Hitlerlə bağlı iddia: Nasist sığınacağı tapıldı

26-03-2015, 09:42   

Arxeoloqlar Hitlerlə bağlı maraqlı bir iddia ortaya atıblar.

Axar.az xəbər verir ki, Argentinada – meşəlikdə gizli qalan daş tikililər tapılıb. Kəşfi həyata keçirən arxeoloqlar tikililərin İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçan nasistlərin sığınacaqları olduğunu güman edir. Əvvəllər də bu ölkənin şimalında daş tikililər aşkarlanmışdı. "Teyu Cuare" milli parkında aşkarlanan xaraba tikililərin nasistlərin sığınacağı olduğu hesab edilir.

Buones-Ayres Universitetinin arxeoloqları bu sığınacaqların bölgədəki digər strukturlardan fərqli bir şəkildə inşa edildiyini qeyd edir.

Keçən aylarda "Hitler in Brazil" adlı kitabın müəllifi Simonu Renee Querreiro Dias nasist Adolf Hitlerin müharibədə məğlub olacağını anladıqdan sonra Argentinaya, oradan da Paraqvaya qaçdığı iddiasını irəli sürmüşdü. Müəllif daha sonra Hitlerin Braziliyaya qaçdığını və 95 yaşına qədər burada yaşadığını bildirmişdi.

Arxeoloqlar bu tikililərin nə məqsədlə inşa olunduğunu tapmağa çalışır.

NTV-də verilən xəbərə görə, tikililərin aşkarlanmasından sonra Hitlerin bir müddət burada yaşaması iddiaları yenidən gündəmə gəlib.

İkinci Dünya Müharibəsi sona çatandan sonra 180-ə qədər nasist bu ölkəyə qaçıb.

Qazıntılar zamanı tikililərdə alman pulları ilə yanaşı, Almaniyada istehsal olunan çini qab hissəcikləri də tapılıb.

Xatırladaq ki, SSRİ rəhbərliyi Hitlerin arvadı Yeva Braun ilə 30 aprel 1945-ci ildə intihar etdiyini, cəsədlərinin isə yandırıldığını açıqlamışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar