Novruz bayramının ilk günlərində qohum-əqrəba sırasında bir neçə maraqlı adamla həmsöhbət oldum və onların, jurnalistlərin diliylə desək, ilginc və sensasion söhbətlərini dinlədim.
Söhbət manatın devalvasiyasından, yüksək mənsəbli məmurların, oliqarx adlanan vəzifə yiyələrinin malik olduğu ölçüyəglməz varidatdan və maddi sıxıntı çəkən insanlardan düşmüşdü.
Həmsöhbətlərimin içində camaatın bir-birinə “əlləri qızıldır” deyə tanıtdığı ev ustaları kateqoriyasından olan bir şəxs də vardı. O, söhbətlərə səbrlə qulaq asdı, söhbət bir oliqarxın misilsiz sərvətinə gəlincə dedi: “Görürəm ki, siz onun və o birilərinin nələrə malik olduğunu təsəvvür etmirsiniz. Çünki villalarının həyətində olub görməmisiniz. Amma mən onların bir neçəsinin evində işləmişəm, görmüşəm nələri var. Sağlıqlarına qismət. Dünya üzərində elə bir həyət-baca, ev-eşik ola bilməz”.
Adamı şirin dillə danışdırdım, bildiklərindən danışdı. Adlar da çəkdi. İndi mən o adları burda yaza bilərəm. Amma adlarını bir neçə səbəbdən yazmayacağam. Birincisi, qərəzli adamlar deyəcək ki, onsuz da həmişə onlardan yazırsınız. İkincisi, həmin villa, imarət, kaşanə oliqarxların öz adına sənədləşdirilmədiyindən onlar təkzib edəcəklər, hətta “şərəf və ləyaqətləri alçaldıldığı”na görə məhkəməyə müraciət edə bilərlər. Üçüncüsü, oxucular bu yazıda qeyd olunan sərvət və varidatına dayanaraq Azərbaycan məmurlarının ümumiləşdirilmiş obrazını təsəvvür edə bilərlər. Çünki aşağı-yuxarı hamısı bu cür varidata malikdirlər. Həm də bir-birinin bəhsinə.
Həmsöhbətimin söhbəti: “Biz o nazirin Mərdəkan tərəflərdəki villasına həyətinə əl işi görməyə getmişdik. Həyət deyəndə, bu elə belə-belə həyət deyil, ucu-bucağı görünmür. Elə bilərsən, botanika bağıdır. Hər cür meyvə ağacları, bəzək kolları var, hamısı da cərgə ilə əkilib. Hətta 40 dənə Misir palması da var. Özü də bu palmanı köklü-köməcli çıxarıb Azərbaycana 40 vaqonda gətiriblər. Hərəsi üçün bir vaqon da həmin ölkədən xüsusi torpaq gətiriblər. Bundan əvvəl həyətin torpağı təxminən iki metr dərinlikdə qazılıb çıxarılıb, yerinə Şamaxıdan “Şaqman” maşınları ilə meşə torpağı gətirilib tökülüb. Palmalar əkiləndə isə həmin torpağı da palmanın vətəni olan ölkənin torpağı ilə əvəzləyiblər. Ona görə də əkilən ağacların, gül çiçəyin hamısı tutub. Baxanda elə bilərsən nağıllar aləmindəsən. Bağbanlar üçün həyətin aşağısında xüsusi bir ev var. Onlar orda qalırlar. Oranı da villa saymaq olar. Əsas villadan onun darvazasına qədər məsafə o qədər uzaqdır ki, gələn qonağı qarşılamaq üçün mühafizə xidməti xüsusi maşınla darvazanı açmağa gedir. Bundan əvvəl qonağın kim olması görüntülü domofon vasitəsilə villanın işindəki mühafizə xidməti tərəfindən dəqiqləşdirilir. Quş quşluğu ilə ora səmt düşə bilməz. Belə villanın bir bənzəri “Kurtlar vadisi” serialındakı mafiya babası Mehmet Qaraxanlıya məxsus idi, amma onunku bizim nazirinkinin yanında Keşlədəki evlər kimi bir şeydir”.
Burası aydındır, demək, adını çəkmədiyimiz nazir həm də təbiət vurğunudur – bir halda ki, zəngin nabətat bağı yaradıb. Bəs sonra?
“Həyətdə çoxlu işçilər qaynaşır. Hamısının da öz iş-gücləri var. Sanasan sovet dövrünün iməciliyi gedir. Villanın digər bir hissəsində böyük hovuz var, onun qiyməti ən azı 200 min dollardır. Eni 30 metr olar, amma uzunu 100 metrə yaxındır. Adam fikirləşir ki, bu uzunluqda hovuz nəyə lazımdır, üzgüçülük üzrə dünya çempionatı keçirəcəksənmi, neynirsən? Həm də hovuzun dibi və divarları xüsusi zövqlə işlənmiş mozaik mənzərədən ibarətdir. Onu işləyən ustalara azı 100 min dollar ödənilib. Heç kəs bundan az qiymətə o işləri görməz”.
Soruşuram: “Siz o həyətdə delfin, timsah, şir, pələng gördünmü? Deyilənə görə, oliqarxlar villarlarının florası ilə yanaşı, faunasına da fikir verirlər”.
Həmsöhbətimin cavabı: “Yox, həmin həyətdə cins itlərdən başqa heyvan görmədim. Amma mənimlə işləyən ustalar danışırdılar ki, nazirin o biri villasında ağ Sibir canavarları görüblər. Bir də başqa bir nəfərin villasında timsah gördüklərini deyirdilər. Bəlkə də o deyilən heyvanlar nazirin villasının qonşuluğundakı, oğluna və qızına məxsus digər villalarda saxlanılır”.
Soruşuram: “Səncə, qiyməti necə olar o villanın? Satsa, neçəyə sata bilər?”
Ustanın cavabı: “Məncə, o cür cənnət guşəsini heç kim heç vaxt satmaz. Satsa belə, heç kəsin bu qədər xərc çəkilmiş, o cür bağ-bağatı villalar kompleksini almağa pulu çatmaz. Dünyanın heç bir milyarderinin bu cür evi-eşiyi ola bilməz. Olsaydı, indiyəcən televizorda göstərərdilər, İnternetdə görünərdi”.
Bəli, əziz oxucular, mən həmsöhbətimin bəhs etdiyi təfərrüatın yalnız bir qismini, bir nümunəsini yazdım. Onun təəssüratları daha zəngindir, saatlarla danışa bilər.
Bir şeyi əminliklə qeyd edə bilərəm ki, təmtəraq və təntənə həvəskarl olan Bruney sultanını belə mat qoyacaq həmin varidatın sahibi malik olduğu şeyləri halal zəhməti ilə qazanmayıb (bu, heç mümkün də deyil), oğurlayıb. Bir şeyə ümid edək ki, vaxt gələcək, həmin özəl nabətat bağı xalqa qismət olacaq.
Qeyd: Yazını müşayiət edən şəkil həmin bağdan çəkilməyib, illüstrasiyadır...
/musavat.com/