Putin bu gün efirə çıxmasa...

16-03-2015, 09:34   
Putin bu gün efirə çıxmasa...

Dünyanın gözü müəmmanı çözmək üçün Piterə dikildi; Rusiya prezidentinin “yoxa çıxması” ətrafında son 10 gündə davam edən şayiələrə nəhayət, bu gün aydınlıq gələ bilər; məşhur filosof alim Heydər Camaldan sensasion iddialar: “Putin neytrallaşdırılıb və güc strukturlarının nəzarəti altındadır”; yaxın dostu İlham Rəhimov “peşəkar xokkeyçilərlə saat yarım xokkey oynadı” deyir; Kremldə çevriliş olsa, FTX rəhbəri Bortnikovun şansı varmı?

Rusiya prezidenti Vladimir Putinin “yoxa çıxması” ətrafında son 10 gündə davam edən müəmmalara, nəhayət, bu gün aydınlıq gələ bilər. Kremlin rəsmi məlumatına görə, Rusiya lideri bu gün Qırğızıstan prezidenti Almazbek Atambayevlə Sankt-Peterburqda görüşməlidir.

Rusiyanın ən məlumatlı adamlarından biri, Kreml hakimiyyətinə müxalifətdə olan “Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktov martın 15-də özünün Tvitter hesabında “hər kəs sakit olsun, 48 saat gözləyin” deyə, mesaj yazıb. Boris Nemtsovun qətlindən sonra ölkəni tərk etdiyi deyilən Venediktov nəyə işarə etdiyini bildirməyib.
Rusiya İslam Komitəsinin sədri, tanınmış filosof alim Heydər Camal isə Putin haqqında sensasion iddialar səsləndirib. Gürcüstan televiziyasına danışan H.Camal deyib ki, “Putin neytrallaşdırılıb və bu və ya digər səviyyədə dövlət çevrilişi həyata keçirmək iqtidarında olan güc strukturlarının nəzarəti altındadır”.

H.Camal deyib ki, Rusiya prezidentinin bu günə və martın 17-nə təyin edilən görüşləri ilə bağlı xəbərlər yalnız vaxt qazanmaq üçündür və ola bilsin ki, onunla anlaşma əldə etmək üçün danışıqlar aparılır. Politoloq Putinin taleyindən danışarkən onun sağ olduğunu deyib, amma onu Miloşeviç, Qəddafi və Səddamla müqayisə edərək Rusiyada hakimiyyətdə olmağın təhlükəli olduğunu xatırladıb: “Hər halda, I Pyotrdan sonra Rusiya hakimiyyətində yalnız Brejnev və Çernenko öz əcəliylə ölüblər” deyən, H.Camal Putinin də eyni tale ilə üzləşə biləcəyinə işarə edib.

O, ötən ay Rusiya FTX-nin rəhbəri Aleksandr Bortnikovun sensasion ABŞ səfərinə də diqqət çəkib. O, adı Avropa Birliyinin sanksiya siyahısında ön sırada olan şəxsin okeanın o tayına terrorizmlə mübarizə tədbirinə getməsini absurd hesab etdiyini deyib: “Dünyanın gündəmində Rusiya və Ukraynadakı vəziyyət durarkən bu cür müzakirənin olması yalnız səfərin əsas səbəbini gizlətməyə hesablanıb”, - deyə o bildirib. H.Camalın fikrincə, FTX rəhbəri vasitəsilə ya Rusiyaya qəti ultimatum verilib, ya da ona elə bir təklif verilib ki, ondan imtina etmək mümkün deyil.



Qeyd edək ki, FTX rəhbəri fevralın 18 və 19-da “Zorakı ekstremizmə qarşı mübarizə" sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik edib. Bortnikovun səfərinə diqqət çəkən dünya nəşrləri ”ABŞ - ın Avropa Birliyinin Bortnikova qarşı sanksiyalarına məhəl qoymamasını" qınamışdı. Buna cavab olaraq “Bortnikov AB-nin Ukraynada Rusiya yönlü qiyamçılara dəstəklə bağlı tətbiq etdiyi sanksiyalara məruz qalıb, amma o, ABŞ-ın hər hansı sanksiyasına məruz qalmayıb” deyə, Ağ Ev rəsmisi Psaki bildirmişdi.

Səfər başa çatdıqdan sonra Bortnikov jurnalistlərə bildirib ki, onun Vaşinqtona səfəri həm peşəkar, həm də siyasi xarakter daşıyırdı. “Mənim və həmkarlarımızın malik olduğumuz imkanlardan istifadə etmədən siyasi problemləri həll etmək olmaz. Bu, baş verənlərə müsbət təsir göstərməyin əsasında duran çox mühüm aspektdir” deyə, Bortnikov bildirmişdi. Hələ o zaman da belə bir iddia vardı ki, Bortnikov ABŞ-a Putinin şəxsi nümayəndəsi qismində gedib və Vaşinqtonda ən yüksək səviyyədə məxfi məsləhətləşmələr başlayıb.

***
1994-1995-ci illərdən Rusiya Dövlət Televiziyasında İslam dini barəsində “Nıne” (“İndi”) adlı verilişi ilə məşhurlaşan əslən şuşalı olan H.Camal təkcə dini çevrələrdə deyil, siyasi dairələrdə də nüfuzlu şəxs hesab edilir. Kremlə yaxın olmasa da, onun Rusiya kəşfiyyatı ilə əlaqələrinə dair zəif də olsa ehtimallar var. Çünki o, radikal İslam təriqətlərinə qarşıdır və Rusiya müsəlmanlarının çoxluq təşkil etdiyi şiə teoloqu kimi tanınır və qəbul edilir. Onun Putin haqda hətta Kremlin qatı düşmənlərinin ehtiyatlı mövqe sərgilədiyi bir vaxtda bu cür sərt açıqlama ilə çıxış etməsi maraq doğurur.

Burada iki əsas versiya ola bilər: birincisi, Heydər Camal “Putin ətrafı tərəfindən devrilib” deməklə, prezidentin bu gün gözlənilən üzə çıxmasının effektini daha da artırmış olur. Çünki “Putini güc strukturları devirə bilər” iddiası yeni deyil və bu, son günlərdə ən çox səslənən versiyadır.

Heydər Camalın dedikləri ilə bağlı ikinci ehtimal da yenə Putinin yaxın ətrafı ilə bağlıdır. Məlumdur ki, onun Ukrayna siyasəti Rusiyanı təcrid edib və Qərblə qarşıdurma səngimir. Bundan isə elə ən çox əziyyət çəkən də elə Putinin yaxın ətrafı - sanksiyalardan hər gün milyonlar itirən məmur-oliqarxlardır. H.Camalın Putinin ən inanılmış adamlarından biri olan FTX rəhbərinin ABŞ səfərinə diqqət çəkməsi, “imtina edilməyəcək təklif ”lə bağlı dedikləri Kremlin Putindən sonra kimlərin əlinə keçə biləcəyinə də işarə sayıla bilər. Yəni “KQB” Putin gedəcəksə, onun yerinə başqa bir kəşfiyyatçı gələcək...



Rusiya prezidentinin tələbəlik dostu, azərbaycanlı iş adamı professor İlham Rəhimov da Putin haqda danışıb. Müsavat.com-a açıqlamasında o deyib ki, prezidentlə bu yaxınlarda görüşüb: “Mən öz gözlərimlə gördüm və şahidiyəm ki, o, buz meydançada peşəkar xokkeyçilərlə saat yarım xokkey oynadı. Saat yarım, peşəkar xokkeyçi kimi! Siz heç bilirsinizmi, xokkey nədir, hansı güc, dözüm və cəsarət tələb edir bu idman növü? Yeri gəlmişkən, həm də yaxşı nəfəs tələb edir. Səmimi deyim ki, təəccübləndim. Mən özüm xokkey oynamıram, amma onu müşahidə etdim ki, o, əla idman formasındadır. Bax, bunun şahidi oldum. Belə şeyləri onun haqda yəqin o adamlar danışır ki, ya ona həsəd aparır, ya da ondan xoşlanmırlar”. İ.Rəhimov deyib ki, Putinin İslamı qəbul eləməsi kimi iddiadan daha axmaq bir şey düşünmək çətindir: “Bu, heç lətifə də deyil. Bunu onun düşmənləri uydurub, ortaya atıb”.

Yeri gəlmişkən, Putinin “yoxa çıxması” və İslamı qəbul etməsi barədə iddiaların da məhz Kremldən hazırlandığı piar olduğu barədə də xəbərlər var. İddialara görə, Putin “birinci şəxs” boşluğu yaradaraq onun getməsini arzulayanlara əslində ölkə üçün kim olduğunun əhəmiyyətini ortaya qoymaq istəyib və etiraf edilir ki, buna nail də olub. İslamı qəbul etməsinə gəlincə, bu da Nemtsovun qatillərinin arxasında “islamçı izi” çıxmasından sonra dövriyyəyə buraxıldı və Putinin dostu Ramzan Kadırov vasitəsilə (Çeçenistan prezidenti öz bloqunda bundan sonra Putinin kafirlərə və münafiqlərə qarşı müharibə aparacağını yazmışdı) daha da hərəkətləndirildi.

Azərbaycan televiziyalarından “Lider” telekanalında deputat Sahib Alıyev müəllif verilişində Putinlə bağlı müəmmadan danışarkən iki maraqlı tezisi qabardıb. “Lider” şərhçisinin fikrincə, Putinin İslamı qəbul etməsi barədə deyilənlər Nemtsovun qətlindən sonra islamçıların Kremlə mümkün qəzəbini yumşaltmaq məqsədi ilə ortaya atılmış ola bilər. Hökumət kanalı Putinin güclü lider olduğunu deyərək Qərb çevrələrinin onu devirmək istəyini xatırladıb və Rusiya prezidentinə müxalifət olanları “lidercik” adlandıraraq Kreml sahibinə tam dəstəyini ifadə edib.



***
Putin-today.ru saytı martın 15-də Putin haqda bir neçə yeni xəbər yayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov martın 15-də Bakı vaxtilə saat 23:00-da “Rossiya-1" kanalında ”Krım. Vətənə yol" sənədli filminin nümayişi haqda danışıb. Peskov deyib ki, filmdə prezidentin iki müsahibəsi yayımlanacaq. Bu müsahibədə Putin Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin necə xilas edilməsinin təfərrüatlarından da danışacaq: “Prezident filmin ümumi süjeti haqda məlumatlıdır. Amma o da bütün rusiyalı tamaşaçılar kimi filmə bu gün(martın 15-də) baxacaq” deyə, Peskov bildirib. Sayt martın 15-də vəfat edən Rusiyanın tanınmış yazıçısı Valentin Rasputinin ailəsinə prezident adından yaydığı başsağlığını da dərc edib. Putin həmçinin Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Jores Alfyorovu 85 illik yubileyini təbrik edib.

Prezidentin gündəlik iş rejimini və fəaliyyətini işıqlandıran yeganə sayt (“putin-bu gün”) Putinin sonuncu sərəncamını martın 13-də imzaladığını xəbər verir. Xəbərdə bildirilir ki, Putin baş nazirə Milli məsələlər üzrə Federal Agentlik yaratmaqla bağlı tapşırıq verib.

Xatırladaq ki, Putinin haqqında müəmma martın 6-dan başlayıb. O, martın 5-də İtaliyanın baş naziri Matteo Rentsi ilə görüşüb. Bundan sonra Kreml Putinin 8 mart münasibətilə qadınlarla görüşməsinə dair məlumat yayıb. Lakin görüş iştirakçılarından birinin məlumatına görə, əslində bu görüş də martın 5-də keçirilib. Putinin yorğun olduğu görüş iştirakçılarının gözündən yayınmayıb. Putinin martın 12-13-də Astanaya planlaşdırılan səfərinin açıqlanmayan səbəbdən təxirə salınması şayiələri daha da artırıb.

Kreml rəhbərinin məmurları ilə sonrakı görüşlərində mətbuat iştirak etməyib. Məlumata görə, bir sıra regionların qubernatorları ilə görüşlər əslində mətbuata açıqlanan vaxtdan bir neçə gün əvvəl keçirilib. Putinlə bağlı ən son süjet martın 13-də Ali Məhkəmə sədri Vyaçeslav Lebedevlə görüşdən olub. Görüşün prezidentin Moskva vilayətindəki iqamətgahında baş tutduğu xəbər verilib. Amma bu da inandırıcı görünməyib və şayiələri daha da artırıb.
***
İndi bütün diqqət Putinin bu gün Piterdə gözlənilən görüşünə dikilib. Prezident bu gün efirdə yayılan şayiələrə də nöqtə qoya bilər. Amma...çıxmasa necə?

Gözləyək...
//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.