Rusiyaya qarşı "Tetçer proqramı" işə salındı

22-03-2015, 08:10   
Rusiyaya qarşı "Tetçer proqramı" işə salındı

Britaniyanın baş naziri David Kameron Rusiyanın hegemonluğu təhlükəsinə qarşı şərqi Avropa ölkələrinin dəstəklənməsi üçün "soyuq müharibə" illərində fəaliyyət göstərmiş xüsusi fondun işini bərpa edib.

Hazırda ümumi yığımı 5 milyon funt-sterlinq (7,35 milyon dollar) olan fond Ukraynada vətəndaş təsisatlarının dəstəklənməsinə yardım göstərir.

Fond Moldova, Gürcüstan, Bosniya və Herseqovinada, habelə Serbiyada demokratiyanın dəstəklənməsi məqsədilə ehtiyatlarını 15 milyon funt-sterlinqə çatdırmağı planlaşdırır.

Yaxşı İdarəçilik Fondunun (Good Governance Fund) fəaliyyəti "soyuq müharibə" illərində o vaxtkı baş nazir Marqaret Tetçerin təşəbbüsü ilə başlanmış proqram əsasında qurulacaq.

1989-cu ildə qəbul olunmuş bu proqram Macarıstan, Polşa və Çexoslovakiya da daxil SSRİ-nin təsir dairəsinə aid ölkələrdə vətəndaş təsisatlarının, bazar iqtisadiyyatının və səmərəli idarəçilyin inkişafına xidmət edib. Bu barədə Bloomberg saytına fonddan adlarının çəkilməsini istəməyən rəsmilər bildiriblər.

D.Kameron Avropa İttifaqı liderlərinin ötən cümə axşamı Brüsseldə keçirilən sammitində deyib ki, sözügedən fond həmçinin şərqi Avropa ölkələrində energetika və bank sistemlərinin modernləşdirilməsinə dəstək verəcək.

Fondun dirçəldilməsi barədə etdiyi çıxışda Kameron deyib ki, Avropa İttifaqının sərhədlərində etibarlı partnyorların olması, təkcə Britaniyanın təhlükəsizliyi deyil, həm də uzunmüddətli çiçəklənməsi üçün mühümdür.

Baş nazir qeyd edib ki, xüsusən də Rusiyanın apardığı təhdid siyasəti şəraitində Britaniyanın təcrübəsi regionda möhkəm sabitiliyin yaradılması istiqamətində həyata keçirilən islahatların dəstəklənməsi üçün yaxşı nümunə ola bilər.

“Şərqi Avropada inkişaf etmiş demokratiyaya malik qonşuları olmaq hamının marağındadır. Məhz buna görə də biz bu ölkələrə zəruri, lakin sərt islahahatların həyata keçirilməsində kömək etməliyik” - deyə Britaniyanın beynəlxalq inkişaf naziri Castin Grining bildirib.

Ukraynadakı böhrana səbəb bu ölkənin təsisatlarının zəifliyi, korrupsiya və bazar iqtisadiyyatının yaradılmasına keçmiş SSRİ-də Moskvanın törətdiyi əngəllər olub.

Müşahidəçilər vurğulayırar ki, bu fondun gələcək genişləndirilməsi baş nazir Kameronun Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının uzadılmasına çağırışı ilə əlaqədardır.

Son illərdə Rusiya keçmiş sovet respublikaları ilə liderlik etdiyi Avrasiya İttifaqı çərçivəsində münasibətlər qurmağa çalışır.

"Business İnsider" məcmuəsi yazır ki, Avropa İttifaqının sanksiyaları, neftin qiyməti və rublun zəifləməsi Moskvanın bu ambisiyalarını xeyli zəiflədib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.