“Türkiyənin Azərbaycanla yanaşı Türkmənistanla da sıx əlaqələri var. Türkiyə kapitalı Türkmənistanda geniş təmsil olunub, siyasi dialoq yüksək səviyyədədir. Türkmənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginlik olmasa da, müsbət dinamika da müşahidə olunmur”.
Axar.az xəbər verir ki, bu haqda məlumatı Elxan Şahinoğlu öz Feysbuk səhifəsində yerləşdirib. Onun sözlərinə görə, Türkiyə əvvəllər Türkmənistanla Azərbaycan arasındakı münasibətlərə qarışmazdı:
“Ancaq bölgədə vəziyyət dəyişib. Türkiyə bölgənin əsas enerji daşıyıçısı dövlətinə çevrilmək istəyir. Rusiya və Azərbaycan öz qazını Türkiyə üzərindən Avropaya daşıyacaq. Gələcəkdə İran və Şimali İraqın qazı da Türkiyə üzərindən Avropaya daşına bilər. Türkmənistan dünyanın ən böyük qaz rezervlərinə malik ölkədir. Buna görə də Ankara Türkmənistan qazının da Türkiyə üzərindən Avropaya daşınmasını istəyir. Bu, Türkiyənin bölgədəki rolunu daha da artıracaq. Ancaq bunu reallaşdırmaq üçün Türkmənistanla Azərbaycanı barışdırmaq lazımdır. Çünki Türkiyəyə çatdırılması üçün türkmən qazı Xəzərin dibiylə öncə Azərbaycana çatdırılmalıdır”.
Politoloqun sözlərinə görə, Türkiyə bu məsələdə üçtərəfli əməkdaşlıq formatına daha çox önəm verir:
“Ərdoğan üç ölkə arasında nəqliyyat və enerji sahəsində əməkdaşlıq əlaqələrinin sürətləndirilməsini istəyir. Ərdoğanın bu siyasəti gələcəkdə onu Putinlə toqquşduracaq. Çünki Kreml Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasını istəmir. Kremlin Türkiyə-Türkmənistan-Azərbaycan üçlüyünün planlarını pozmaq üçün əlində “Xəzərin statusu müəyyənləşmədiyindən dənizin dibi ilə boru xətti tikmək olmaz, eyni zamanda, bu, dənizin ekologiyasına zərər vura bilər” kimi bəhanəsi var . Son vaxtlara qədər Bakı və Aşqabad Kremlin bu arqumenti ilə hesablaşırdılar. Halbuki hər iki dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsini istəyir, çünki bu boru xətti həm Türkmənistana, həm də Azərbaycana əlavə gəlir gətirəcək. Buna baxmayaraq Bakı və Aşqabad Xəzərin dibi ilə boru xəttinin çəkilişi məsələsində Avropadan kifayət qədər dəstək almadıqlarından bu məsələdə Moskva ilə toqquşmaq istəmirdilər”.
Brüssel və Ankaranın sözügedən məsələdə fəallaşdığını bildirən politoloqun sözlərinə görə, Avropa Birliyi və Türkiyə Türkmənistanla qaz mövzusunda danışıqları intensivləşdirərək Xəzərin dibi ilə boru xəttinin çəkilişini real hesab edirlər:
“Brüssel və Ankara yaxın gələcəkdə türkmən qazı məsələsində Rusiya ilə mübarizəyə hazırdılar. Ancaq bu azdır. Xəzərin dibi ilə boru xəttinin çəkilişi məsələsində Brüssel və Ankara Türkmənistanla Azərbaycanı Rusiya və İranın təzyiqlərindən qorumalıdır.
Ankaranın Türkmənistanla Azərbaycan arasında aktiv vasitəçiyə çevrilməsi iki səbəddən vacibdir. Birincisi, Türkmənistan və Azərbaycan Avropa bazarına daha çox qaz ötürəcəklər. Bu, hər iki dövlətin həm maliyyə resurslarını, həm də Avropada siyasi çəkilərini artıracaq. İkincisi, Türkmənistanla Azərbaycan qaz əməkdaşlığı vasitəsilə Xəzər dənizindəki “Kəpəz” yatağıyla bağlı aralarındakı mübahisəni də həll edəcəklər. Hər iki dövlət üçün ən ideal variant “Kəpəz” yatağını birgə işlətməkdir”.