Dollar qalxacaq, neft düşəcək, manatın ikinci dəfə devalvasiyası qaçılmazdır
Samir Əliyev: «Dolların bahalaşması manata təzyiqi artıracaq»
Bütün dünya investorlarının diqqəti martın 17-18-də ABŞ-ın Mərkəzi Bankının keçirəcəyi növbəti toplantıya köklənib. Buna səbəb həmin toplantıda FEB-in faiz dərəcələrinin artırılacağı ilə bağlı qərarın verilməsinin gözlənilməsidir. Çünki həm neftin qiyməti, həm də dolların digər valyutalarla müqayisədə hansı istiqamətdə dəyişəcəyi FED-in qərarından asılı olacaq.
Lakin əksər ekspertlər ABŞ-ın Mərkəzi Bankının faiz dərəcələrini artırmayacağını, əvvəlki siyasətinin üstündə qalaraq bir qədər də gözləmə mövqeyi tutacaqlarını düşünürlər. Onlar bunu ABŞ-da inflyasiya gözləntilərinin çox aşağı olması, iqtisadi inkişafla bağlı proqnozların 2,4 faiz olacağı, işsizlik səviyyəsinin 5,2 faizin altına düşəcəyi ilə izah edirlər. Yəni faiz dərəcələrinin artımı üçün heç bir iqtisadi əsas görmürlər. Ekspertlər düşünür ki, ABŞ-ın bu dəfə də olmasa, sentyabr ayında faiz dərəcələrinə yenidən baxması qaçılmazdır.
Hələlik isə sözügedən gözləntilər dünya birjalarında dolların bahalaşmasına təkan verib. Analitiklərin fikrincə, martın 18-nə kimi dollar 5 faiz bahalaşa, qızılın unsiyası 16 faiz, avro isə ABŞ valyutasına nisbətən 1,03 faiz aşağı düşə bilər. Əlbəttə, bu proseslər Azərbaycan manatına qarşı da təzyiqləri daha da artıracaq. Yaxın bir neçə gündə manatın bir qədər ucuzlaşması qaçılmaz ola bilər.
Hazırkı durumda investorlar öz yatırımlarını nəyə edəcəkləri ilə bağlı çaşqın vəziyyətdədirlər. Dünyanın tanınmış investisiya şirkətləri indiki vəziyyətdə ən yaxşı yatırımın Amerika şirkətlərinin səhmlərinə olduğunu bildirirlər. Onlar mənfi faizli Avropa dövlətlərinin qiymətli kağızlarına yatırım etməyi isə ən uğursuz investisiya hesab edirlər. Investisiya şirkətləri Amerikanın qiymətli kağızlarını riskli saysalar da, indiki vəziyyətdə Avropa səhmlərindən baha olması onların daha cəlbedici olduğunu düşünürlər. Lakin bu bazar uzun müddətli dövr üçün böyük risklərə malikdir. Analitiklər hesab edir ki, uzunmüddətli dövr üçün inkişaf etmiş ölkələrin səhmlərinə yatırım qoyulması məsləhətdir (“Bizim Yol”).
ABŞ-dan gələn həyəcanlı xəbərlərlə bağlı Türkiyədən artıq ilkin reaksiya gəlib. “Hazırda valyuta bazarındakı dalğalanma inkişaf etməkdə olan bütün ölkələrdə baş verir”. Bu sözləri Türkiyə baş nazirinin iqtisadiyyata məsul olan müavini Əli Babacan deyib. Bursada keçirilən Uludağ Iqtisadiyyat Zirvəsində çıxış edən Əli Babacan dünya iqtisadiyyatında cərəyan edən prosesləri təhlil edərkən diqqəti Avropa Birliyinin həyata keçirdiyi iqtisadi siyasətə cəlb edib: “Böhranlar maliyyə sistemindən irəli gəlirsə, bunun təsiri daha dərin olur vəÿdaha uzun müddət davam edir. Avropa Birliyi uzun müddət davam edəcək olan aşağı sürətli böyümə xəttinə girib. Bundan başqa, avro da deflyasiya mərhələsinə qədəm qoyub. AB Mərkəzi Bankı yenidən bazara pul axıtmaq siyasətini həyata keçirərək canlanma yaratmaq istəsə də, bunun mümkün olmadığını görməkdəyik. Hazırda Avropanın ən böyük problemi infrastruktur islahatlarını həyata keçirə bilməməsidir. AB-nin borc problemini səhnə qabağında görməsəniz də, o problem pərdənin arxasında davam edir. Avropa Mərkəzi Bankının üzv ölkələr arasında fərq qoymadan hamısına təminat verməsi də qəbul edilə biləcək bir durum deyil”.
Dünya maliyyə böhranından çıxmağa başlayaraq iqtisadiyyatını toparlamağa çalışan ölkələrin başında ABŞ-ın gəldiyini vurğulayan Əli Babacan, sözlərini bu şəkildə davam etdirib: “ABŞ-da isə yeni bir sənayeləşmə həmləsi görürük. Son 1 ildə ABŞ iqtisadiyyatında toparlanma görməkdəyik. Ancaq ABŞ Mərkəzi Bankının normal duruma dönməsini də gözləyirik. Iyunda və ya ən gec bu ilin axırında ABŞ Mərkəzi Bankının faiz artımına getməsi dünyada yeni bir dalğalanmaya səbəb olacaq. FED-in pul siyasəti ABŞ dollarının dünyada ən güclü pul vahidinə çevrilməsinə səbəb olur ki, son dönəmlərdə dollar-avro paritetində dolların lehinə yaşanan gəlişmə də bunun nəticəsidir. Indi hamı dollar-avro pariteti üzərindən loto oynayır. 3-4 həftə içində Türkiyədə də valyutanın dalğalanması baş verdi. Ancaq əmin olun ki, bu durum təkcə bizə xas deyil. Inkişaf etməkdə olan bütün bazarlara baxanda eyni şeyi görəcəksiniz”.
Baş nazirin müavini bəyan edib ki, Türkiyədə iqtisadi inkişafın önündəki əsas problem hüquq sahəsindəki nöqsanlardır.
Bəs ABŞ-da qəbul olunacaq qərarlar dünya bazarındakı neftin qiymətinə necə təsir edəcək. Bundan başqa, fevralın 21-də manatın devalvasiyasına gedən Mərkəzi Bank dolların dəyəri artacağı təqdirdə hansı addımları atmalıdır?
Iqtisadçı Samir Əliyev bildirdi ki, ABŞ-ın uçot dərəcəsini qaldırması dolların bahalaşmasına səbəb olacaq. Bundan başqa, Avropa Birliyinin avro ilə bağlı yeni proqramı işə salmağa hazırlaşdığını deyən S.Əliyev vurğuladı ki, bu layihəyə görə 60 milyard dəyərində pul çap edilərək dövriyəyə buraxılacaq: “Bu isə avronu ucuzlaşdıracaq. Digər tərəfdən isə dolları bahalaşdıracaq prosesə start verilir. Nəticədə avronun ucuzlaşması dollara olan tələbatı daha da artıracaq. Neftin ucuzlaşması, ABŞ iqtisadiyyatının getdikcə güclənməsinə dair məlumatlar dolları gücləndirən faktorlardır. Bu onu göstərir ki, bu il dollar bahalaşmaqda davam edəcək”.
Dolların bahalaşmasının manata təzyiqi artıracağını deyən S.Əliyev vurğuladı ki, manatın arxasında dayanan neft pullarının azalması milli valyutanı çətin duruma salıb: “Azərbaycan manatı neftdən asılıdır. Neftin dinamikasından asılı olaraq manatın da məzənnəsi dəyişəcək. Ona görə ikinci devalvasiya qaçılmaz olacaq. Bu neftin qiyməti 40 dollara düşəcəyi təqdirdə zəruri addım olacaq. Neftin qiyməti qalxacağı təqdirdə isə manatın yüngül ucuzlaşması baş verəcək. Ilin sonuna qədər manat 10 faiz də ucazlaşa bilər. Dünyada baş verən bütün proseslər manatın əleyhinə işləyir”.