Nemtsovun Kreml yaxınlığında nümayişkaranə şəkildə öldürülməsindən gedir. Bu vəhşi akt Putin haqda, sözsüz ki, qəddar, proqnoza yatmayan lider imicini möhkəmləndirib.
Deməli, Rusiya ilə həmsərhəd postsovet ölkələrində də Kremlin hazırkı başçısından yana ehtiyatlılıq, əndişə artıb. Bu fonda Moskvanın həmin ölkələrə təhdidləri, sözsüz ki, yeni çalar qazanmış olur. Nəzərə alsaq ki, xarici siyasət daxili siyasətin davamıdır, o zaman daxildə güclü və yenilməz imicini gücləndirən Rusiya prezidentinin “Yaxın xaric” ölkələrinə, ələlxüsus, “ipə-sapa yatmayan” Azərbaycana və Gürcüstana qarşı daha güzəştsiz və sərt davranacağı istisna deyil...
*****
Beləliklə, Putin heç vaxt olmadığı qədər həmsərhəd ölkələr üçün sözünün üstə söz deyilməsini xoşlamayan bir imperatora, qorxulu fiqura çevrilib; onun Avrasiya layihələrini zorla reallaşdırmaq ehtimalı güclənib, bu layihələri təhdidlər hesabına həyata keçirməkdən ötrü Kreml başçısı üçün fürsət, şans böyüyüb.
Və bütün bunlar Azərbaycana, onun iqtidarının davranışlarına, gələcək planlarına birbaşa təsir edir. Bu təsirlərin bəzilərinin rəsmi Bakının manevrlərində inikasını artıq biz də görməkdəyik.
Siyasət şöbəsi musavat.com/