İcra başçısının Almaniyada mühacir olan Hüseyn Abdullayevə vaxtı ilə verdiyi açıq dəstəyin gizlinləri isə problemlər yarada bilər
Vaxtı ilə YAP-da «qaragurh dəstə»yə başçılıq edən və müxalif toplantılara təxribatçı qrup kimi daxil olaraq pozuculuq fəaliyyəti ilə yadda qalan Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev yeni iddiaya düşüb. O, YAP-da yeni vəzifə sahibi olduqdan sonra bir qədər də ruhlanıb.
Mia.az-a verilən məlumata görə, Nizami rayonunda icra başçısı vəzifəsində işləyərkən ARDNŞ rəhbəri Rövnəq Abdullayevlə mübarizədən məğlub ayrılan və 2005 parlament seçkisində «pərdəarxası»nda hazırda Almaniyada mühacir olan Hüseyn Abdullayevə açıq dəstək verən Abdin Fərzəliyev Bakı Şəhər İcra Hakimiyyəti başçısı postuna iddiasını gizlətməyib: «Onu yüksək vəzifə sevdasına gətirən təkcə yeni qohumluq əlaqəsi və YAP-da yeni vəzifə alması deyil. O, həm də maneə gözüylə gördüyü Rövnəq Abdullayevin son aylar mətbuatda və müəyyən çevrələrdə «vurulması»dan sevincək olub. Ona və yaxın çevrəsinə elə gəlir ki, artıq Rövnəq Abdullayevin hakimiyyətdəki gücü bitirilib. Bu isə illərdir onunla ulduzu barışmayan Abdin Fərzəliyevin daha yuxarılara yolunu açıb».
Məlumatlı şəxs Mia.az-a deyib ki, yüksək vəzifə iddiasında olan icra başçısı hədəfinə çatmaq üçün hətta müxalif mətbuatla anlaşmaqdan da çəkinməyib: «O, ölkənin populyar müxalif mətbu orqanları ilə barəsində hər hansı bir neqativ məlumatların dərc edilməməsi məqsədiylə də anlaşıb. Başçı hesab edir ki, neqativ məlumatlar onun barəsindəki müsbət rəyi kölgələyə bilər».
Təəssüf ki, mövqe öyrənə bilmədik. Deyilənlərlə bağlı əlavə xəbərimiz olacaq.
Mia.az