Sərkisyanın müharibə xofunun gerçək sirri – təhlil

23-03-2015, 19:58   
Sərkisyanın müharibə xofunun gerçək sirri – təhlil
Qarabağ zonasındakı eskalasiya, erməni əsgərinin özünütəslimi, İrəvanda Avropaya inteqrasiya söhbətləri və Ermənistan prezidentinin “qorxuram” anonsunun pərdəarxası...





Novruz ərəfəsi və bayram günləri Qarabağ münaqişəsi zonasında yeni eskalasiyanın özünü göstərməsi ilə yadda qaldı. Ötən il, noyabrın 12-də erməni hərbi vertolyotunun vurulmasından sonra bu, Azərbaycan tərəfinin hərbi üstünlüyünü göstərən növbəti ən ciddi insident sayıla bilər.

Budəfəki qarşıdurma zamanı çoxsaylı, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 20-dək düşmən əsgəri sıradan çıxarılıb, xeyli saydası yaralanıb. Erməni tərəfi yalnız 4 ölüm faktını təsdiqləsə də, yaralıların qat-qat çox, vəziyyətlərinin isə ağır olduğunu gizlətməyib.

Düşmən ölkə informasiya portallarında və sosial şəbəkələrdə yayılan məlumatlar, şərhlər, statuslar əsasında söyləmək olar ki, erməni tərəfi əslində bu günlər əməlli-başlı panika yaşayır. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın təcili şəkildə işğal altındakı Dağlıq Qarabağa, Xankəndinə gələrək yaralı erməni əsgərlərinə baş çəkməsi bunun əyani təsdiqidir.

İki gün öncə (martın 22-də) kontrakt əsasında qulluq edən 24 yaşlı erməni hərbi qulluqçusu Andranik Qriqoryanın könüllü şəkildə Azərbaycan tərəfə keçməsi və bu tərəfdə verdiyi ilginc açıqlamalar (“Mənasız müharibədə ölmək istəmirəm”, “Əsgər çatışmazlığı üzündən postlara mülki şəxslər yerləşdirilir” və s.) düşmənin panik ovqatda olduğunun digər parlaq təzahürü hesab edilə bilər.

*****

Təbii ki, belədə ənənəvi və məntiqi sual ortaya çıxır ki, nə baş verir, qarşıdurma ən çox kimə sərfdir?

Aydındır ki, ilk Avropa Yay Oyunlarının qapını kəsdirdiyi zamanda Azərbaycanın cəbhə xəttində geniş miqyası qarşıdurmada maraqlı ola bilməz. Rəsmi Bakı ölkəyə təşrif buyuracaq minlərlə idmançının, həmçinin, digər qonaqların təhlükəsizliyi ilə bağlı verdiyi qarantın şübhə altına düşməsini istəməz. Bu - birmənalıdır.

Demək, təxribat müəllif(lər)ini növbəti dəfə başqa ünvanda axtarmaq lazım gəlir, nəzərlər yenə də sövq-təbii Yay Oyunlarını pozmaqda maraqlı olan Ermənistana və onun 1 nömrəli müttəfiqi, bölgədə həmişə müstəqil və qarışdırıcı faktor kimi çıxış etməyi xoşlayan Rusiya amilinə yönəlir.

İstisna deyil ki, rəsmi İrəvan ölkədə son aylar iqtisadi-sosial durumun, emiqrasiyanın güclənməsi üzündən xeyli ağırlaşan daxili ictimai durumdan erməni toplumunun diqqətini yayındırmağa, tez-tez baş qaldıran etirazları səngitməyə çalışır, öz xalqını “mümkün müharibəyə görə hər cür məşəqqətə dözməliyik” məntiqinə daha güclü şəkildə inandırmaq istəyir.

Burdaca yada salaq ki, prezident Serj Sərkisyan az öncə əsas oliqarx ortağı və gələcək potensial rəqibi, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyanı müstəsna olaraq bu təhdid altında sıradan çıxararaq siyasətdən uzaqlaşdırmış, ana müxalifətə onun dəstək şanslarını sıfırlamışdı – bu partiya artıq dağılmış kimi, müxalifət isə artıq zəifləmiş durumdadır.

*****

Sözsüz ki, cəbhə xəttindəki gərginlik müəyyən mənada Sərkisyan rejiminin hakimiyyət maraqların uyğundur. Hər halda, əksər daxili iqtisadi problemləri “müharibə hədəsi” və ya “hərbi qələbənin əldən çıxacağı” təhdidi ilə xalqa izah eləmək asan və əlverişli yoldur.

Ancaq son illər Azərbaycan Silahlı Qüvvələrinin xeyli modernləşməsi, qardaş Türkiyənin hesabına daha güclü döyüş hazırlığı vəziyyətinə gətirilməsi rəsmi İrəvanın müharibə amilindən effektli spekulyasiyasını faktiki surətdə mümkünsüz edib; erməni cəmiyyəti Sərkisyana son vaxtlar çörək, iş yeri tələbi ilə yanaşı, əsgər itikləri ilə bağlı da tez-tez suallar ünvanlamaqdadır.

Ola bilsin, belə çıxılmaz durumun diktəsidir ki, İrəvan rəsmiləri axır vaxtlar “Azərbaycanı silahlandıran Rusiya” barəsində tənqidlər səsləndirməkdən çəkinmirlər. Məsələn, cəbhə xəttindəki son eskalasiyanın yaşandığı günlərdə Serj Sərkisyan İrəvandakı çıxışlarının birində Kremlin Bakıya silah satışından rahatsız olduğunu açıq formada dilə gətirərək demişdi: “Müttəfiqimiz Rusiyanın kimə silah satmasına qarışa bilmərik, ancaq səngərdə duran erməni hərbçisi dərk edəndə ki, onu Rusiya silahı ilə vurmaq istəyirlər, bu, anlaşılmazlıq yaradır. Biz bunu istəmirik”.

Bu, əlbəttə ki, Moskvaya açıq etiraz, hətta ittiham idi. Belə bir ittihamı Avrasiya Birliyinin üzvü olmasına rəğmən, Ermənistanın prezidentinin Astana sammitinə nümayişkaranə şəkildə çağırılmaması, Sərkisyanın saya salınmaması fonunda irəli sürülməsi başqa yandan maraqlı edirdi. Yəni güman ki, Ermənistan hər iki kontur-fakta (Azərbaycana silah satışı və sammitə çağırılmamaq) bu cür sərt, öz müttəfiqinə münasibətdə “icazə verilməmiş” yanaşma sərgiləyib.

Doğrudur, az sonra İrəvan rəsmiləri bu qəbildən açıqlamaların təhlükəli olduğunu cəbhədəki son itkilər fonunda anladılar. Ermənistan parlamentinin spikeri Qalust Saakyandan bir gün sonra açıqlama gəldi ki, “Rusiyanın Azərbaycana silah satmasına üçüncü ölkə heç nə deyə bilməz”. Saakyanın sözlərinə görə, “Moskva Bakıya silah satırsa, bunun İrəvana dəxli yoxdur. Üçüncü ölkə buna heç bir söz deyə bilməz”. Təhlilçilər isə hesab edir ki, spikerin sözləri əslində Sarkisyanın peşman olaraq geri çəkilməsi, onun “yanlışını düzəltmək” cəhdidir...

*****

Ən çox diqqət çəkən məqam isə, münaqişə zonasında ciddi itkilər fonunda Ermənistan rəhbərliyində ənənəvi davakar ritorikanın müşahidə edilməməsidir. Əksinə, Serj Sərkisyan bu arada Fransanın “France 24” telekanalına verdiyi müsahibədə kifayət qədər açıq şəkildə və ilk dəfə olaraq müharibə qorxusunu dilə gətirib.

Belə ki, təmas xəttindəki son gərginliklərlə bağlı sualı cavablandıran Sərkisyan geniş miqyaslı əməliyyatların hər an başlaya biləcəyini mümkün sayaraq deyib: “Qəfil insidentlər eskalasiyaya gətirə bilər. Bu, əlbəttə ki, bizi narahat edir. Ermənistan müharibədən qorxur, şəxsən mən də qorxuram”.

Belə qorxuya əsaslar isə heç vaxt olmadığı qədər realdır. Təkcə ona görə yox ki, Azərbaycan ordusu əvvəlki deyil, həm də o səbəbə ki, yeni və daha böyük müharibədən Ermənistan, onun olan-qalan iqtisadiyyatı və hakimiyyəti sadəcə, çıxmaya bilər.

Şübhə yox ki, Moskvada da bunu bilirlər. Odur ki, son eskalasiyada ayrıca Rusiya amilinin rolunu da gözardı eləmək olmaz. Kremlin Qarabağ məsələsində güddüyü hədəflər isə çoxdan bəllidir: Azərbaycan və Ermənistanı nəyin bahasına olur-olsun öz təsir dairəsində saxlamaq, onları zaman-zaman müharibə təhdidi ilə qorxutmaq, problemin həllində vazkeçilməz ölkə olduğunu Qərbə nümayiş etdirmək. Serj Sərkisyan “qorxuram” deyəndə şəksiz, həm də Kremli nəzərdə tutur, Moskvanın onu qəfil cəzalandıra biləcəyindən çıxış edir.


İnsaf tərəfi, Azərbaycan rəsmiləri, xüsusi ilə ölkənin yeni müdafiə naziri Zakir Həsənov da ermənilərin xüsusi narahatığı üçün əlindən gələni edir. Bir dəfə də yazdığımız kimi, artıq bütün zamanını döyüş bölgəsində, əsgərlərin yanında keçirən general Həsənov bu gün yayılan bəyanatında bildirib ki, düşmən işğal etdiyi torpaqlarda rahat otura bilməməli, daim qorxu içində olmalı, şəhidlərin qisası alınmalıdır. Z. Həsənov Azərbaycanın savaş və düşmən ermənilərlə bağlı barışmaz mövqeyini bu cür açıqlayıb: "Mən açıq bəyan edirəm ki, biz elə ilk zərbədə onların 70 faizini məhv edəcəyik. Bizim o qədər silah və texnikamız var ki, ermənilərə zərbə endirsək, yüz illərlə özlərinə gələ bilməyəcəklər. Nə qədər ki, gec deyil ermənilər bunu anlamalı və torpaqlarımızı könüllü surətdə tərk etməlidirlər.

Silahlı Qüvvələrimizin hər bir hərbi qulluqçusu gecə və gündüz hər fürsətdən istifadə edərək düşməni məhv etməlidir. Düşmən işğal altında olan torpaqlarımızda rahat oturmamalıdır, daim qorxu içərisində yaşamalıdır. Torpaqlarımız azad edilməli, şəhidlərin qisası alınmalıdır.

Artıq məqam yetişib. Biz qısa müddətdə torpaqlarımızı azad edəcəyik. Siz cənab Ali Baş Komandanın Novruz bayramı münasibəti ilə etdiyi çıxışı izləmisiniz. Möhtərəm prezident dedi ki, biz tarixi torpaqlarımıza qayıdacağıq. Biz İrəvana, Zəngəzura, Şuşaya, Xankəndinə qayıdacağıq. Bu mütləq olacaq və heç kim buna şübhə etməsin" .

Zakir Həsənov: “İlk zərbədə düşmənin 70 faizini məhv edəcəyik” (FOTOLAR) Yüklə

*****

Situasiyaya aidiyyəti ola biləcək daha iki maraqlı detal var. Məsələ ondadır ki, cəbhədəki son gərginlik və erməni tərəfinin böyük itkilərə tuş gəlməsi İrəvanda Avropa Birliyinin “Şərq tərəfdaşlığı” formatlarından olan “Avronest”in toplantısının keçildiyi, bundan da önəmlisi, Avropa Birliyi ilə Ermənistan arasında inteqrasiya yönündə danışıqların bərpa edildiyi, hansısa yeni assosiasiya sənədinin müzakirə olunduğu günlərə təsadüf edib.

Bu yerdə nəhayət, onu da əlavə edək ki, bir neçə gün öncə nüfuzlu amerikalı ekspertlərdən biri ABŞ-ın Rusiyaya problem yaratmaq üçün bəzi həmsərhəd postsovet ölkələrində, o sırada Ermənistanda “maydan” hazırladığını söyləmişdi...

*****

Qarabağ zonasındakı eskalasiya, erməni əsgərinin könüllü təslim olması, İrəvanda Qərbə inteqrasiya söhbətləri və Sərkisyanıln “qorxuram” mesajı... Təsadüfmü? Dəmir məntiq bunu istisna edir.

Analitik xidmət//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar